“Gürcü Arzusu”nun qələbəsi Azərbaycanın maraqlarına daha uyğundur- ÖZƏL

"Oktyabrın 26-da Gürcüstanda növbəti dəfə parlament seçkiləri baş verəcək və bu seçkilərdə gürcü xalqı öz gələcəyini, Gürcüstanın gələcək xarici siyasət istiqamətini müəyyənləşdirəcəklər. Daha konkret desək, Gürcüstanın qarşısında seçim olmuş olacaq. Ya Qərbə yönümlü bir siyasət, ya da indiki kimi balanslı, tarazlaşdırılmış xarici siyasət. Sözsüz ki, hər bir xalqın, dövlətin marağına ən uyğun xarici siyasət kursu bütün güclərlə, bütün dövlətlərlə bərabər məsafəni özündə ehtiva edən balanslı xarici siyasətdir. Gürcüstanda hazırda hakimiyyətdə olan "Gürcü Arzusu" və İrakli Kobaxidze bu günə kimi bu siyasəti rəhbər tutmuşlar". 

Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Amma əgər parlament seçkilərində müxalif qüvvələr, vahid milli hərəkat qalib gələrsə, sözsüz ki, bu zaman Qərb Ermənistanda olduğu kimi, Gürcüstanı da özünün plastdarmına çevirə bilər ki, bu da Gürcüstanın gələcəyini heç də parlaq etmir. Çünki əvvələ baxdığımızda Gürcüstan timsalında biz onu görürük ki, Qərbin regiondakı siyasəti heç də region dövlətlərinin rifahına, inkişafına aparmır və bu baxımdan, sözsüz ki, hazırkı hakim partiyanın, yəni "Gürcü Arzusu"nun qələbəsi Azərbaycanın maraqlarına daha uyğundur. Çünki Azərbaycan özü kimi balanslı siyasət yürüdəcək, hansısa bir gücün forpostu olmayacaq, hansısa bir dövlətin maraqlarına uyğun hərəkət etməyəcək bir dövlətlə tərəfdaşlığını davam etdirmək istəyindədir. Bu baxımdan "Gürcü Arzusu"nun qalib gəlməsi həm region üçün, həm Azərbaycan üçün, həm də eyni zamanda Gürcüstan xalqı üçün ən optimal seçim olar".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31