“Müsavatın qərargahına 5-6 arvad yığıb əllərinə dəsmal verib ağlasınlar ” - AÇIQLAMA
Cümşüd Nuriyev: “Cəmil Həsənlidənsə, İsa Qəmbərin başqan statusunda qalması daha yaxşıdır”
24 Oktyabr 2013 15:39 Siyasət"İsa Qəmbər Müsavat Partiyasının keçiriləcək növbəti qurultayında istefa verəcək. Çünki İsa Qəmbər kifayət qədər təcrübəsi olan siyasətçidir. 9 oktyabr Prezident seçkisi Azərbaycan müxalifətini bitirdi" - "OLAYLAR" açıqlama verən politoloq Cümşüd Nuriyev belə deyib. C.Nuriyev bildirib ki, Müsavat seçkilərdə iştirak üçün İsa Qəmbərin namizədliyini irəli sürdü. Lakin Milli Şura ABŞ-ın təkidindən sonra Cəmil Həsənlinin namizədliyilə başqanı seçkidən uzaqlaşdırdı. Bu isə İsa Qəmbərin 20 illik uğursuzluğunu kompensasiya etmək üçün əlavə stimul verdi. Politoloq hesab edir ki, artıq Müsavat partiyasına yeni nəfəs lazımdır. 21 ildir İsa Qəmbər partiyanın başqanıdır, həmin dövr ərzində İsa Qəmbər müxalifətin müxtəlif ittihamları ilə üzləşib və başqan həmin ittihamlara istefa verməklə son qoymalıdır: "Seçkilərdəki növbəti uğursuzluqlardan sonra müxalifət liderlərinin hamısı partiyalardan getməlidir. Digər tərəfdən həmin müxalifət başçılar keçirilən bütün seçkilərdə davamlı birlik ortaya qoya bilmirlər. Parlamentdə oturmaq, maliyyə problemlərini həll etmək, qohum əqrəbalaını işlə təmin etmək üçün bu gün müxalifət liderləri bir qurum altına birləşmək istəmirlər. Buna görə təkcə İsa Qəmbər yox, Hacıbaba Əzimov, İlyas İsmayılov və başqaları da istefa verməlidirlər. Sərdar Cəlaloğlu nümunəsi onlar üçün örnək olmalıdır". Cümşüd Nuriyev istefaya gedəcək İsa Qəmbərin əvəzinə Milli Şuranın keçmiş prezidentliyə namizədi Cəmil Həsənlinin gətiriləcəyi ilə bağlı məsələyə də münasibət bildirib. Politoloq qeyd edib ki, Cəmil Həsənlini Müsavat başqanı gətirməkdənsə, İsa Qəmbər yerində qalsa yaxşıdır. C.Nuriyev hesab edir ki, ondansa, indidən Müsavatın qərargahına 5-6 arvad yığıb əllərinə dəsmal versinlər ki, müxalifətin gününə ağlasın: "Çünki Cəmil Həsənli ilə bağlı çox ciddi ittihamlar gündəmə gəlib. Cəmil Həsənli ilk növbədə tələbə vaxtı Avstriyada həbs olunması, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əlinə keçməsi və Kənal Gülerin bir nömrəli agenti olması məsələlərinə aydınlıq gətirməlidir. Əgər bu adam Mərkəzi Kəşfiyyat İdarəsinin agenti statusundadırsa, onun Müsavat başqanı vəzifəsinə gətirilməsi Azərbaycan müxalifətinin tamamilə məhvi deməkdir. İsa Qəmbərin yerinə ən yaxşı namizədlər Arif Hacılı və Rauf Arifoğludur. Cəmil Həsənlinin Müsavat başqanı olması Məmməd Əmin Rəsulzadə adına ən böyük xəyanətdir". ("OLAYLAR" İA)