Milli Şura parçalana bilər - SİYASİ ANALİZ

Əli Kərimli Rauf Arifoğlunu müxalifətdən dışlamaq istəyir

Müxalifətin böyük ümidlərlə yaratdığı Demokratik Qüvvələrin Milli Şurasının seçkidən sonra buraxılacağı barədə proqnozlar özünü doğrultmadı. Bu proqnozu Milli Şuraya zorla cəlb edilmiş qüvvələr (başda Müsavat olmaqla) daha çox səsləndirirdilər. Milli Şurada Müsavat azlıqda idi, AXCP, El, ACP, ALP və müstəqil ziyalılar 2003-cü ilin oktyabrında müxalifəti məğlubiyyətə uğratmış Müsavatı faktiki olaraq təkləmişdilər. Müsavat dəstədən geri də qala bilməzdi. O zaman AXCP-nin qara piar maşını Müsavatı "satqınlıqda", "separatçılıqda" suçlandırıb sıradan çıxara bilərdi. Bu zaman Müsavat fərqli taktika yürütdü. İsa Qəmbər Milli Şura tərəfdarı kimi çıxış etdi, Rauf Arifoğlu isə Şuranın qatı əleyhdarı kimi. Rauf Arifoğlunun bu radikallığı əslində Rüstəm İbrahimbəyov faktoru ilə bağlı idi. Qəfil siyasət meydanına atılmış bu adam  faktiki olaraq ənənəvi müxalifət liderlərini kölgədə qoymuşdu. Köhnə müxalifət bunu həzm etmədi və İbrahimbəyov vahid namizədlikdən çıxarıldı. Vahid namizədin Cəmil Həsənli olması Müsavatı qane edirdi. Onlar hesab edirdilər ki, Həsənli seçkidən sonra çəkilib gedəcək, yenə əsas fiqur onlar olacaq. Amma belə olmadı. Seçkidən 15 gün keçib, keçmiş namizəd iddialarından əl çəkməyib.  Üstəlik, AXCP Milli Şuranın buraxılmasını istəmir, əksinə qurumun güclənməsində maraqlıdır. Burada Əli Kərimli-Rauf Arifoğlu ziddiyyətləri qabarır. Rauf Arifoğlunun siyasi iddiaları olmasa da, şəxsi maraqları var. O, Əbülfəz Qurbanlı, Nadiq Ədilov  kimi adamların onu müxalifətdən dışlamasına yol vermək istəmir.  Proses isə ona aparır. Son günlər bəhs olunan İctimai Palatanın buraxılması söhbəti doğru olarsa, Milli Şura güclü quruma çevrilərsə, Rauf Arifoğlu  avtomatik olaraq müxalifətin dışında qalacaq.  Rauf Arifoğlu Koordinasiya Şurasına üzv olduğu İctimai Palatanın saxlanmasında maraqlıdır. Amma hətta dostu Pənah Hüseyn də dərk edir ki, bunu etmək mümkün olmayacaq. İP ömrünü bitirib, Milli Şura yeni dövrün müxalifət qurumu olmalıdır. Bu zaman Rauf Arifoğlunun tək yolu var: Müsavatın, İsa Qəmbərin nüfuzundan yararlanaraq Milli Şuraya daxil olmaq və orada möhkəmlənmək. Nəzəri baxımdan bu variant real görünür. Müsavat israrlı olsa, öz adamlarını Şuraya daxil edə bilər. Hər halda Rauf Arifoğlu da, Pənah Hüseyn də seçkilərdə Cəmil Həsənlinin vəkili olublar. Bu fakt onlar üçün müəyyən dividentlər yaradır. Amma məsələ burasındadır ki, Əbülfəz Qurbanlı, Natiq Ədilov, Elnur Astanbəyli kimi radikallar nə zamandı  Rauf Arifoğlu və Pənah Hüseynin üzərindən qələm çəkiblər. AXCP sədri Əli Kərimlidən dəstək alan bu adamlar Arifoğlu ilə Hüseyni Milli Şuraya buraxmayacaqlar. Əslində MŞ-a "rus projesi" demiş adamların o quruma daxil olması da özləri üçün psixoloji problem yaradacaq. Amma başqa yol da yoxdur.

Maraqlıdır ki, Müsavat başqanı İsa Qəmbər də  adamlarını Milli Şuraya daxil etmək həvəsində görünmür. Başqanlıqdan getməyə hazırlaşan İsa Qəmbər radikal müxalifətlə razılaşmaq yolunda qalacaq. Başqan AXCP-nin Arifoğluna qarşı manevrinə göz yumsa, təbliğat ruporundan məhrum qalacaq. Ümumiyyətlə, Arifoğlunun müxalifətdən dışlanması düşərgənin zərərinə olacaq.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00