Orxan Zeynalov məsələsi parlamentdə müzakirə olundu

Oqtay Əsədov: “Məsələ ilə bağlı həm parlament səviyyəsində, həm də dostluq qrupları arasında danışıqlar gedir”

Milli Məclisin oktyabrın 22-də keçirilən iclasında millət vəkilləri İlham Əliyevi yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik ediblər. Sonra dövlət başçısının Artur Rəsizadənin yenidən baş nazir təyin edilməsi ilə bağlı Milli Məclisə göndərdiyi təqdimata baxılıb. Deputatlar A. Rəsizadəni yenidən baş naziri təsdiq ediblər. Ardınca millət vəkilləri gündəlikdəki qanun layihələrinin müzakirəsini aparıblar. Öncə "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirə edilib. Layihə barədə MM-in beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib. Müzakirələr zamanı millət vəkili Sabir Rüstəmxanlı qeyd edib ki, təqdim olunan sənəd ciddi sənəddir: "Türk birliyinin günü-gündən güclənməsi yaxşı haldır. Şərqdə Çin var, Çimalda Rusiya, Cənubda İran var. Ortada isə türk xalqı. Vaxtı ilə "amandır, bir araya gəlməyin, nə türk" deyənlər artıq bunun vacibliyini anlayırlar. Vaxtı ilə Türkmənistanda Qarabağ məsələsi deyən insanları qovurdular. Yaxşı haldır ki, indi bu dövlətin başçısı Qarabağdan danışır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir". Rusiyada baş verən hadisələrə toxunan millət vəkili qeyd edib ki, şimal qonşumuzda soydaşlarımıza divan tutulur və parlament susur: "Biz bu məsələni müzakirə etməliyik. Dünyanın heç yerində mühacirlərə belə münasibət yoxdur. Milli Məclis bu məsələdə diplomatik addımlar atmalıdır. Bəzi məmurlarımız isə bizi Rusiya bataqlığına çəkir. Bəzi məmurlar deyir ki, Avropa bizə nə verib? Belə danışmaq olmaz. Avropa dövlətimizin müstəqilliyini tanıyıb. Deyir cəmiyyətini qur, insan haqlarını qoru. Avropa nümunə göstərir. Biz niyə bundan qorxuruq? Dünyanı özümüzə düşmən etməliyik? Bəzi məmurlar belə naşı danışmamalıdır. Ya bu adamlar yerində deyil, ya da özlərini apara bilmirlər. İstərdim ki, Rusiyada baş verənlər müzakirə edilsin və nə lazımdırsa, biz o addımı ataq". Deputat daha sonra sabiq deputatların pensiya məsələsindən danışıb: "Mən hesab edirəm ki, millət vəkili olan şəxslər arasında fərq qoymaq olmaz. Daha bir məsələdə ölkənin müstəqilliyinə səs verən deputatlarla bağlıdır. Onlar da deputat kimi təqaüd ala bilmirlər. Deputat olmuş şəxslər bunun üçün məhkəməyə müraciət edirlər, amma nəticəsi olmur. Xahiş edirəm bu məsələni də nəzarətə götürəsiniz". Oqtay Əsədov isə bildirib ki, məsələ haqda məlumatlıdır, problemin hüquqi həllinin mexanizmi yoxdur: "İndi baxıb görərik məsələni necə həll etmək olar".

Deputat Fəttah Heydərov da çıxışı zamanı türkdilli dövlətlərin zirvə toplantısının Qəbələdə keçirilməsini, mühüm sənədlərin qəbul olunmasını əhəmiyyətli hadisə adlandırıb: "Sevinirəm ki, bu mötəbər tədbir məhz mənim deputat olduğum rayondan keçirilib. Naxçıvanda keçirilən zirvə toplantısında dörd dövlət iştirak etdi. İnanıram ki, yaxın dövrdə digər türk dövlətləri də Türk dilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv olacaqlar. Bu da dünyada sülhün, əmin-amanlığın təmin edilməsində öz rolunu oynayacaq".

Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, sözügedən sənəddə türk dövlətlərinin ortaq tarix dərsliklərinin hazırlanması məsələsi əksini tapıb. Lakin indiyə qədər bu məsələ həllini tapmayıb. Xanım deputat daha sonra deyib ki, Orxan Zeynalovun adı ətrafında Rusiyanın bəzi siyasətçilərinin, xüsusilə mediasının hərəkətləri insanları üzdü: "Odur ki, biz Rusiyadakı həmkarlarımızı dəvət edirik ki, açıqlamalarında ehtiyatlı olsunlar. Sabah irqçilik təfəkkürü üzərində söylənilən sözlər Rusiyaya zərər vura bilər. Odur ki, Rusiya siyasətçilərinə, mətbuatına səslənirik ki, belə hadisələr hər yerdə olur, amma belə çağırışlar etmək lazım deyil. Bu iki ölkə arasında münasibətlərə pis təsir edər". Spiker Oqtay Əsədov isə deyib ki, bu məsələ ilə bağlı həm parlament səviyyəsində, həm də dostluq qrupları arasında danışıqlar gedir.

Məhkəmə-Huquq Şurası haqda qanuna dəyişiklik barədə məlumat verən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, bir il əvvəl "Məhkəmələr və hakimlər" haqqında qanuna dəyişiklik olunub: "Dəyişikliyin mahiyyəti ondan ibarət idi ki, tədris prosesinə hakimliyə sənədlərinmi təqdim edən, habelə tədris zamanı hakimlərin öz razılığı ilə onların ezam olunması üçün hüquqi əsas yaradır. Eyni zamanda, işin təşkili vəziyyətinin yoxlanılması prosesində digər hakimiyyət orqanlarının müdaxiləsi olmasın deyə hakimlərin öz razılığı ilə iki il ezam olunmasını qəbul etdik. Artıq "Məhkəmələr və hakimlər" haqqında qanuna salınan bu məsələlərin Məhkəmə-Hüquq Şurası haqqında qanuna köçürülməsinə ehtiyac var. Çünki bunu həyata keçirmək Məhkəmə-Hüquq Şurasına səlahiyyətlərinə aiddir". Deputat Qdrət Həsənquliyev isə dəyişikliyə ciddi şəkildə etiraz edib: "Biz hansı əsasla hakimi öz fəaliyyətindən iki il müddətinə kənarlaşdırıb deryirik ki, get işini təkmilləşdirmə sahəsində davam etdir. Əslində hakimin hansı hallarda vəzifəsindən kənarlaşdırılması Konstitusiyada açıq göstərilib. Biz hamımız bilirik ki, şəxslər hakim olmaq üçün imtahan verirlər, buna ciddi hazırlaşırlar. Hakim məhkəmədə iş aparmalıdır, gedib hansısa sahədə yoxlama aparmamalıdır. Məhkəmə Hüquq Şurada hakimlərin orqanıdır. Bu qurumda prokurorların, vəkillərin təmsil olunması da qanunsuzdur. Hesab edirəm ki, bu dəyişiklik Konstitusiyaya ziddir".

YAP-dan olan deputat Siyavuş Novruzov isə deyib ki, burada söhbət hakimlərin pedoqoji fəaliyyətə cəlb edilməsindən gedir və bu müsbət haldır: "Hakimlərin seçilməsi prosesi şəffaf gedir. Ayrı-ayrı beynəlxalq qurumlar onlara dərs keçir. Eləki hakimlər gedib çatırlar məhkəməyə,  keçirlər qoca qurdların əlinə. Onlara elə dərs keçirlər ki, Məhkəmə Hüquq Şurasının keçdiyi dərs yaddan çıxır. Biz burada onların seçilən zaman görmüşük, özlərini imam balası kimi aparırlar. Elə ki, vəzifəyə keçdilər düşürlər vətəndaşların canına". İkinci problem isə məhkəmə qərarların icrası məsələsinə aiddir. Bu da lap BMT-nin qəbul etdiyi qətnamələrinə oxşayır. Burda da məhkəmə qərarının icrası sərf eləmədi deyir icra edə bilmirəm. Elə ki, yanından keçirsən, dərhal icra edilər. Fikrimcə, Məhkəmə Hüquq Şurası bu məsələyə də diqqət etməlidir. Mən ordakı insanları insaflı olmağa çağırıram, insafı birinci yerə qoyun".

 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00