Milli Şuranın özünüxilas texnologiyası

Yeni texnologiya icazəsiz aksiyaların keçirilməsinə yönəlib

Azərbaycanda 9 oktyabr tarixində keçirilən prezident seçkilərinin uğurla başa çatmasına baxmayaraq seçkilərə qatılmış Milli Şura adlanan qurum iddialarından əl çəkmək fikrində deyil. Milli Şuranın seçkilərin nəticələrinin şübhə altına alacağı hələ seçkilərdən öncə bəlli idi və seçkilərdən dərhal sonra özünü büruzə verdi. Heç bir məntiqə, fakta söykənməyən açıqlamalarla ictimaiyyəti çaşdırmağa cəhd edən MŞ beynəlxalq müşahidəçilərə də danos verməkdən çəkinmədi. Əslində MŞ-nın Azərbaycana münasibətdə qərəzli mövqedə olan beynəlxalq təşkilatlara danos verməsi başadüşüləndir, çünki qurumun fəaliyyət planı elə həmin təşkilatlar tərəfindən çızılır. Lakin edilən bütün cəhdlərin uğursuz alındığını görən Milli Şura sudan quru çıxmaq üçün artıq şər və böhtan kampaniyasına start verib. Belə böhtan kampaniyalarından biri də qurumun guya aksiya keçirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməsilə bağlıdır. Milli Şuranın yaydığı məlumatda iddia edilir ki, qurum oktyabrın 20-də aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. MŞ bir az da irəli gedərək müraciətin mətnini yayıb. Və elan edib ki, məsələ ilə bağlı konkret qərar MŞ-nın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli Avropa "turnesindən" qayıtdıqdan sonra qəbul ediləcək. Cəmil Həsənli isə MŞ-nın heç bir qərarı olmadan bəyan edib ki, əgər sözügedən stadionda mitinq keçirilməsinə icazə verilməsə, MŞ aksiyanı şəhərin mərkəzindəki Fəvvarələr Meydanında təşkil edəcək. MŞ təmsilçiləri açıqlamalarında bildiriblər ki, aksiya keçirilməsi üçün müraciəti BŞİH-ə poçt vasitəsilə göndəriblər və əllərində "qəbzləri" var. Ancaq proseslərin gedişi deməyə əsas verir ki, müxalifətin fikri aksiya keçirmək yox, nəyin bahasına olursa-olsun qarşıdurma yaratmaqdır. Məlumat üçün qeyd edək ki, müxalifətin aksiya keçirmək istəyi ilə bağlı məlumat yayıldıqdan sonra BŞİH-nin məsul şəxsi iki dəfə mətbuata aşıqlama verib ki, onlara bununla bağlı hər hansı müraciət daxil olmayıb. Belə halda, sual doğulur, əgər MŞ-nın niyyəti doğrudan da aksiya keçirmək idisə, nədən məsələni araşdırıb axırına çıxmır, yaxud müraciəti şəxsən təqdim etməkdən çəkinir. Axı onların müraciətin bu formada təqdim edilməsi praktikası olub və müvafiq cavab alınıb. Hətta qaneedici cavab olmadıqda belə dövlət qurumu ilə danışıqlar da aparılıb. Yeri gəlmişkən, seçkidən sonra Milli Şura seçkilərin nəticələrinə etiraz aksiyası keçirib və bunun üçün dövlət qurumları tərəfindən lazımi şərait yaradılıb. Təkcə bu fakt qətiyyətlə deməyə əsas verir ki, Milli Şuranın aksiya keçirmək barədə BŞİH-nə heç bir müraciəti olmayıb. "Əllərində qəbzin olması" barədə aşıqlama isə gələcək məhkəmə prosesinə hesablanmış addımdan başqa bir şey deyil. Bu yerdə şəkililərin bir lətifəsi yada düşür "sən bir bilet al, sonra Allahdan biletinin uduşa düşməsini xahiş elə".

Digər tərəfdən, MŞ-nın yaydığı mətndə açıq-aşkar göstərilir ki, Cəmil Həsənlinin seçkilərin nəticələri ilə əlaqədar seçicilərlə görüşü keçiriləcək. Hələ C.Həsənlinin Avropadan Azərbaycana nə vaxt dönəcəyi barədə dəqiq məlumat olmadığı halda aksiyanın oktyabrın 20-nə təyin edilməsi nə dərəcədə məntiqlidir? Proseslərin gedişi onu göstərir ki, C.Həsənli hələ də amerikalı texnoloqların tövsiyyələrinə əməl etməkdə israrlıdır. Xatırladaq ki, hələ seçkilər ərəfəsində C.Həsənliyə tövsiyyə olunmuşdu ki, teledebatlarda, müsahibələrində, mitinqlərdə hədəf birbaşa dövlət başçısı seçilsin. Bununla hesab edilirdi ki, Həsənlinin ünvanlı çıxışları bir tərəfdən onun haqqında cəsarətli siyasətçi imiçinin yaranmasına səbəb olacaq, digər tərəfdən isə cəmiyyətin dövlət başçısına qarşı total hücumuna rəvac verəcək. Lakin bununla C.Həsənli ozünü gözdən salmış oldu, təhqiramiz ritorikası isə nəticəsiz qaldı. İndi eyni polittexnoloqlar yenidən tövsiyyə edirlər ki, müxalifətin seçkinin nəticələri ilə sakitcə barışması müxalif elektoratda ruh düşgünlüyünə, müğənnilərin təbirincə desək, depresiyaya səbəb ola bilər. Bunun nəticəsi olaraq elektoratın Milli Şura başçılarına inamı itəcək, insanlar onlardan üz döndərəcək. Belə vəziyyət sonrakı mərhələdə qurumda qarşılıqlı ittihamlara səbəb olacaq. Bunun baş verməməsi üçün MŞ aksiyaları dayandırmamalı, adam toplaya bilmirsə mitinq görüntüsü yaratmaqla qarşıdurmaya getməlidir. Əslində isə Milli Şura prezident seçkilərindən sonra sözün həqiqi mənasında iflasa uğrayıb. Nəinki sadə vətəndaşlar, hətta qurumun üzvləri ümidlərini itirərək MŞ-dan uzaqlaşıblar. Seçkini izləyən müxalifət partiyaların müşahidəçiləri seçkinin nəticələrinə təsir edə biləcək qanun pozuntusu ilə üzləşmədiklərini etiraf ediblər, keçmiş namizədlər qələbə münasibətilə prezidenti təbrik ediblər. Belə halda, mitinqin keçirilməsi nəyə və kimə lazımdır? O ki qaldı Cəmil Həsənlinin lazım gələrsə, Milli Şuranın şəhərin mərkəzində icazəsiz aksiya keçirəcəyi barədə açıqlamasına , etiraf edilməlidir ki, bu açıqlama birbaşa təxribat, qarşıdurma yaratmaq məqsədi daşıyır. C.Həsənli bununla radikal müxalifətçiləri qanunazidd əməllərə təhrik edir, iştimai asayişi təmin edəcək hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma yaratmağa meyilli olduğunu göstərir. Ancaq baş verənlər deməyə əsas verir ki, Milli Şura mütəmadi mitinq taktikasından yararlanmaq istəyindədir. Bununla qurum özünü istefalar dalğasından qorumaq, mövcudluğunu saxlamaq niyyətindədir. Bunun ən asan yolu isə qarşıdurma yaratmaqla guya Azərbaycanda sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması görüntüsü yaratmaqdan keçir.

 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00