QHT Əməkdaşlıq Alyansı “Freedom House" təşkilatının Azərbaycana qarşı çağırışlarına etiraz bəyanatı qəbul edib
14 Oktyabr 2013 16:05 SiyasətBəyanatda deyilir: "Freedom House" beynəlxalq hüquq-müdafiə təşkilatının prezidenti Devid Kremer Avropa Birliyinə müraciət edərək, Azərbaycanda insan hüquqları və demokratiya məsələlərinə diqqət yetirməyə, hökumət rəsmilərinə qarşı sanksiyaların tətbiqinə çağırıb. O, bildirib ki, Azərbaycanda keçirilən prezident seçkiləri seçki prosesinə etimadı açıq şəkildə sarsıdıb. D.Kremer eyni zamanda Avropa İttifaqını Azərbaycan rəsmiləri üçün viza rejiminin sadələşdirilməsinə dair danışıqları da dayandırmağa çağırıb.
QHT Əməkdaşlıq Alyansı hesab edir ki, "Freedom House" beynəlxalq hüquq-müdafiə təşkilatının bu mövqeyi də əvvəlkilərdən fəqlənmir . Devid Kremerin Avropa Birliyinə bu müraciəti onun hazırda rəhbərlik etdiyi təşkilatın Azərbaycana qarşı qərəzli münasibətinin davamıdır.
QHT Əməkdaşlıq Alyansı 2013-cü il Prezident seçkilərinin uzunmüddətli müşahidəsini həyata keçirib və kiçik istisnalar olmaqla, seçkiöncəsi vəziyyətin qənaətbəxş olduğunu, hökumət tərəfindən namizədlərə bərabər imkanlar, media və vətəndaş cəmiyyəti institutlarına sərbəst şəraitin yaradıldığının şahidi olub. Biz "Freedom House" təşkilatını Azərbaycan xalqının çoxluğunun mövqeyinə hörmət etməyə, hüquq-müdafiə təşkilatı kimi öz vəzifələrinə məsuliyyətlə yanaşmağa, Azərbaycan seçicilərinin hüquqlarını pozmamağa çağırırıq.