Müxalifət niyə uduzdu? - SİYASİ ŞƏRH
Düşərgənin uğursuzluğunun səbəbləri
14 Oktyabr 2013 15:45 SiyasətMüxalifət bu seçkini də uduzdu. Halbuki bütün tənqidlərə rəğmən düşərgə demək olar ki, tamamən birləşmişdi. 1998-ci ildə müxalifətin əsas partiyaları olan Müsavatla AXCP arasında razılıq əldə olunmadı. Müsavat AXCP-yə badalaq gəldi, vahid namizədə mane oldu. 2000-ci ildə Müsavat AXCP-ni parçaladı. Bir tərəfi özünə çəkdi, dünyanın, dövlətin tanıdığı AXCP-ni bütün gücü ilə küncə sıxdı. Müsavatın manevri effekt verdi. 2000-ci il parlament və 2003-cü il prezident seçkilərində AXCP (elçibəyçilər) elektoratının böyük əksəriyyəti Müsavata səs verdi. 2003-cü ildə AXCP nisbətən dirçəlmişdi. Müsavatla müəyyən münasibətlər yaranmışdı. Lakin AXCP-nin boynunda AMİP-in haqqı vardı, Cəbhə Etibar Məmmədova güzəşt etməli idi. Etdi də. 2003-cü ildə AXCP Müsavatı dəstəkləmədi. AMİP liderini dəstəkləməklə müxalifət daxilində faktiki olaraq ikitirəlik yaratdı. Müsavat 2003-cü ildə böyük zərbə aldı. 2005-ci ildə artıq köhnə umu-küsü unudulmuş, Müsavatla AXCP müttəfiq olmuşdu. Amma iki partiya arasında yenə də gizli rəqabət davam edirdi. Bu dəfə mövqelər dəyişmişdi. Öndə AXCP idi, əngəl törədən isə Müsavat. Müxalifət bu seçkini də uduzdu. 26 noyabrda AXCP-nin lüsumsuz radikallığı onunla nəticələndi ki, müxalifət uzun illər kütləvi aksiya keçirə bilmədi. 2008-ci il prezident, 2010-cu il parlament seçkilərində ənənəvi müxalifət heç nə ilə yadda qalmadı. Əslində 2013-cü il prezident seçkilərində də müxalifətin heç bir uğuru proqnozlaşdırılmırdı. Sadəcə, Gürcüstanda Saakaşvilinin Rusiyapərəst qüvvələr tərəfindən devrilməsi, Milyarderlər İttifaqına ümid edən ənənəvi müxalifəti hərəkətə gətirmiş, müəyyən ümidlər yaratmışdı. Amma Müsavat-AXCP rəqabəti bu layihəni də heçə çıxardı. Müsavat bütün yay boyu Milli Şuranın əleyhinə fəaliyyət göstərdi. Müsavatdakı dağıdıcı qrup fürsət gözlədi, ilk fürsət yaranan kimi Milli Şurada parçalanma yaratdı. Əslində müxalifətin məğlubiyyəti Cəmil Həsənli vahid namizəd elan olunanda müəyyən olmuşdu. Bunu ACP lideri Rəsul Quliyev də proqnozlaşdırmışdı. Cəmil Həsənlinin namizəd olması ənənəvi müxalifətin faktiki olaraq İctimai Palata formatına qayıtması idi. Bəzən Rauf Arifoğlu qanadı "Bizə Milli Şura əvvəldən lazım deyildi" deyirdilər. Amma bir nüans unudulur ki, Müsavatla AXCP İctimai Palata daxilində vahid namizədlə çıxış edə bilmədilər. AXCP Müsavatın güzəşt edəcəyini sona qədər gözləyirdi. Bu, olmayınca, Milli Şuranın vahid namizəd qəbul olundu. Və onu da unutmaq lazım deyil ki, Cəmil Həsənli naəlaclıqdan irəli sürülmüş namizədi idi. Onun qələbəsinə heç kim ümid etmirdi. C. Həsənli ənənəvi müxalifəti siyasi dalandan qurtarmaq üçün lazım idi. Həsənli seçkidə rəsmi olaraq 5 faizə qədər səs yığıb. Bu rəqəm o qədər realdır ki, ənənəvi müxalifət düşərgəsindən ciddi narazılıq və etiraz yoxdur. Bəs müxalifətin başqa seçənəyi vardımı? Əslində başqa variant da yox idi. Azərbaycan Gürcüstan deyil, güclü, varlı dövlətdir. Azərbaycanla qonşu dövlətlər Gürcüstan kimi danışa bilməzdilər. Bunu ənənəvi müxalifət öncədən nəzərə almalı idi. Ənənəvi müxalifət daxilində yenilənmə aparmalı, gənclərə meydan verməli, yeni siyasi situasiyaya uyğun addımlar atmalı, daha çox 2015-ci il parlament seçkilərinə hazırlaşmalı idi. Amma yenə də öncəki illərdəki xətalar buraxıldı, maksimalist yanaşma hakim oldu, "ya hər şey, ya heç nə" fəlsəfəsi müxalifəti uçuruma yuvarladı. Bu məğlubiyyətdən sonra ənənəvi müxalifət daha da yıpranacaq, ümidsizlik artacaq, qopmalar sürətlənəcək. Bundan isə yeni qüvvələr istifadə edəcəklər.
Ərhun Abbas