“Orxan Zeynalov şousu”nun qaranlıq məqamları

Aydın Mirzəzadə: “ Bu məsələnin arxasında Azərbaycan-Rusiya münasibətlərini pisləşdirməyə çalışan siyasi dairələr durur”

Rusiya paytaxtında qətl törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov barəsində iki aylığa həbs qətimkan tədbiri seçib. Buna baxmayaraq, Moskva sakini Yeqor Şerbakovun ölümündə təqsirli bilinən həmyerlimiz Orxan Zeynalov məhkəmə salonunda özünün polisə verdiyi ilk ifadəsini inkar edib. O, tərcüməçi vasitəsilə hadisəni törətmədiyini bildirib və ilkin ifadəsini fiziki təsir altında verdiyini diqqətə çatdırıb. Qeyd edək ki, Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli törətdiyini etiraf edib. Moskvanın Presnenski Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanlarının Orxan Zeynalovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə iddiasına baxılır. Məhkəmə Orxan Zeynalov barəsində 10 dekabradək - iki aylığa həbs qətimkan tədbiri seçib. Məlumat üçün qeyd edək ki, Rusiya polisinin Moskvanın Biryulevo rayonunda 25 yaşlı rus gəncini öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovu həbs etmək üçün keçirdiyi əməliyyatın videosunun tam versiyası YouTube portalında yerləşdirilib. Əməliyyat qrupunu müşayiət edən videooperatorun çəkdiyi görüntülərdən məlum olur ki, SOBR xüsusi təyinatlı dəstəsinin üzvləri əvvəlcə Moskva ətrafındakı Kolomna şəhərində Orxan Zeynalovun oktyabrın 14-dən 15-nə keçən gecə qaldığı evə gediblər. Evin sahibi Məhərrəmov familiyalı azərbaycanlıdır, ancaq o, Rusiya vətəndaşıdır. Kadrlardan görünür ki, xüsusi təyinatlıların gecə onların evində qalan Zeynalovu axtardığını biləndə ev sahibəsi qorxusundan ağlayır. Əməliyyat qrupunun rəhbəri qadını sakitləşdirməyə çalışır və bildirir ki, polisin onlara hansısa iradı yoxdur. Məhərrəmov əməliyyat qrupunun rəhbərinə bildirir ki, Orxan əvvəllər onun Moskvadakı "Pokrovka" meyvə-tərəvəz bazasındakı anbarında işləyib. Həmin gecə Orxanın Kolomnaya - onun evinə gəldiyini isə mühafizəçi xəbər verib. Məhərrəmov deyir ki, onun evinin mühafizəçisi olan özbək gecə yarısı Orxanın gəldiyini xəbər verib. Həmin vaxt ev sahibi onun axtarıldığını bilmirmiş. Səhər tezdən Məhərrəmov işə gedib, onun arvadı televizorda Orxanın fotosunu görəndə tez ərinə telefonla xəbər verib. Qadın deyir ki, çox keçmədən o, Orxanın evi tərk etdiyini görüb. Əməliyyat qrupu ev sahibləri ilə normal davranır, onlara qarşı kobudluğa yol vermir. Daha sonra Kolomna şəhər avtovağzalının yaxınlığındakı parkda Orxanın saxlanıldığını əks etdirən kadrlar nümayiş etdirilir. Əvvəlcə Orxan xüsusi təyinatlılar qarşısında özünü itirməməyə çalışır. Bildirir ki, günahkar deyil. Yayılan xəbərlərin əksinə olaraq onun saxlanılarkən müqavimət göstərdiyini təsdiqləyən kadr yoxdur. Daha sonra xüsusi təyinatlılardan biri Orxanı vurub yerə yıxır, digəri ona təpiklə zərbə endirir. Kadrlardan görünür ki, Orxanı Moskvaya, istintaq təcridxanasına çatdırmaq üçün iki vertolyotdan istifadə olunub. Əvvəlcə onu Moskvaya iri vertolyotla aparıblar, daha sonra Zeynalov daha kiçik polis vertolyotuna mindirilir. Təcridxanaya çatdırılmazdan əvvəl vertolyot yerə enir. Orxanın üst-başı yoxlanılır, təzədən vertolyota mindirilir və xüsusi təyinatlıların Zeynalov "maski-şousu" onun daxili işlər naziri Vladimir Kololtsevin hüzuruna gətirilməsi ilə sona çatır. Onu da qeyd edək ki, Rusiya insan haqları müdafiəçiləri, vəkillər və ictimaiyyət nümayəndələri, bloggerlər bu şounu yersiz sayır və tənqid edir. Maraqlıdır, adi məişət zəminində baş verən qətl hadisəsini bu qədər siyasiləşdirməyə nə ehtiyac var idi?

