Qərəzli beynəlxalq müşahidəçilərdən imtina vaxtı çatıb - GÜNDƏM
14 Oktyabr 2013 16:03 SiyasətAzərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə baş verən bütün ictimai-siyasi hadisələr izlənir və bundan ölkəmizə qarşı təsir vasitəsi kimi istifadəyə cəhdlər edilir. Azərbaycanın karbohidrogen ehtiyatlarına sahib çıxmaq cəhdində bulunan xarici qüvvələr fürsəti əldən verməyərək yaranmış şəraitdən maksimum istifadə etməyə çalışırlar. Elə buna görə də ölkədə baş verən istənilən mühüm hadisə ərəfəsi və ya sonrası öz qarayaxma kampaniyalarına start verirlər. Azərbaycanda bütün əlamətdar hadisələr ərəfəsində fəallaşan məkirli daxili və xarici qüvvələr bu dəfə də ölkədə keçirilən prezident seçkilərində öz niyyətlərindən əl çəkmədilər. Təbii ki, ənənəvi olaraq bu proses qarayaxma tezislər və əsassız hesabatların yayılması ilə davam etdirildi. Qarşı tərəfin mövqeyi olmadan, yalnız müxalifət və özlərinə yaxın bəzi yerli QHT-lərin, adlarını vətəndaş cəmiyyətinin təmsilçiləri qoyan şəxslərin məlumatları əsasında məqalələr, hesabatlar hazırlandı və indinin özündə də bu istiqamətdə davamlı iş aparılır. Hazırda da məkrli məqsədlərin reallaşdırılması üçün müxtəlif vasitələrdən istifadə edilir. Xatırladaq ki, bir müddət öncə ölkəmizdə keçirilən "Evrovizion" mahnı müsabiqəsi ərəfəsində də həm beynəlxalq təşkilatlarda, həm xarici media orqanlarında Azərbaycan əleyhinə qərəzli, heç bir reallığa sığmayan, ölkədəki müsbət dəyişiklikləri belə mənfi tonda təqdim edən münasibətlər peyda olmuşdu. Eyni mənzərənin, ancaq başqa bir formatda oktyabrın 9-da keçirilən prezident seçkiləri ərəfəsində də təkrarlanmasının şahidi olduq. Hələ seçkilərə hazırlıq dövründən başlayaraq xarici anti-Azərbaycan dairələr, erməni lobbisi və daxili anti-milli qruplar ardıcıl olaraq Azərbaycana qarşı qarayaxma və ləkələmə kampaniyasını daha da şiddətləndiriblər. Seçki zamanı baş verən proseslər bir sıra ölkələrin və onların təsiri altında olan beynəlxalq təşkilatların doğrudan da Azərbaycana qarşı qərəzli mövqe tutduqları qənaəti yaradır. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı əsassız iddiaları içtimaiyyətin narazılığına səbəb olub. Əslində isə sözügedən qurum qərəzli mövqeyi ilə özünü ifşa etmiş oldu. Fikir verin, təşkilatın müşahidə missiyasının ayrı-ayrı rəhbərləri Azərbaycanda keçirilən prezident seçkilərinin beynəlxalq standartlara uyğun olduğunu dilə gətirir, qurumun yekun rəyində isə qərəzli mövqe ortaya qoyulur. Yaxid, seçkilərdə ABŞ-dan olan müstəqil müçahidəçilər seçkilərin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdikləri halda ABŞ Dövlət Departamenti tamamilə əks mövqe nümayiş etdirir. Belə halda sual olunur, əgər xarici ölkələr və yaxud beynəlxalq təşkilatlar öz müşahidəçilərinə belə etibar etmirlərsə, nədən seçki prosesinə müdaxilə edirlər? Belə çıxır ki, həmin təşkilatların hesabatları əvvəlcədən hazırlanıb və seçkilərin hansı səviyyədə keçməsindən asılı olmayaraq bu sənədlər ictimaiyyətə açıqlanmalıdır. Belə olmasaydı, bu iki qurumun rəyləri ən azından seçkini izləyən 1400-ə yaxın xarici müşahidəçinin hesabatı ilə uyğunluq təşkil edərdi. Təsəvvür edin ki, Beynəlxalq QHT üzvlərinin təmsil olunduğu Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi, Avropa Akademiyasının Seçkiləri Müşahidə Missiyası Asiya və Sakit Okean hövzəsi Beynəlxalq Mərkəz Demokratlar (CAPDI) təşkilatı, Beynəlxalq "İDEES" qeyri-hökumət təşkilatlarının müşahidə missiyası, Latin Amerikası və Karib dənizi ölkələri siyasi partiyalarının təşkilatı (COPPPAL), "Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu" (CEGPM) kimi nüfuzlu müşahidə qrupu bir, ATƏT/DTİHB, ABŞ Dövlət Departamenti isə tamam fərqli mövqedən çıxış edir. Onu da xatırladaq ki, həmin qurumların Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsi birinci dəfə deyil. Hər şey gün kimi aydındır. Qərəzli, həqiqətə uyğun olmayan məlumatı ötürən də, onu hazırlayan da Azərbaycanı sevməyən qüvvələrin təmsilçiləridir. Onların məqsədi heç də dünyanın hər hansı ölkəsində, o cümlədən Azərbaycanda demokratiyanın inkişafı, söz və mətbuat azadlığının təmin olunması, sərbəst toplaşmaq azadlığının həyat normasına çevrilməsi deyil. Başqalarına demokratiya dərsi keçən bu dairələrin demokratiya, fikir azadlığı ilə heç bir əlaqəsi yoxdur. Belə olmasaydı, regionun lider dövləti haqqında hesabat hazırlanarkən ən azından balans gözlənilər, işğalçı dövlətdən də aşağı münasibət nümayiş etdirilməzdi. Amma vəziyyətdən çıxış yolu mümkündür. Məlumdur ki, ATƏT/DTİHB Azərbaycan hökumətinin dəvəti ilə ölkədə keçirilən seçkiləri müşahidə edir. Dünyada kifayət qədər müşahidəçi missiyanın olmasına baxmayaraq Azərbaycan ölkədə bərqərar olmuş demokratik dəyərlərin dünyaya inteqrasiyası baxımından bu addımı atır. Əgər, Azərbaycanda tətbiq edilən seçki mexanizmi bir sıra dünya ölkələri üçün nümunə hesab edildiyi halda, ATƏT/DTİHB öz ənənəvi qərəzli mövqeyindən əl çəkmirsə, onun ölkəmizə dəvət edilməsinə nə ehtiyac var? Əgər bu təşkilatın hesabatı Azərbaycanda keçirilən seçkilərin nəticələrinə hansısa təsir imkanına malik deyilsə, sadəcə vətəndaşların seçimini şübhə altına alırsa, onların iradəsinə hörmətsizlik nümayiş etdirirsə, cəmiyyətdə inamsızlıq və narahatçılıq yaradırsa, onun seçkiləri izləməsinə qətiyyən lüzum qalmır. Məlumat üçün qeyd edək ki, artıq bir sıra ölkələr bu təşkilatın qərəzli mövqeyinə görə, artıq onu dəvət etməkdən imtina ediblər.
Alim