“Mahir Cavadovun çağırışı milli xəyanətdir” - Cümşüd Nuriyev
“Onun beyni zəhərlənib, artıq normal düşünə bilmir”
17 Oktyabr 2013 17:12 SiyasətXətai rayonunun sabiq baş prokuroru, Avropada yaşayan Mahir Cavadov "Facebook" ünvanında oktyabrın 16-da Qusarda polis qüvvələrinə edilən hücumu "xalq müqavimət hərəkatı" adlandırıb və insanları bu "mübarizə"ni davam etməyə çağırıb. Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev hesab edir ki, Mahir Cavadovun açıqlaması normal insan düşüncəsi deyil, millətinə və xalqına bundan artıq xəyanət ola bilməz. C.Nuriyev qeyd etdi ki, Qusarda polisə olan hücumu "müqavimət hərəkatı" adlandırmaq yalnız sərsəmləmək ola bilər. Uzun müddət Rusiyada da polislərlə vəhhabilər arasında qarşıdurmalar olub. Azərbaycanda bu cür hadisələrin olacağını siyasətçilər əvvəlcədən də bildirmişdilər: "Bu o demək deyil ki, Azərbaycan dövləti zəifdir. Vəhhabilərin polisə olan hücumunu "müqavimət hərəkatı" adlandırmaq adamda ikrah hissi oyadır. Dövlətlə bağlı müəyyən tənqidi fikirlər səsləndirmək mümkündür. Lakin ölkənin təhlükəsizliyini təmin edən qüvvələrə olan hücumu "müqavimət hərəkatı" adlandırmaqdan böyük səfehlik yoxdur. Mahir Cavadovun beyni zəhərlənib, o artıq normal düşünə bilmir. Bundan əvvəlki hücumda polis mayoru Qalib Quliyev yaralanmışdı, bu dəfəki hücumda isə öldürüldü. Demək ki, bu insan Vətəni üçün canından keçib. Ona görə də Q.Quliyevə Milli Qəhrəman adı verilməlidir. Əgər Azərbaycan polisi Vətən üçün özünü ölümə atırsa, bu yüksək dəyərləndirilməlidir. Mahir Cavadovun çağırışına isə milli xəyanətdən başqa heç bir don geyindirmək mümkün deyil". ("OLAYLAR" İA)