Ermənistanın COP29-la bağlı apardığı siyasətin müxtəlif hədəfləri var - ÖZƏL

"COP29-un Azərbaycanda keçirilməsinə Ermənistan özü də səs vermək məcburiyyətində qalsa da, bu hadisəyə Ermənistanın münasibəti və siyasəti özü üçün aydındır".
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Biz bilirik ki, Ermənistanın COP29-la bağlı apardığı siyasətin müxtəlif hədəfləri var və bunları şərti olaraq qruplaşdırmaq mümkündür. 
Birinci növbədə, Ermənistan COP29 hadisəsinə qarşı bu cür təxribatçı ideyalarla çıxış edir. Yəni Azərbaycan COP-dan sonra Ermənistana hücum edəcək, Azərbaycan Ermənistana qarşı müəyyən hərbi planlar qurur, Azərbaycan sülh istəmir, Azərbaycan Ermənistanı regional təcrid vəziyyətində saxlamaq istəyir və s. bu kimi yalançı təbliğat tezislərini diplomatiyada geniş işlətməklə COP ərəfəsində Azərbaycanın manevr imkanlarını daraltmağa çalışır. Təbii ki, Ermənistanın konkret məqsədləri var. Bu cür tezisləri ortalığa atmaqla ilk olaraq Ermənistan Azərbaycanın böyük önəm verdiyi COP29-un dünyada əhəmiyyətini azaltmaq, dünya dövlətlərinin ona marağını zəiflətmək istəyirlər. Çünki Ermənistan yaxşı bilir ki, Azərbaycan bu tədbirin çox uğurla keçiriləcəyi təqdirdə dünya daha çox geniş manevr imkanları əldə edəcək və bugünkü dünyanın bir nömrəli problemi olan iqlim dəyişmələrinin nəticələri ilə mübarizə strategiyasının bütün dünya üzrə hazırlanmasında önəmli mövqelərə çıxacaq. Bu Ermənistanı narahat edir. Beləliklə də birinci bu tezislərlə Azərbaycanın COP29 hazırlıqlarını dünyanın nəzərində nüfuzunu azaltmaq istəyir. 
İkincisi, Ermənistan COP-dan istifadə edərək özünün yarımçıq, tutarsız və perspektivi olmayan şərtlərini sülh sazişinə salmaqla bunu Azərbaycana imzalatmaq istəyir. Elə bir layihə irəli sürür ki, Azərbaycanı bunu imzalanması praktik şəkildə mümkünsüzdür və bunu COP-la əlaqələndirir. Sual yarana bilər ki, axı Ermənistan niyə sülh sazişinin imzalanmasının COP-la əlaqələndirilməsinin üzərində bu dərəcədə oynayır? Halbuki bu təklif Azərbaycana məxsusdur. İlk olaraq Azərbaycan bu təklifi irəli sürmüşdü ki, COP-a qədər sülh sazişi imzalaya bilərik. Amma Azərbaycan burada sülh xatirinə saziş imzalamaq nəzərdə tutmurdu. Nəyin bahasına olursa olsun, hər hansı bir sənədin imzalanmasını nəzərdə tutmurdu. Azərbaycan onu nəzərdə tuturdu ki, əsl sənəd imzalansın. Amma Ermənistan özünün sülh sazişi imzalamaq niyyətində olmadığını gizlətmək üçün bu ideyadan möhkəm yapışdı. Əslində sülh sazişi imzalamaq niyyəti olmadığı halda ortaya elə bir saziş layihəsi qoydu ki, Azərbaycan avtomatik olaraq onu imzalaya bilməz. Çünki bu, Azərbaycanın nə qoyduğu şərtlərə uyğun gəlmir, nə də ümumiyyətlə beynəlxalq praktikaya uyğun gəlməyən bir şeydir. Harada görsənib ki, tam sülh sazişini imzalamaq imkanı olduğu halda bu sazişi yox, hansısa yarımçıq sənədi imzalayasan. Dünyada belə praktika olmayıb. Ona görə Ermənistan bu cür ideyalarla yalançı sülh sazişini Azərbaycana təklif etmək, onu ya Azərbaycanda imzalatmaq, ya da Azərbaycanın ondan imtina edəcəyi təqdirdə bundan istifadə edərək Azərbaycanın barəsində dünyada "bu ölkə sülh İstəmir" tezisini yenidən güclü şəkildə ortaya atmaq məqsədi güdür. 
Və nəhayət, üçüncü məqsəd, COP-dan istifadə edərək Ermənistan hazırda Bakıda həbsxanada saxlanılan separatçı caniləri Azərbaycanın ədalət məhkəməsinin qərarından qabaq azadlığa buraxılmalarına nail olmaq istəyir, çünki başa düşür ki, mütləq şəkildə Azərbaycan onları cəzalandırmaq niyyətindədir qanun çərçivəsində. Onlara Ədalət Məhkəməsinin hökmü ilə qanuni cəza kəsiləcək. Amma Ermənistan qanuni cəza kəsilməzdən əvvəl bu cinayətkarların azadlığa buraxılmasına nail olmaq istəyir. Bununla sübut etmək istəyir ki, bir tərəfdən onlar hərbi canilər deyildilər, Azərbaycanın həqiqətən əlində saxladığı hərbi əsirlər və girovlar idilər. İkincisi isə, həmin o canilər haqqında məhkəmə hökmündən qabaq onların azadlığa çıxmasına nail olmaqla, onların azadlığa buraxılacağı təqdirdə Azərbaycanın ortaya qoya biləcəyi müəyyən şərtlərdən xilas olmaq istəyirlər ki, bu da Ermənistan üçün müəyyən taktiki yanaşmadır. Amma bu məqsədlərin heç biri real və həyati deyil. Möhkəm bazaya söykənmir və Azərbaycanın arqumentləri qarşısında onun hər üç istiqamətdə uğur qazanmaq şansları demək olar, sıfıra bərabərdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31