“Xarici təşkilatların verdiyi qərarlar Azərbaycan üçün hökm deyil”
Mübariz Qurbanlı: “Müxalifətin radikal qanadı bu seçkilərdə tam iflasa uğradı”
18 Oktyabr 2013 16:47 Siyasət"Onların cəmiyyətdə heç bir dəstəyi yoxdur"
Prezident seçkiləri xeyli arxada qalsa da, hələ də bu seçkilərlə əlaqədar qeyri-obyektiv fikir və rəylər səslənməkdədir. Xüsusilə, radikal müxalifət düşərgəsi və onlarla əlaqəli şəkildə işləyən bəzi xarici dairələr seçkilərin nəticələrini şübhə altına almağa çalışırlar.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyir ki, hər bir ölkədə seçki və onun keçirilməsi, nəticələri həmin ölkənin xalqına mənsubdur. Beynəlxalq aləmdə qəbul olunmuş qaydalar, normalar, beynəlxalq sənədlər mövcuddur: "Azərbaycan da beynəlxalq qurumların, o cümlədən, BMT, Avropa Şurası, ATƏT, İƏT-in və s. təşkilatların üzvüdür. Ölkəmiz hansı təşkilatın üzvüdürsə, orada üzərimizə götürdüyümüz öhdəlikləri ardıcıl olaraq həyata keçiririk". Millət vəkili qeyd edib ki, seçkilərin gedişatını 1400-ə qədər xarici müşahidəçi, o cümlədən, 50 minə qədər yerli müşahidəçi izləyib: "Eyni zamanda YAP da çoxsaylı müşahidə prosesini həyata keçirib. Bu seçkilərə əsas qiyməti xalq bildirir və Azərbaycan xalqının da münasibəti aydındır. Bu, səsvermədə özünü göstərib. Ona görə də, xarici təşkilatların verdiyi tövsiyələr, qərarlar Azərbaycan üçün hökm deyil. Seçkiləri müşahidə edən bütün xarici qurumların müsbət rəy verdiyi təqdirdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) nümayəndələrinin bir qisminin bu seçkilər haqqında söylədikləri mənfi fikirlər özünü doğrultmur. ATƏT/DTİHB-nin müşahidə missiyasının üzvlərində biz yekdil bir fikir görmədik. Həm seçkilərin nəticələrinə dair ilkin rəylə bağlı keçirilən mətbuat konfransında, həm də sonrakı proseslərdə biz fərqli fikirləri müşahidə etdik. Hətta qurumun bəzi üzvləri ayrıca bəyanatlar verərək, müşahidə missiyası adından deyilən tənqidlərlə razı olmadıqlarını bildirdilər və seçkilərin azad, demokratik qaydada keçirildiyini xüsusi qeyd etdilər". Mübariz Qurbanlının sözlərinə görə, bu günlərdə Avropa Şurası ilə Avropa Parlamentinin birgə bəyanatı elan olunub ki, həmin bəyanatda da ATƏT/DTİHB-nin müşahidə missiyasının verdiyi açıqlamalar tənqid edilib: "Birmənalı göstərildi ki, ATƏT-in bu qurumu özünü doğrultmur və seçkilərin nəticələri ilə bağlı subyektivliyə yol verilir. Subyektiv fikirlər də sonradan haqlı narazılığa gətirib çıxarır. ATƏT PA-nın payız sessiyasında da bu barədə müzakirələr olub. Verilən açıqlamalar göstərdi ki, fikirlər üst-üstə düşməyib. Ona görə də, ATƏT-in bu qurumunun yaydığı açıqlamaların üzərində dayanmağa bəlkə də ehtiyac yoxdur. Amma təəssüf ki, bəzi dövlətlərin nümayəndələri, o cümlədən, ABŞ nümayəndələri bu qurumun qeyri-obyektiv rəyi əsasında Azərbaycandakı prezident seçkilərinə münasibət formalaşdırırlar. Əgər hər hansı ölkə, məsələn, ABŞ özü müşahidə aparmayıbsa, hansısa müşahidə aparan qrupun