Zahid Oruc parlamentdə keçmiş sədrindən aralı oturdu
22 Oktyabr 2013 17:31 SiyasətPrezidentliyə sabiq namizəd, millət vəkili Zahid Oruc siyasi partiya və ya təşkilat yaratmaq fikrində deyil. Bu barədə məlumat verən Z.Oruc deyib ki, hazırda hansısa siyasi partiya, hərəkat və ya beyin mərkəzi yaratmaq niyyəti yoxdur və belə bir fəaliyyət içərisində deyil: "İndi və yaxın gələcəkdə heç bir siyasi beyin mərkəzi və ya qurum yaratmaq niyyətim yoxdur və istiqamətdə heç bir iş görmürəm". Z.Oruc Milli Məclisin oktyabrın 22-də keçirilən iclasında prezidentliyə namizəd olana qədər üzvü olduğu Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə bir yerdə əyləşməməsi məsələsinə də toxunub. O deyib ki, F.Ağamalı ilə aralarında bu günə qədər yaşanan münasibətlər hər kəsə aydındır və bu səbəbdən də AVP sədri ilə yanaşı oturmamasında qaranlıq məqam olmamalıdır: "Bununla belə, mən keçmiş partiyadaşımla bağlı hər hansı neqativ bir şey söyləmək fikrində olmadığımı bir daha bəyan etmək istəyirəm". F.Ağamalı ilə küsülü olub-olmadığını barədə suala da cavab verən Z.Oruc deyib ki, bu bir qədər şəxsi məsələ olduğu üçün buna aydınlıq gətirmək fikrindən uzaqdır.