Elman Abdullayev: "Orxan Zeynalovun kameralar qarşısında döyülməsi..."
21 Oktyabr 2013 12:50 SiyasətElman Abdullayev "Kəpəz" TV-yə Rusiyadakı hadisələrdən sonra ölkələrimiz arasındakı münasibətlərdən danışıb
- Elman müəllim, bildiyimiz kimi Rusiyada baş vermiş cinayət hadisəsindən sonra Azərbaycanla Rusiya arasında gərgin günlər yaşanır. Azərbaycanın bu hadisədən sonra tutduğu mövqe necə oldu və hansı addımlar atıldı?
- Birincisi, bildiyiniz kimi, Azərbaycanın Moskvadakı səfirliyi müvafiq adekvat reaksiyasını notanı təqdim etməklə nümayiş etdirdi. Azərbaycanın Moskvadakı səfirliyi tərəfindən Rusiyadakı Xarici İşlər Nazirliyinə 16 okyabr tarixində nota təqdim olundu.
Notada birinci kobud şəkildə nümayişkarcasına Orxan Zeynalovun saxlanılması prosesinin KİV-lərdə qabardılması ilə bağlı Azərbaycan tərəfinin təəssüfü bildirildi, eyni zamanda məhkəmənin qərarı olmadan onun bir cinayətkar, qatil olaraq qiymətləndirilməsinin Azərbaycan tərəfində təəssüf doğurması barədə məlumat verildi, Rusiya Federasiyasının diqqətinə Azərbaycanın mövqeyi çatdırıldı. İkincisi isə, təqsirsizlik prezumpsiyası mövcuddur. Təbii ki, belə halda təqsirsizlik prezumpsiyası ciddi şəkildə pozulur. Yenə də qeyd etmək istəyirəm ki, burada bir nümayiş var idi, hadisənin KİV-lərdə xüsusi olaraq qabardılması cəhdi var idi. Bu təbii ki, Azərbaycan tərəfi üçün qəbuledilməzdir. Digər tərəfdən də Azərbaycanın Moskvadakı səfirliyinin notasında Yeqor Şerbakovun yaxınlarına və ailə üzvlərinə başsağlığı da bildirildi. Bu məsələdə isə məhkəmə qərarının qəbulunadək hər bir şəxsin təqsirsizlik prezumpsiyası yerinə yetirilməlidir.
- Rusiya hökumətinin bu məsələdən sonra verdiyi reaksiya necə oldu və Azərbaycanın notasına rəsmi mövqe bildirildimi?
- Rusiya tərəfin mövqeyində bildirilir ki, bu, qanun çərçivəsində olubdur. Ancaq təbii ki, bir şəxsin nümayişkarcasına KİV-lər, kameralar qarşısında döyülməsinin nə dərəcədə qanun çərçivəsində olması şübhə doğurur. Rusiyanın özünün cinayət-prosessual məcəlləsində də təqsirsizlik prezumpsiyasından söhbət aparılır. Təqsirsizlik prezumpsiyası prinsipi bütün millətlər üçün eynidir. Ona görə də bu şəxsin məhkəmənin qərarı olmadan bir tərəfdən döyülməsi, bir tərəfdən də qatil göstərilməsi Azərbaycan tərəfində təəssüf doğurdu və Azərbaycan tərəfi öz notasını təqdim etdi. Bu vəziyyət nəinki Azərbaycan tərəfindən, bütün dünya ictimaiyyəti və ilk növbədə elə Rusiyanın öz ictimaiyyəti tərəfindən təəssüf doğurdu. Rusiya tərəfi bizim notaya cavab verməyib, ancaq dünən onlar mətbuat konfransı keçirdilər və bu məsələlər mətbuat konfransında səsləndirildi.
- Ümumiyyətlə, məişət zəminində baş vermiş hadisənin həm KİV, həm də ictimaiyyət tərəfindən bu qədər şişirdilməsinin arxasında başqa nüanslar dayanırmı?
- Biz bunu notamızda da vurğuladıq ki, məişət zəminində baş vermiş hadisəyə millilik donu geyindirilməsi Azərbaycan tərəfi üçün yolverilməzdir, digər tərəfdən isə biz bu məsələnin siyasiləşdirilməsinin əleyhinəyik. Biz dəfələrlə bildirmişik ki, Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir, iki ölkə arasında strateji münasibətlər var, əməkdaşlığımız günbəgün genişlənməkdədir və unutmaq olmaz ki, Rusiyada da bunu yaxşı dərk edirlər ki, bu gün regionun ən güclü dövləti, regionun lideri və təbii ki, əməkdaşlığın genişləndirilməsi üçün real potensiala malik olan ölkə Azərbaycandır. Bunu Rusiyada da, regionda da, ümumiyyətlə bütün dünyada dərk edirlər ki, regionun ən böyük iqtisadi potensiala malik, regionun iqtisadiyyatının 80%-dən çoxuna malik olan ölkə Azərbaycandır. Və təbii ki, Azərbaycanla əməkdaşlıq bu ölkələr üçün istər-istəməz bir strateji xətt təşkil edir. Çünki beynəlxalq münasibətlər sistemində daimi maraqlar məsələsi hər zaman diqqət mərkəzində olubdur. Və yenə də qeyd etmək istərdim ki, bu gün regionun inkişafında öz töhfəsini verən ölkə Azərbaycandır.
