“Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı aqressivliyi qətiyyətlə pislənilməlidir” - BƏYANAT
DAK bəyanat verdi
17 Oktyabr 2013 19:25 SiyasətDünya Azərbaycanlıları Konqresi Moskvada soydaşlarımıza edilən polis zorakılığına qarşı bəyanat səsləndirib. Bəyanatda bildirilir: "Məlumdur ki, azərbaycanlıların Rusiyaya məcburi miqrasiyanın əsas səbəblərindən biri də soydaşlarımızın erməni quldurları tərəfindən öz tarixi torpaqlarından qovulması, Dağlıq Qarabağ və ətraf rayonlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və nəticədə 1 milyon insanın evsiz-eşiksiz, işsiz qalmasıdır. Xalqımızın bu faciələri yaşamasında Rusiyanın Ermənistana himayədarlıq etməsi etməsi, onu silahlandırması da danılmaz faktlardandır. Bu mənada hazırda Rusiyada yaşayan azərbaycanlıların çoxu belə bir acı taleyi yaşamış adamlardır və onlar ölkəyə xoş gündən gəlməyiblər. Belə humanitar faciələrə dünyanın hər yerində anlayışla yanaşılır, hətta belə insanların ruhi-psixoloji durumu nəzərə alınır. Amma qonşu ölkədə nəinki bu nəzərə alınır, əksinə münasibətləri gərginləşdirməyə çalışan qüvvələrə münbit şərait yaradılır. Moskvada və bütövlüklə Rusiyada azərbaycanlılara qarşı zaman-zaman davam etmiş və bu günlərdə yenidən start götürmüş kütləvi təzyiq əslində baş vermiş bir cinayət hadisəsinin adekvat cavabı deyildir. Çünki min illərdən gələn bir kəlam var: cinayətkarın vətəni olmur. Şəxsi zəmində belə cinayətlər hər gün dünyanın hər yerində baş verir. Bunu bütövlükdə ayrı-ayrı millətlərə qarşı çevirmək, bundan istifadə edərək hər hansı bir xalqın vəhşi obrazını yaratmaq, milli dözümsüzlük nümayiş etdirmək, günahsız insanları təhqir etmək, aşağılamaq yolverilməz haldır. İnsan haqları, beynəlxaq hüquq və Azərbaycanla Rusiya arasındakı ənənəvi dostluq münasibətləri baxımından yanaşanda da Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı bu görünməmiş aqressivliyi qətiyyətlə pislənilməlidir. Heç bir cinayətə, hətta terrora və ya terrorçu təşkilata görə də bütöv xalq günahlandırılmır, cinayətkarın cəzasını günahsızlar çəkmirlər. DAK olaraq hesab edirik ki, Rusiyada baş verən son hadisələr bir təxribatdır və bu hadisənin arxasında Azərbaycana siyasi təzyiq niyyətləri dayanır. Bu və buna bənzər olaylar Azərbaycan və rus xalqları arasındakı çoxəsrlik xoş münasibətlərə təsir göstərməməlidir. Biz müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı öz milli, insani ləyaqətlərini, millətimizim adını qorumaqla yanaşı, yaşadıqları ölkələrin hüquq sistemlərini öyrənməyə, bu sistemlər çərçivəsində hərəkət eləməyə, təxribatlara uymamağa çağırırıq". ("OLAYLAR" İA)