Sülhə doğru real addımlar yoxdur: Simonyan delimitasiyanı böyük “uğur” kimi tanıdır- ÖZƏL

Ermənistan Parlamentinin sədri Alen Simonyan, delimitasiya komissiyalarının reqlamentini həm Azərbaycanın, həm də Ermənistanın ən böyük qələbəsi kimi qiymətləndirir. O, bu sənədin iki ölkə arasında ilk dövlətlərarası müqavilə olduğunu və həyata keçirilməsinin müstəqillik və ərazi bütövlüyü üçün əhəmiyyətini vurğulayıb. Simonyan, Ermənistan və Azərbaycan arasında müsbət proseslərin baş verməsini arzuladığını, lakin hazırda delimitasiyanın hansı istiqamətdə davam edəcəyinə dair qərarın olmadığını bildirib.

"Delimitasiya komissiyalarının reqlamentinin olması yaxşıdır. Səhv etmirəmsə, Kazan görüşündən sonra bu istiqamətdə irəliləyiş əldə olundu, lakin Simonyanın bunu qələbə kimi təqdim etməsi tezdir. Önəmli olan burada Ermənistan tərəfindən davamlı addımların atılmasıdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:

"Burada şübhəsiz ki, Azərbaycan tərəfinin siyasi iradəsi əsas rol oynadı, Azərbaycan Prezidenti bununla bağlı sərəncam imzaladı. Tərəflər arasında ikitərəfli qaydada görüşlərin və danışıqların davam etdirilməsi təşəbbüsü də məhz Azərbaycan tərəfindən gəlmişdir. Lakin Simonyan bu məsələni ona görə belə qabardır ki, faktiki hələ ki, Ermənistanla Azərbaycan arasında əldə olunan hər hansı bir razılaşma və ya tutarlı ciddi bir irəliləyiş mövcud deyildir. Nə sülh müqaviləsi məsələsində Ermənistan tələbləri yerinə yetirərək öz konstitusiyasına dəyişiklik edib, yaxud da digər məsələlərdə biz Ermənistan tərəfindən hər hansi güzəştlərin və addımların atılmasının şahidi olmuruq. Yeganə indi bu delimitasiya məsələsidir, burada da hələ görüləsi işlər var, Azərbaycanla Ermənistanın uzun sərhədləri var və onların razılaşdırılması müəyyən zaman aparacaq. 
Simonyan isə bunu dünya ictimaiyyətinə böyük bir qələbə kimi göstərərək görünür ki, özlərini sülhpərvər göstərməyə çalışırlar, bununla hansısa divident güdməyə cəhd edirlər və digər özlərinə aid əsas öhdəliklərdən yayınmağa çalışırlar. Ümumiyyətlə Simonyanın açıqlamalarına nəzər salsaq o qərbyönümlü sülhpərvər erməni obrazı rolunu formalaşdırmağa və bu rolu Qərblə münasibətlərdə oynamağa çalışır. Lakin biz bu gün eynu zamanda Ermənistan tərəfdən sülh prosesində imitasiyanın edildiyini və Ermənistanın əsas öhdəliklərindən yayınması üçün müəyyən bir detalı böyük uğur və qələbə kimi təqdim etməyə çalışdığını görürük, bu açıqlamanın arxasında da sanki bu məqsəd dayanır. Sanki Ermənistan rəsmi Bakının əsas şərtlərinin üzərindən keçərək delimitasiya prosesini önə çəkir, bunun vasitəsi ilə Qərbdən təzyiqlərin artırılmasına və yarımçıq sülh müqaviləsinin imzalanmasına çalışır. Bunu da xüsusən indi, Qərb tərəfindən Ermənistanla-Azərbaycan arasında sülh razılaşması ilə bağlı təzyiqlərin edildiyi bir fonda edərək görüntü yaratmağa çalışır. Təbii ki, biz də istəyirik ki, tərəflər arasında sülhlə bağlı razılaşma əldə olunsun, lakin bunu əsas razılaşdırılmayan prinsipləri kənara qoyaraq prosesdə hansısa böyük qələbədən danışmaq mənə elə gəlir ki, bir qədər tezdir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31