Milli QHT Forumu bəyanat yaydı

"Azərbaycan Milli QHT Forumu olaraq Moskva sakini Yeqor Şerbakovun qətlə yetirilməsindən təəssüf hissi keçiririk. İnanırıq ki, Rusiya Federasiyası hüquq-mühafizə orqanları qətlin kim tərəfindən törədildiyini obyektiv olaraq araşdıracaq və qatil öz layiqli cəzasını alacaqdır". Bu fikirlər Milli Qeyri-Hökumət Təşkilatları Forumunun yaymış olduğu bəyanatda öz əksini tapıb. "OLAYLAR"-a daxil olan bəyanatda qeyd edilir ki,  dünyada hər gün şəxsi zəmində bu cür cinayət hadisələri baş verir və bunu ayrı-ayrı millətlərə qarşı çevirmək, hər hansısa bir millətə qarşı ayrı-seçkilik yaratmaq, günahı sübut olunmadan bir insanı təhqir etmək yolverilməz haldır: "Rusiya hüquq-mühafizə orqanlarının və skinxedlərin azərbaycanlılara qarşı milli ayrı-seçkilik niyyəti ilə etdiyi vəhşilik qətiyyətlə pislənilməlidir. Cinayətkarın milliyəti olmur. Milliyyətindən asılı olmayaraq hər hansı bir şəxs cinayət törətməkdə şübhəli bilinirsə, həmin şəxsin cinayəti qanunun tələblərinə uyğun olaraq sübuta yetirilməlidir və cəzasını lazımi şəkildə çəkməlidir. Bir şəxsə görə bütün insanların cəzalandırılması heç bir normalara uyğun deyildir.  Milli QHT Forumu hesab edir ki, Rusiya Federasiyasında baş verən son olaylar siyasi xarakter daşıyır və bu ölkələrimiz arasında münasibətləri pozmaq cəhdi kimi qiymətləndirilə bilər: "Bu situasiyada Rusiya Federasiya rəhbərliyini beynəlxalq hüquq normalarına hörmət etməyə və Rusiyada yaşayan həmvətənlərimizi təmkinli olmağa, hər hansısa bir təxribat xarakterli məsələlərə qoşulmamağa çağırırıq"!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00