Seçkilərinin nəticələrinə dair yekun protokol Konstitusiya Məhkəməsinə göndərilib
Məzahir Pənahov: "Seçki prosesi zamanı nəticələrə təsir edən pozuntu halı baş verməyib"
17 Oktyabr 2013 18:46 SiyasətMSK prezident seçkilərinin nəticələrinə dair yekun protokol Konstitusiya Məhkəməsinə göndərib. ANS PRESS-in verdiyi məlumata görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib. MSK sədri Məzahir Pənahov bildirib ki, seçkilərin yekunları ilə bağlı rəylər göstərirki, seçkilər çox mütəşəkkil şəkildə keçirilib: "Səsvermə 5192 məntəqədə veb-kameralar, yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə aparılan müşahidələr altında keçib. Bu proses yaradılan imkanlar hesabına yüksək səviyyədə işıqlandırılıb. Seçki prosesi minlərlə beynəlxalq və yerli müşahidəçi tərəfindən izlənilib. Seçki prosesi zamanı nəticələrə təsir edən pozuntu halı baş verməyib."
Qeyd edək ki, iclasda prezident seçkilərinin yekunu barədə MSK-nın protokolunun təsdiq edilməsi məsələsinə baxılıb. Seçki Məcəlləsinin 108-ci və 203-cü maddələrinin tələblərinə əsasən seçkilərin nəticələri üzrə MSK-nın yekun protokolu tərtib edilərək 17 komissiya üzvü tərəfindən imzalanıb. Ümid Partiyasından olan MSK üzvü Akif Qurbanov yekun protokola imzalamayıb.