***
   Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Orxan Zeynalov məsələsinin arxasında Azərbaycan-Rusiya münasibətlərini pisləşdirməyə çalışan müəyyən siyasi dairələr durur. Onun sözlərinə görə, Rusiyada O.Zeynalovun həbsi ətrafında yüksələn ajiotajın da məğzi aydın deyil. Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələri kifayət qədər möhkəmdir, baş verən hadisə isə adi bir məişət cinayətidir.
Belə hadisələr Rusiyada, konkret olaraq Moskvada hər gün çox sayda baş verir:
"Ancaq adi bir hadisənin ətrafında böyük bir ticarət mərkəzinin dağıdılması, miqrantlara, xüsusən də azərbaycanlı əmək miqrantlarına qarşı hücumun başlanmasının məqsədi aydın olmur. Bu, təsadüfi deyil, bunun arxasında Rusiyanın Azərbaycan-Rusiya münasibətlərini pisləşdirməyə çalışan müəyyən siyasi dairələri durur. Hansı ki, Azərbaycan onlar üçün düşmən rolunu oynayır, Azərbaycanda keçirilən demokratik seçkilər onların maraqlarına cavab vermir, indiki halda onlar Azərbaycanı bu yolla "yerində otuzdurmağa" çalışırlar. Ancaq məsələnin çox kobud ssenarisi özünü göstərir. Rusiya tarixində ilk dəfə olaraq adi bir cinayətkarın əli qandallı şəkildə daxili işlər nazirinin kabinetinə gətirilməsi və bunun bütün ölkəyə göstərilməsi prosesi baş verdi. Sanki böyük bir narkokartelin rəhbəri tutulub, sanki Rusiyanı uzun müddət lərzəyə salan böyük bir cinayətkar dəstə darmadağın edilib. Hesab edirəm ki, bu cür ucuz tamaşalar nə Rusiyanın, nə də Azərbaycanın mənafeyinə uyğun gəlir. Məsələni sakit şəkildə həll etmək əvəzinə, Rusiyanın hüquq sistemi bu məsələdə çox təəssüf ki, özünün tamam başqa bir sifətini göstərdi. Orxan Zeynalov tutulan zaman ona lazım olduğundan artıq fiziki güc tətbiq edildi, o, kameralar qarşısında döyüldü, vəkillə təmin edilmədi və məhkəmənin qərarı olmadan cinayətkar adlandırılmağa başlandı. Ən əsası isə bu prosesdən sonra Rusiyada yaşayan azərbaycanlılara, əmək miqrantlarına hücum başlandı". Millət vəkili Sahib Alıyev qeyd edib ki, sadəcə, özünə hörmət edən abırlı dövlətdə heç zaman daxili işlər naziri vəzifəsi daşıyan biri adam öldürməkdə suçlandırılan kimisə o cür tutdurub hüzuruna gətirtməzdi. Rusiyada doğrudan da deqradasiya getdiyini və onun dövlət orqanlarını da əhatə etdiyini bunun qədər bütün çılpaqlığı ilə açıb göstərən ikinci bir səhnə düşünülsə belə çətin tapılardı. Rusiya polisinin artıq əlinə qandal vurulmuş Orxan Zeynalovla davranışı, sonradan onunla maşında edilən rəftar, vertolyotla ucuz Hollivud filmlərindəki sayaq Rusiyanın daxili işlər nazirinin hüzuruna gətirilməsi və bunun televiziyada göstərilməsi nə üçün idi, normal məntiqlə bu suala çətin cavab vermək olar.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00