“Orxan Zeynalova sahib çıxmalıyıq!” - POLİTOLOQ

Razi Nurullayev :“Hər addımda qatilin, məhz azərbaycanlı olmasını vurğulamaq Azərbaycana qarşı düşmənçilik mövqeyidir”

"Region" Beynəlxalq Analitik Mərkəzinin rəhbəri, politoloq Razi Nurullayev Rusiyada baş vermiş qətldə şübhəli bilinən Orxan Zeynalov barədə fikirlərini bildirib. "OLAYLAR"ın məlumatına görə politoloq öz fikirlərini bu cür ifadə edib : "Moskvada Iqor Şerbakovu öldürdüyünə görə həbs edilən Orxan Zeynalovun halına çox üzüldüm. Üst-başından, simasından, hətta davranışından belə kasıblıq və məhrumiyyətli həyat sürdüyü görünürdü. Bir tikə çörək dalınca gecə-gündüz bazarda külüng çalan bir həmyerlimiz nəinki öz həyatını puç etdi, həm də Rusiyada yaşayan milyonlarla azərbaycanlının həyatını riskə atmış oldu.
Rusiyanın bütün kanalları yarışa girirmiş kimi Orxan Zeynalovun acınacaqlı durumunu, kasıb və məhrumiyyətli görünüşünü, savadsız danşıq tərzini, 3 il Moskvada yaşamasına baxmayaraq rus dilini bərbad bilməsini bütün dünyaya nümayiş etdirdi. Bütün rus dilli dünya, rus kanallarına baxan dünya sakinləri belə düşünəcək ki, bütün azərbaycanlılar qatildir, kasıbdır, ölkələrində iş yoxdur, özləri də savadsızdırlar.
Rusiya kanallarının bu tərzdə davranışı və bu qətlin etnik zəmində baş verməsini qabartması düşmənçilikdən və orada yaşayan azərbaycanlıların həyatını riskə atmaqdan başqa bir şey deyil. Qatilin, quldurun və cinayətkaırn milləti olmur. Hər addımda qatilin, məhz azərbaycanlı olmasını vurğulamaq Azərbaycana qarşı düşmənçilik mövqeyidir.
Orxan Zeynalovun bu qətli boynuna götürməsi də şübhəlidir və ola bilsin ki, o bir qurbandır və bu şounun arxasında siyasi məqsədlər dayanır. Azərbaycan hakimiyyətinin borcudur ki, kimliyindən asılı olmayaraq öz vətəndaşına sahib çıxsın. Orxan Zeynalova da sahib çıxmalıyıq.
Rusiya digər yandan pul köçürmələrinə məhdudiyyətlər tətbiq etmək niyyətini ortaya qoyub. Onların fikrincə, ildə miqrantlar on milyardlarla vəsaiti öz vətənlərinə göndərirlər və bu da ölkə iqtisadiyyatına ziyan vurur. Amma, unudurlar ki, o miqrantlar, ifadəmə görə üzr istəyirəm, öküz kimi gecə-gündüz işləyirlər. Onlar rusların özlərinə yaraşdırmadığı ən çətin və çirkin işləri yerinə yetirməli olurlar. Onlar Rusiya iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevriliblər. Rusiya o miqrantların vətənini 70 il ərzində yeyib dağıdıb.
Azərbaycanı misal gətirərək qeyd edim ki, Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov bir neçə dəfə qeyd edib ki, Böyük Vətən müharibəsində faşist Almaniyası üzərində qələbə Azərbaycan olmadan mümkün olmazdı. O zaman 80% neft Azərbayacandna alınırdı. 70 il bu neft Rusiyaya və bütöv SSRİ adı altında birləşən respublikalara xidmət edib. Sovet vaxtı da Azərbaycan yaxşı yaşamayıb. Heç sovetlər zamanı Azərbaycan boyda kiçik bir ölkənin yarısı da qazlaşdırılmayıb. Ən ağır işləri - pambıqçılığı da Orta Asiya respublikaları və Azərbaycan yerinə yetirib. Bu xalq hər şeyini qurban verib. Bu gün isə Rusiya hansı haqla və hansı vicdanla azərbaycanlılara qarşı səlib yürüşü elan edir? Qeyd etmək lazımdır ki, orada işləməyə gedən azərbaycanlı vətəndaşlarımız da aydan arı, sudan duru deyillər. Çoxları rus dilini bərbad bilir, savadsızdırlar (cibində diplom gəzdirmək və ya institut qurtarmaq hələ savadlı və mədəni olmaq anlamına gəlmir. Müstəqillik dövründən qabaq ali təhsil almaq üçün 70-80% rüşvət ödəyirdi, son illərə kimi isə müstəqillikdən sonra göbələk kimi çoxalan özəl universitetlər də rüşvətlə diplom paylayırdı. Mövcud dövlət universitetlərində təhsil hələ də lazımi səviyyədə deyil) və özlərini mədəni də aparmırlar. Amma, onların da yeni dövrün tələblərinə uyğun vətəndaş olması üçün dövlət işlər görməlidir. Rusiyada yaşayan yüksək çinli və pullu azərbaycanlılar öz həmvətənlərinin normal və təminatlı vətəndaş olması üçün işlər görməlidir". Razi Nurullayev: "Çox üzüldüm, Orxan Zeynalov! İnana bilmirəm ki, sən qansız bir cinayətkarsan. Hər kim olsan belə, ölkən sənə sahib çıxmalıdır" deyə fikirlərini iafdə edib. Politoloq qətlə yetirilmiş çəxsin ailəsinə başsağlığı ünvanlayıb: "İqor Şerbakovun isə ruhu şad olsun. Onun valideynlərinə və qohumlarına dərin hüznlə başsağlığı verirəm". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00