“ATƏT-in bəyanatı Azərbaycan dövlətçiliyinin zəiflədilməsinə qarşı yönəlib” - MÖVQE
Zaur Qəriboğlu: “ATƏT-in Minsk qrupu fəaliyyəti həmsədrlərin mövqeyini əks etdirir”
18 Oktyabr 2013 13:07 SiyasətAzərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü, "KarabakhİNFO.com" e-jurnalının baş redaktoru, gənc yazar Zaur Qəriboğlu Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun yaydığı bəyanatla bağlı vətəndaş mövqeyindən çıxış edib.
"Azərbaycanda keçirilən prezident seçkilərini bir vətəndaş olaraq yaxından izləmişəm. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosunun Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı yaydığı bəyanatla əlaqədar olaraq bir vətəndaş kimi öz fikirlərimi bildirmişəm və mənim bu fikirlərim insanlar tərəfindən birmənalı şəkildə qarşılanmayıb. Mən qeyd etmişəm ki, mənim fikirlərim seçkinin demokratik keçirilib-keçirilməməsi ilə bağlı deyil. Mən bir vətəndaş kimi ATƏT-in Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətsizliyini bilərək belə bir təşkilatın Azərbaycana qarşı bu cür bəyanat yaymasını haqlı hesab etmirəm. Ümumiyyətlə, ATƏT-in fəaliyyəsizliyi təkcə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində deyil, Qafqaz regionunda gedən digər münaqişlərdə də hiss olunur" deyə gənc yazar öz fikirlərini ifadə edib.
Zaur Qəriboğlunun sözlərinə görə, əgər ATƏT belə demokratiya tərəfdarıdırsa əsas onu qabartmalı idi ki, 20 ildir ki, 1 milyondan artıq insan öz yurdlarında səsvermə hüququndan istifadə edə bilmir. Düzdür, onlara dövlət tərəfindən müəyyən yerlərdə səsvermək üçün imkanlar yaradılıb. Həmin insanlar öz yurd-yuvalarına gedə bilmir, orada öz seçimlərini edə bilmirlər.
Gənc yazar isə ikinci məsələ kimi onu diqqətə çatdırıb ki, Ermənistanda keçirilmiş son prezident seçkiləri zamanı prezidentliyə namizədə qarşı sui-qəsd təşkil olundu. ATƏT isə bu seçkiləri tanıdı və seçkilərin demokratik keçirilməsi barədə bəyanat verdi. Azərbaycanda keçirilən prezident seçkilərində isə heç bir namizədə qarşı qanun pozuntusu baş verməyib.
Gənc yazar qeyd edir ki, ATƏT-in Misnk qrupu müəyyən dövlətlərin diktəsi ilə fəaliyyət göstərir, ATƏT fəaliyyəti yalnız Azərbaycan hakimiyyətinə qarşı deyil, Azərbaycan dövlətçiliyinə qarşıdır. Zaur Qəriboğlu təəssüflə qeyd edir ki, müxalifət nümayəndələri də onların bu bəyanatını dəstəkləyirlər.
Gənc yazar bir məqamı xüsusilə vurğulayır ki, hər hansı iqtidar tərəfdarı hansı bir addım atırsa ATƏT onu qeyri-demokratik adlandırır, lakin müxalif yönümlü bir şəxs həbs olunursa ATƏT onu siyasi dustaq kimi qələmə verir və insan hüquqlarının pozulması kimi qiymətləndirir.
"ATƏT 20 ildir ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında vasitəçilik edir, bu tarix ərzində bir dəfə olsun bu istiqamətdə bir addım atmayıb. Torpaqlarımızın ermənistan tərəfindən işğal olunması həm də ekoloji, mədəni və iqtisadi terrordur. Bu təkcə Azərbaycan məsələsi deyil, burada türk faktoru var. Çünki ermənilər bizi azərbaycanlıdır deyə yox, türkdür deyə qırıblar. Xarici qüvvələr də regionda ikinci bir türk dövlətinin güclənməsində maraqlı deyillər" deyə Zaur Qəriboğlu fikirlərini bildirib.
Zaur Qəriboğlu : "Mən bir vətəndaş kimi deyirəm ki, Azərbaycan ATƏT-ə "YOX" deməlidir".
"Çünki ATƏT-in Azərbaycanla bağlı heç bir fəaliyyəti yoxdur. Mənim səsləndirdiyim fikirlər də cəmiyyətdə birmənalı qarşılanmadı. Bəziləri mənim fikirlərimi hakimiyyətə yarınmaq kimi dəyərləndirdi. Mən sadəcə bir vətəndaş kimi mövqeyimi səsləndirmişəm" deyə gənc yazar öz fikirlərini ifadə edib.
Gənc yazar sonda fikirlərini bu cür yekunlaşdırıb: "ATƏT-in bəyanatı Azərbaycan hakimiyyətinə deyil, Azərbaycan dövlətçiliyinin zəiflədilməsinə, Azərbaycan xalqına qarşıdır. ATƏT-in Minsk qrupunun fəaliyyəti həmsədrlərin mövqeyini əks etdirməkdən başqa bir işə yaramır."
Sevda Qurbanqızı