Milli QHT Forumu Balakən və Zaqatalada

Azərbaycan Milli QHT Forumu tərəfindən həyata keçirilən "2013-cü il ərzində regionlarda sağlamlıq imkanları məhdud insanların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işinin təşkili" layihəsi çərçivəsində növbəti tədbirlər Zaqatala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində və Balakən rayon Qullar kənd bələdiyyəsində keçirildi.

Tədbirdə MQF-nin Zaqatala rayon koordinatoru Asif Bayramov, Zaqatala rayon ƏSMM-nin əməkdaşı,  MQF Balakən rayon koordinatoru Nəsibə Hudulova, Balakən rayon ƏSMM-nin əməkdaşı, QHT nümayəndələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan MQF-nin prezidenti Rauf Zeyni MQF haqqında, QHT-lərin inkişafı, vətəndaş cəmiyyətinə dövlət dəstəyi, QHT-hökumət münasibətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstək verdiyi layihələr, regionlarda əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə qayğı mərkəzlərinin yaradılması haqqında ətraflı məlumat verdi.
Daha sonra layihə haqqında iştirakçıları məlumatlandırdı. Qeyd etdi ki, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək, həmçinin onların ləyaqətinə hörmət edilməsini təmin etmək və eyni zamanda, əlillərin hüquqları barədə əhalinin məlumatlılığının artırılması, əlillərə hüquqi xidmətin göstərilməsi və onların hüquqlarının qorunmasını təşkil etməkdir. R.Zeyni əlilliklə bağlı dövlət siyasətinin həyata keçirilməsi, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, dövlət tərəfindən əlillərə göstərilən qayğı və s.barədə fikirlərini bildirdi.
Tədbirdə iştirak edən Qarabağ əlilləri əlillərə verilən dəstəyə, göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi və bu kimi işlərin daha da genişləndirilməsinin vacibliyini vurğuladılar. Bəzi Qarabağ əlillərinin hələ də əlillik statusu  ala bilmədiklərini qeyd etdilər.
Tədbirdən sonra iştirakçılar layihə heyətinə müraciət etdi, müvafiq məsləhətlər verildi. Layihə çərçivəsində çap olunan braşuralar paylanıldı.
Qeyd edək ki, Milli QHT Forumu tərəfindən "2013-cü il ərzində regionlarda sağlamlıq imkanları məhdud insanların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işinin təşkili" layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə  bu ilin sonunadək həyata keçiriləcəkdir. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00