- Siz qeyd etdiniz ki, Azərbaycan regionda müstəqil siyasət yeridir və bu siyasət hansısa qonşu ölkələri qıcıqlandırır. Sizcə, Rusiyanın məişət zəminində baş vermiş bu hadisəyə verdiyi reaksiya Azərbaycanın regiondakı müstəqil siyasətinin nəticəsidirmi?
- Səfirimiz də çox aydın şəkildə bildirdi ki, Moskva kosmopolit, böyük bir şəhərdir. Və bu şəhərdə bu cür məişət zəminində hadisələr hər gün, hətta gündə bir neçə dəfə baş verir. Ona görə də biz bu cür məişət zəminində baş vermiş hadisələrin şişirdilməsinin, siyasi rəngin verilməsinin tamamilə əleyhinəyik. Azərbaycanla Rusiya arasındakı əməkdaşlıq hər iki tərəf üçün əlverişli sayılır. Yəni bu, qarşılıqlı yararlanmadır. O ki qaldı kimlərdəsə Azərbaycanın inkişafının qıcıq doğurması, Azərbaycan hər zaman öz xarici siyasətinin həyata keçirilməsində praqmatikliyə çox böyük önəm veribdir. Bizim üçün praqmatiklik hər iki tərəfin yararlanması, regionun yararlanması, xalqların bundan yararlanması deməkdir. Biz hər zaman bildirmişik ki, biz hansısa məsələdə Rusiya ilə rəqabət aparmırıq. Biz hər zaman tərəfdaşlarımızın yararlanmasının səbəbkarı olmuşuq. Və ona görə də bu gün Azərbaycanın inkişafına qıcıqla deyil, sevinclə yanaşmaq lazımdır, çünki bizim inkişafımız onlara da müsbət təsir edir. Ona görə də biz bu gün heç bir dövlətlə rəqabət aparmırıq. Hər bir ölkənin öz yanaşması və hədəfləri var. Bizim strateji yanaşmamız regionda qonşuluq münasibətlərinin qorunub saxlanmasıdır. Çünki qonşuluq münasibətləri bütövlükdə regionun inkişafına təkan verəcəkdir.
Ermənistan istisna olmaqla Azərbaycan hazırda bütün qonşuları ilə qarşılıqlı və faydalı şəkildə mehriban qonşuluq münasibətlərini inkişaf etdirməkdədir. Bu birmənali şəkildə ilk növbədə region xalqlarının firavanlığına və rifahının artırılmasına yönəlib. Ona görə də Azərbaycan strategiyasını məhz bu cür qurub.
Artıq qonşularımızın bir çoxlarında praqmatizmin mövcudluğu duyulur və onların Azərbaycanın inkişafından yararlanma meylləri də müşahidə olunur. Ona görə də gücümüz ölkələrdə rəqabətə yox, xalqların rafahının yaxşılaşdırılmasına yönəldilməlidir. Və ona görə də məişət zəminində baş vermiş hadisəni siyasiləşdirmək və ona hansısa milli don geyindirmək Azərbaycan tərəfinin haqlı narazılığına səbəb oldu, çünki Azərbaycan hər zaman məişət zəminində baş vermiş hadisələrə müvafiq adekvat reaksiyanın verilməsinin tərəfdarı olubdur, təbii ki, qanun çərçivəsində. Biz də dünənki mətbuat konfransında onu bildirdik ki, biz bu məsələnin qanun çərçivəsində həllinin tərəfdarıyıq və yaranmış mövcud durumla bağlı narazılığımızı bildirdik.
- Orxan Zeynalovun hüquqlarının qorunması istiqamətində hansı addımlar atılıb? Və onun vəkillə və tərcüməçi ilə təmin edilməsi istiqamətində danışıqlar aparılırmı?
- Biz notada da Rusiyadan ilk növbədə onunla görüşün təcili şəkildə təşkilini istədik. Və mətbuat konfransında da bütün hallarda Azərbaycan vətəndaşının hüquqlarının müdafiəsi üçün hüquqi və konsulluq yardımını təqdim edibdir. Biz də hər zaman Azərbaycan vətəndaşının yanında olmuşuq, hər zaman hüquqi dəstək etmişik və konsulluq dəstəyimizi əsirgəməmişik. Yenə də bildirirəm ki, yerindən asılı olmayaraq Azərbaycan vətəndaşının qayğıları Azərbaycanın xaricdəki diplomatik nümayəndələri üçün bir nömrəli prioritetdir.
- Bu hadisədən sonra Azərbaycanla Rusiya arasındakı münasibətlər necə olacaq və hər hansı bir problem yaşana bilərmi?
- Məişət zəminində baş vermiş bu məsələ heç cür siyasiləşdirilməməlidir. Qeyd etdiyim kimi, Azərbaycanla Rusiya arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. Belə desək, regionun inkişafı üçün biz bir-birimizə lazımıq.