Gürcüstan üçün ən rasional xarici siyasət kursu budur...- ÖZƏL

"Həm ABŞ Dövlət Departamentinin, həm Fransanın Gürcüstana hazırda təzyiqlər göstərməsinin arxasındakı səbəb 26 oktyabr Gürcüstanda baş tutan parlament seçkilərində "Gürcü Arzusu"nun qələbə çalması olub. Yəni Qərbin gözündə "Gürcü Arzusu" ölkədə Rusiyanın maraqlarına xidmət edən bir institut hesab olunur və bu baxımdan Qərb düşünür ki, Gürcüstanda seçkilər saxtalaşdırılıb və s. Sözsüz ki, Qərbin də bu düşüncələrə vadar edən istinad nöqtələrindən biri də Gürcüstandakı müxalifətin bu kimi açıqlamalar verməsidir. Amma ATƏT seçkilərdə ciddi nöqsanlar tapmadı və Gürcüstan xalqı seçimini etdi".

Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Reallıq ondan ibarətdir ki, hər nə qədər Gürcüstan xalqı Avropa inteqrasiyasının tərəfdarı olsalar da, onlar Rusiya ilə müharibə istəmirlər. Belə olan halda onlar ölkəni Rusiya ilə potensial olaraq növbəti müharibəyə apara biləcək şəxslərin hakimiyyətə gəlməsini istəmirlər. Yəni bu baxımdan "Gürcü Arzusu"nun bu seçkilərdə qələbə qazanmasını anlamaq olar. Sadəcə, Qərb hələ 90-cı illərdən etibarən nəzərdə tutduğu siyasi strategiyasını həyata keçirmək istəyir. Bu strategiyanın əsasında Rusiyanın ətrafında geosiyasi əhəmiyyətli bölgələrdə öz təsir dairələrini artırmaqdır. Və sözsüz ki, Cənubi Qafqaz burada xüsusi əhəmiyyətə malikdir, xüsusilə də regionun tranzit imkanlarını nəzərə alsaq, Gürcüstan xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan ABŞ və Avropa Birliyi çalışır ki, Ermənistanda olduğu kimi, Gürcüstanda da öz maraqlarına xidmət edəcək bir siyasi hakimiyyət yaranmış olsun. Qərbin də müxalifəti dəstəkləməsinin arxasında əslində, bu dayanır. Amma məsələnin digər tərəfi də ondan ibarətdir ki, bir zamanlar Gürcüstanda həqiqətən də Qərblə çox yaxşı münasibətlərə malik olan bir hakimiyyət var idi. Qərb Saakaşvilini Rusiya ilə müharibəyə təhrik etdi və bunun nəticəsində 2008-ci ilin avqust müharibəsi baş verdi ki, həmin müharibədən sonra Abxaziya və Osetiya rəsmən Rusiya tərəfindən tanınmış oldular. Həmin vaxt Qərbin Gürcüstana hansısa bir ciddi yardımı dəstəyi toxunmadı. "Gürcü Arzusu" bunu xatırlayır və bu baxımdan Gürcüstanın hazırkı hakimiyyətinin yürütdüyü siyasət, düşünürəm ki, daha praqmatikdir. Həm Qərblə, həm də Rusiya ilə müəyyən məsafənin saxlanması fonunda münasibətlərin davam etdirilməsinə xidmət edən bir siyasətdir. Düşünürəm ki, Gürcüstan kimi bir ölkə üçün də ən rasional xarici siyasət kursu da məhz belə olmalıdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31