Radikal müxalifətin öz “ənənəsinə” sadiqliyinin başlıca səbəbləri

Bu səbəblər olduğu halda məğlubiyyəti kənarda axtarmaq axmaqlıqdır

Azərbaycan daha bir siyasi marafonu arxada qoydu. Oktyabrın 9-da ölkə vətəndaşları seçki məntəqələrinə gedərək növbəti beş il müddətinə öz prezidentini seçdi. Seçkilərin nəticələrinə görə, Yeni Azəbaycan Partiyasının namizədi, hazırkı dövlət başçısı İlham Əliyev seçicilərin 84,55 faiz səsini qazanaraq üçüncü dəfə ölkə rəhbərliyinə seçildi. Seçkinin nəticələri bu mübarizədə İlham Əliyevə rəqib olan əksəriyyət namizədlər tərəfindən tanınsa da, cəmiyyət tərəfindən radikal müxalifət kimi tanınan Milli Şuranın namizədi Cəmil Həsənli və həmin qurumda təmsil olunan siyasilər 9 oktyabr seçkilərinin nəticələri ilə barışmaq niyyətində olmadıqlarını bildirirlər. Seçkinin nəticələrinə etiraz əlaməti olaraq kütləvi aksiyalar keçirməyi düşünən Milli Şura həftə sonu bu istiqamətdə ilk addımını atdı. Beləliklə, oktyabrın 12-də Milli Şuranın prezident seçkilərindən sonra ilk mitinqi keçirildi. Ancaq əvvəlcədən iddia edildiyi kimi mitinqdə on minlərlə deyil, məhdud sayda insanlar iştirak etdi. Aksiya iştirakçılarının bir qisminin isə kütləvi informasiya vasitələri nümayəndələri olduğunu nəzərə alsaq deyə bilərik ki, 12 oktyabr mitinqində yalnız Milli Şuraya daxil olan partiya və təşkilatların malik olduğu az sayda elektorat iştirak edib. Bu da öz-özlüyündə 9 oktyabr seçkilərində Milli Şuranın namizədi Cəmil Həsənlinin onların iddia etdiyi kimi səslərin böyük əksəriyyətini toplamadığını bir daha təsdiqləyir. Əgər doğurdan da seçicilərin böyük əksəriyyəti iddia edildiyi kimi Cəmil Həsənliyə  səs versəydi o halda seçici səslərinin müdafiəsinə qalxar, oktyabrın 12-də keçirilən aksiyada fəal iştirak edərdi. Ancaq göründüyü kimi bunların heç biri müşahidə edilmədi. Hazırda üzləşdiyi məğlubiyyətin səbəbini müxtəlif istiqamətlərdə axtaran Cəmil Həsənli və vahid namizədi olduğu Milli Şura nədənsə öz səhvlərinə nəzər yetirmək istəmir. Belə olan halda Milli Şurada təmsil olunan siyasilərin hansı səhvlərə yol verdiklərini, nə üçün hər seçkidə məğlub olduqlarını bir daha xatırlatmaq zərurətə çevrilir. Bəs görəsən Milli Şura və onun vahid namizədi Cəmil Həsənli hansı səbəbdən ona bəslənən ümidləri doğrulda bilmədi?