rəyinə istinad edərək fikir söyləyirsə, AŞ, Avropa Parlamentinin və başqalarının müşahidə missiyası daha mötəbərli deyilmi? Nə üçün yalnız ATƏT/DTİHB-nin rəyinə istinad olunur? Əlbəttə, bu yolverilməzdir və Azərbaycan tərəfi də haqlı olaraq bu məsələ ilə bağlı öz etirazını bildirib. Fikrimcə, qurum yekun rəyində bu məsələləri mütləq nəzərə alacaq və qeyri-obyektivlikdən geri çəkiləcək. Çünki biz haqlıyıq və Azərbaycan xalqının seçiminə bu cür yanaşmaq yolverilən deyil". YAP rəsmisi müxalifətin radikal qanadının da seçkilərin nəticələrinə dair səsləndirdiyi iddialara cavab verib. Bildirib ki, Azərbaycanda müxalifətin radikal qanadı bu seçkilərdə tam iflasa uğradı: "Çünki Azərbaycan cəmiyyəti bu radikalizmi rədd edir. Radikalların hay-küy qaldırmalarına baxmayaraq, reallıq göz önündədir. Radikalların namizədi olan Cəmil Həsənlinin təbliğat kampaniyasının nə qədər uğursuz olduğu aydın göründü. Əslində, teledebatlarda onun dediyi yalanları radikalların bəzi nümayəndələri çoxdan deyirdi. Hamı şahidi oldu ki, radikal müxalifətin namizədi olaraq C.Həsənli Azərbaycanda görüləcək işlər, iqtisadi məsələlər, xarici siyasət, qarşıda duran vəzifələr və onun həlli yolları barədə hansısa proqram ortaya qoymadı. Yəni, köhnəlmiş tezisləri təkrar dövriyəyə buraxmağa cəhd edilirdi. Ona görə də, ictimai rəy bu çıxışlara heç bir reaksiya vermirdi". Seçkidə məğlub olan radikal müxalifətin kütləvi aksiyalar keçirmək niyyətinə də toxunan hakim partiya rəsmisi deyib ki, radikallar seçki dövründə bir neçə dəfə mitinq keçirməyə cəhd göstərib: "Əslində, bu mitinq deyildi, çünki az sayda insan həmin tədbirlərə gələrək hay-küy qaldırırdılar. Bu aksiyadakıların sayı o qədər az idi ki, seçicilərin sayı ilə müqayisədə o qədər aşağı idi ki, seçkilərin nəticələrinə hər hansı təsiri ola bilməzdi. Ona görə də, onların seçki kampaniyası dövründə uğursuzluğu seçkidən sonra da davam etdi. Radikallar öz məğlubiyyətlərini ört-basdır ötməyə çalışırlar. İddia edirdilər ki, guya "Milli Şura"nın namizədinə çoxlu səs verilib. Amma faktlar araşdırıldı və məlum oldu ki, onların dediyi pozuntular olmayıb. Əgər qanun pozuntusu olan yerlər varsa da, həmin pozuntuların çoxunu da "Milli Şura"nın nümayəndələri edib. Bu seçkiyə "Milli Şura" deyilən qurumun kölgə salmaq cəhdi elə beşiyindəcə iflasa uğradı. Cəmiyyətdə hər hansı reaksiya olmadı, onların özləri deyib özləri də eşitdilər. Seçkidən sonrakı mitinq də fiaskoya uğradı. Əgər bunu mitinq hesab edirlərsə, ona mən bilmirəm ki, əsl mitinq necə olur. Bütün bunlar bir daha göstərdi ki, radikalların cəmiyyətdə heç bir dəstəyi yoxdur. Hesab edirəm ki, Azərbaycanda bu seçkilər cənab İlham Əliyevin lider, şəxsiyyət olaraq qələbəsidir və bu qələbə Azərbaycan xalqının qələbəsidir. Xalqımız Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəkləyir və biz növbəti 5 ildə də Prezidentimizin rəhbərliyi ilə ölkəmizin inkişafının şahidi olacağıq".
Süleyman İsmayılbəyli