Gürcüstandakı hakim partiyanın seçkiləri yenidən qazanması...- ÖZƏL
17 Oktyabr 2024 16:40 Siyasət"Gürcüstanda qarşıdan gələn seçkilər təkcə bu ölkənin gələcək üçün önəmli deyil, eyni zamanda, region üçün də çox əlamətdar bir hadisə olacaq. Nəyə görə? Çünki Azərbaycanda və Ermənistanda stabil bir iqtidar formalaşmaları var və Azərbaycan tərəfi dünya dövlətləri ilə münasibətlərini həm iqtidar, həm dövlət olaraq tamamilə regional siyasət aparıb balans siyasətini qorumaq məcrasında davam etdirməyi seçdiyi bir halda, Ermənistanda iqtidar artıq Qərbə inteqrasiya yolunu bir seçim olaraq seçib və bu yöndə hərəkət edib".
Bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:
"Gürcüstanda isə qəribə bir təzadlıq var.
Belə ki, dövlət başçısı, yəni prezident kürsüsünü təmsil edən Zurabişvili qərbmeylli addımları ilə ön plana çıxdığı halda, baş nazir postuna sahib olan və hazırda idarəetmə sxemini əlində saxlayan hakim partiya və onun nümayəndələri isə regional siyasətə üstünlük verməyə və balans siyasəti formalaşdırmağa çalışırlar. Ona görə də bu təzadın fonunda bu seçkilər artıq bir növ Gürcüstanın hansı yolla hərəkət edəcəyinin də göstəricisi olacaq. Əgər Qərb meylli qüvvələr parlamentdə üstünlük təşkil etsələr, bu halda tam fərqli bir Gürcüstan, yox, əgər hakim partiya iqtidarda qalarsa, bu zaman isə tamamilə fərqli xarici siyasəti olan Gürcüstan görəcəyik. Qərbmeylli Gürcüstanın formalaşması indiki məqamda Azərbaycan üçün müəyyən risklər ehtiva edir. Çünki burda qərbmeylli dedikdə biz əsasən Fransa və müəyyən dərəcədə ABŞ-dən dəstək alan bir iqtidar görəcəyik. Fransanın son zamanlarda Azərbaycana qarşı atdığı antiazərbaycan addımlarını nəzərə aldıqda demək olar ki, Gürcüstan iqtidarı Amerikanın təsiri ilə antiazərbaycan addımı ata bilər. Bu da regional tərəfdaşlıq və əməkdaşlıq kimi məsələlərdə ciddi risklər doğura bilər. Amma hazırkı hakim koalisiya bayaq qeyd etdiyimiz kimi, regional məsələləri ön plana çəkir, onlar bölgə dövlətləri ilə əlaqələrə üstünlük verirlər və hətta Rusiya ilə də münasibətləri yaxşılaşdırmaq üçün addımlar atmaq istədiklərini, ancaq bunun üçün də ilk şərtlərinin təbii ki, Gürcüstanın ərazi suverenliyinin bərpası olduğunu deyirlər. Bütün bunların fonunda, əlbəttə, Gürcüstandakı hakim partiyanın yenidən seçkiləri qazanması, həm regiona sabitlik, həm də Azərbaycan, Gürcüstan əlaqələri baxımından daha effektiv ola bilər. Ancaq yenə də son sözü Gürcüstan xalqı deyəcək, oradakı seçkiləri izləyib nəticələri görmək lazımdır. Ümumi yanaşmada isə tam mənada olmasa da, iddia etmək mümkündür ki, hər nə qədər Gürcüstanda qərbmeylli itidar formalaşsa da, onların Azərbaycanla əlaqələri ikinci plana atmaq kimi bir seçimləri mümkün deyil. Buraya tranzit layihələr, enerji asılılığı daxildir. Azərbaycanın regional əhəmiyyəti, ümumiyyətlə bölgədə baş verən regional dəyişiklikləri nəzərə aldıqda görürük ki, bəli, indiki iqtidar bu münasibətlərə daha açıq olacaqsa, qərbmeylli bir iqtidar formalaşsa da, artıq daha açıq olmasalar da, bir çox məsələlərdə məcburiyyət onları Azərbaycan siyasətinə obyektiv baxmağa vadar edəcək".
Zeynəb Rzayeva