Müstəqillik Günün Mübarək, Azərbaycan!!!

Sən bizimsən, bizimsən, durduqca bədəndə can, 

Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!

Zamanın keşməkeşli sınaqlarını yaşamış Azərbaycan xalqı dəfələrlə müxtəlif zamanlarda müxtəlif xalqların əsarəti altında yaşamağa məcbur olmuşlar. Azərbaycan xalqının güclü iradəsi yaşadığı xalqların əsarətində öz milli kimliyini itirməsinin qarşısını alıb. 70 il rusların müstəmləkəsi kimi yaşayan xalqımız bu dövr ərzində də öz azərbaycançılığını yaddan çıxarmamış, əsarətində olduğu millətin içərisində itib batmamışdır. 70 il tarixin acı sınağından keçmiş xalqımız nəhayət ki 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bəyan etdi. Artıq dövlət müstəqilliyimizin 22 yaşı tamam olur. Gənc dövlət olmasına baxmayaraq bu gün Azərbaycan beynəlxalq aləmdə özünə məxsus imic yaradıb. Artıq dünyada söz sahibi olan bir çox dövlətlər də Azərbaycanın müstəqilliyinə və inkişafına qibtə ilə yanaşırlar. Azərbaycanın yeritdiyi daxili və xarici siyasət dünya dövlətlərinin diqqət mərkəzindədir.

Artıq 20-ci ildir ki, müstəqil Azərbaycanımız dövlət müstəqilliyi gününü qeyd edir. Hələ 1918-ci ilin 28 mayında bizlər Şərqdə ilk demokratik dövləti yaradan xalqın nümayəndələri kimi adımızı tarixə qızıl hərflərlə yazdırdıq. 70 illik əsarətdən sonra isə Azərbaycan xalqı özünün əbədi müstəqil dövlətini - Azərbaycan Respublikasını yaratdı.
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə radio vasitəsilə xalqımıza müraciətində belə demişdir: "Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 mayısı kimi yenidən doğacaqdır".
Həqiqətən, həmin qalibiyyət günəşi yenidən parladı, qanımız bahasına əldə etdiyimiz müstəqilliyimizi yenidən qazandıq. 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə yenidən müstəqil dövlətçiliyimiz bərpa olundu və Azərbaycan xalqı ümumxalq səsverməsində yekdilliklə Konstitusiya Aktına tərəfdar olduğunu bildirdi. Konstitusiya Aktı müstəqil Azərbaycan dövlətini 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan edirdi.
Həmin tarixdən keçən 22 il ərzində müstəqil Azərbaycanımız özünün beynəlxalq aləmdə nüfuzunu artırdı və sürətlə inkişaf edən ölkələr sırasına daxil oldu.

XX yüzilliyin sonunda dünyada baş verən qlobal proseslər, xüsusən də Varşava Müqaviləsi Təşkilatının ləğv edilməsi, soyuq müharibənin başa çatması, SSRİ-nin dağılması beynəlxalq aləmdə siyasi mühitin ciddi şəkildə dəyişməsinə və yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu. Postsovet məkanında meydana çıxan yeni müstəqil dövlətlərin bilavasitə beynəlxalq münasibətlər sisteminə qatılması və öz maraqlarını ifadə edən xarici siyasət kursu həyata keçirməyə başlaması dünyada dövlətlərarası münasibətlərin yeni düzümünün formalaşmasına gətirib çıxardı. Bu bir tərəfdən beynəlxalq aləmdə siyasi gərginliyin azalması, qlobal qarşıdurmanın aradan qalxması ilə səciyyələnirdisə, digər tərəfdən siyasi, iqtisadi və hərbi baxımdan strateji əhəmiyyət kəsb edən mərkəzlərin meydana çıxması ilə müşayiət olunurdu.

Mühüm geosiyasi məkanda yerləşən Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini bəyan etməsi və 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində beynəlxalq aləmdə baş verən dəyişikliklər milli dövlətçilik prinsiplərinə uyğun yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsini ən vacib məsələ kimi ön plana çəkdi.

Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik mənafelərinin qorunmasında ölkənin zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi mühüm əhəmiyyət kəsb edir. Bu amillər Azərbaycanın milli dövlətçilik maraqlarına cavab verən səmərəli və məqsədyönlü xarici siyasət kursunun həyata keçirilməsi üçün ilkin əlverişli zəmin yaradır.

Müasir dövrdə strateji inkişaf xətti kimi demokratik cəmiyyət quruculuğu və bazar iqtisadiyyatı yolu seçən müstəqil Azərbaycan Respublikası dünya təcrübəsində uğurla sınaqdan çıxmış ümumbəşəri dəyərlərdən faydalanmağa çalışır, özünün geniş iqtisadi potensialını hərəkətə gətirmək məqsədilə inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyasını və maliyyə imkanlarını cəlb edir, onlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirir.

Azərbaycanın bugünkü beynəlxalq vəziyyəti xarici siyasət sahəsində hər hansı bir qütbə, yaxud istiqamətə açıq nümayiş etdirilən üstünlük verilməsini mümkünsüzləşdirir, balanslaşdırıcı və tarazlaşdırıcı siyasi kurs seçilməsini şərtləndirir.

Bu gün müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin əsasə istiqamətlərindən biri də Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Artıq 20 ildən çoxdur ki, Azərbaycan müharibə şəraitində yaşayır. İşğalçı Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi münaqişənin nizama salınması prosesini ləngidir. Müstəqil Azərbaycan özünün uğurlu diplomatiyası sayəsində dünyanın əksər aparıcı dövlətləri Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır və Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Azərbaycanın BMT kimi nüfuzlu bir təşkilatda 155 dövlət tərəfindən dəstəklənməsi Azərbaycan dövlətinin uğurlu diplomatiyasının bariz nümmunəsidir.

 Ümummilli liderimiz Heydər Əliyevin dəfələrlə də qeyd etdiyi kimi : "MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR, DÖNMƏZDİR!!!"

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00