"Müxalifət hətta qan tökülməsindən də çəkinmir"

Milli Şura mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdiyini iddia edir. Faktiki olaraq, ortalıqda heç bir müraciət yoxdur. BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib ki, Milli Şuradan mitinqin keçirilməsi ilə bağlı oktyabrın 17-dək BŞİH-ə heç bir müraciət edilməyib: "İcra hakimiyyətinin ümumi şöbəsinə, ümumiyyətlə, həmin qurumdan hər hansı müraciət daxil olmayıb". Bununla belə, müxalifət olmayan bir müraciətə cavab verilməyəcəyi təqdirdə, Bakının mərkəzində, Fəvvarələr meydanında aksiya keçirəcəklərini bəyan edib.Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, müxalifət tərəfindən atılan bu cür addımlarda açıq-aşkar təxribat istəyi görünür. A.Mirzəzadə Milli.Az-a açıqlamasında deyib ki, rəsmi müraciət etmədən öz tərəfdarlarını şəhərin mərkəzinə tökmək məsələsində dövlətlə, hüquq-mühafizə orqanları ilə qarışıqlıq yaratmaq ssenarisi görünür."Seçkilərdə iddialarının əksinə olaraq cəmi 5 faiz səs toplaması, böyük ümidlərə baxmayaraq xarici dövlətlər tərəfindən müdaifə edilməməsi radikal müxalifəti pis vəziyyətə salıb. Hər seçkidən seçkiyə sosial bazasının azalması, qarşılıqlı ittihamların bunların özlərini daxildən zəiflətməsi göz qarşısındadır. Bu cür iddaları ilə potensialları düz gəlməyən bu qüvvə yenidən özünü zorla cəmiyyətə qəbul etdirməyə çalışır", - o əlavə edib. Millət vəkili bildirib ki, radikal müxalifət mübarizənin sivil formasına heç vaxt maraq göstərməyib. Onlar üçün maraqlı olan qarşıdurma, qarışıqlıq və qeyri-stabillikdir. "Qarışıqlıq olduqda xarici havadarları qarşısında gördükləri işlər barədə hesabat verə bilirlər. Çox maraqlıdır ki, "Milli Şura"nın nümayəndəsi prezidentliyə namizəd elan olunan kimi ölkə ziyalıları ilə görüşməyə getməkdənsə, xarici ölkəyə səfərə getdi. Seçkilərdən sonra da seçicilər qarşısında hesabat verməkdənsə, yenə də xaricə üz tutdu ki, xarici havadarları qarşısında hesabat versin. Onlardan yeni tapşırıqlar alsın. Bu gün Milli Şura Azərbaycanda "5-ci kalon" rolunu oynamağa həddən artıq həvəslidir. Tarix göstərir ki, "5-ci kalon" qarşıdurmadan, hətta qan tökülməsindən də çəkinmir. Ancaq Azərbaycandakı indiki vəziyyət özlərinin 1990-cı illərin əvvəllərində yaratdıqları vəziyyət deyil. Onların istənilən təxribatlarının qarşısı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınacaq", - millət vəkili vurğulayıb.
A.Mirzəzadə hesab edir ki, ictimaiyyət də müxalifətin bu cür qarışıqlıq yaratmaq cəhdlərinə qarşı çıxacaq. İctimai qınaq bu məsələyə imkan verməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00