***

Birincisi, Milli Şuranın xarici çevrələrin, daha dəqiq desək, Rusiya Federasiyasındakı Azərbaycanı istəməyən qüvvələrin layihəsi olduğu qısa müddətdə cəmiyyətə bəlli oldu. Bu səbəbdən adıçəkilən qurum yaranarkən ora qoşulan siyasilərin böyük əksəriyyəti tezliklə Milli Şuradan özünü xaric etdi. Nəticə etibarilə Milli Şura  müxalifətin birliyinə nail ola bilmədi. Orada yalnız sırf hakimiyyətpərəst siyasi təşkilatlar və ayrı-ayrı fərdi şəxslər qaldı ki, Milli Şuranın vahid namizədinin müəyyən edilməsi ilə bağlı məsələ gündəmə gələrkən onlar arasında da ciddi fikir ayrılıqları özünü göstərdi. Qurumdakı müxalifət liderlərinin şəxsi ambisiyaları Milli Şuranın vahid namizədinin müəyyən edilməsi prosesini yubatdı ki, bu da ümumi işin ziyanına olan amillərdən sayıla bilərdi.  Məğlubiyyəti qaçılmaz edən digər bir amil isə Milli Şuranın vahid namizədi kimi seçkilərə qatılacağını bəyan edən kinorejissor Rüstəm İbrahimbəyovun sonradan bu istəkdən daşınması oldu. Daha doğrusu, uzun illərin siyasətçilərini qısa müddət üçün barmağında oynadan kinorejissor sonradan "mən girən kol deyil" prinsipindən çıxış edərək "mübarizə"ni yarı yolda saxladı. Cəmil Həsənlinin alternativ namizəd müəyyən edilməsi isə Milli Şuraya Rüstəm İbrahimbəyovun adamı kimi üz tutan fərdlərin səslərinin itirilməsi ilə sonuclandı. Bütün bunlar özlərini demokratik qüvvələr kimi qələmə verən şəxslərin Milli Şuranın daxilindəki ziddiyyətlərinin göstəricisi idi. Nəticə etibarilə Milli Şuranın vahid namizədi yalnız cəbhəçilərin və müsavatçıların hesabına 8 faiz səs qazana bildi.  

İkinci bir səbəb  Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin cəmiyyət tərəfindən siyasi fiqur kimi tanınmaması idi. Daha çox elm adamı kimi tanınan Cəmil Həsənli hətta bir vaxtlar üzvü olduğu  Azərbaycan Xalq Cəbhəsi Partiyasında da passiv fəaliyyəti ilə seçilirdi. Məhz siyasi səriştəsizliyinin səbəbi idi ki, Cəmil Həsənli namizədlər üçün müəyyən edilən televiziya debatlarında da cəmiyyət üçün yeni bir şey vəd edə bilmirdi. O, yalnız radikal müxalifət mətbuatından götürdüyü qeydlərlə öz aləmində cəmiyyətin diqqətini özünə çəkirdi. Lakin Milli Şura namizədinin bu gedişi nəinki ona uğur gətirir, əksinə onu bir namizəd kimi gözdən salırdı. Bu amil də öz növbəsində Milli Şura namizədinin seçkilərdə ona bəslənən ümidləri doğrultmayacağından xəbər verirdi.

Nəhayət, məğlubiyyəti qaçılmaz edən sonuncu amil Azərbaycan cəmiyyətinin bu insanlara etimad və etibar etməməsi ilə bağlı idi. Belə ki, Cəmil Həsənlinin də malik olduğu radikal müxalifət düşərgəsi, bir qədər də dəqiqləşdirsək, AXCP və Müsavat Partiyasına Azərbaycan seçicilərinin münasibəti birmənalıdır. Azərbaycan xalqı AXC-Müsavat hakimiyyəti dövründə üzləşdiyi çətinlikərin yenidən təkrarlanmasını istəmir. 1993-cü ildən bu günə qədər ölkədə keçirilən istənilən seçkilərdə seçicilərin birmənalı olaraq radikal müxalifətə "yox" deməsi bunun bariz nümunəsidir. Elə bu səbəbdəndir ki, cəmiyyət AXCP və Müsavatın daxil olduğu heç bir layihəyə dəstək nümayiş etdirmir. Necə ki, oktyabrın 9-da keçirilən seçkilərdə də Milli Şuraya "yox" dedi. Bütün bu amillər açıq-aşkar ortada olduğu halda üzləşdiyin məğlubiyyətin səbəbini kənarda axtarmaq isə ən azı axmaqlıq olardı. Necə ki, Milli Şura 9  oktyabr məğlubiyyətinin səbəbini kənarda axtarır.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00