Gürcüstandakı seçkilər olduqca taleyüklü məsələdir- ÖZƏL

"Qərb bloku illər ərzində Cənubi Qafqaz və btövlükdə postsovet ölkələrində siyasi proseslərə təsir etməyin müxtəlif yollarını axtardı, bəzilərində isə bu yolların fərqli üsul və metodlarını tətbiq etməyə müvəffəq də oldu. Yaxın keçmiş, siyasi hadisələrin inkişaf tendensiyası isə bir şeyi sübut etdi ki, onların hər birinin nəticəsi vəd edilən sonluqla deyil, mənfi tendensiyalarla, cəmiyyətin parçalanması, dağılması ilə nəticələndi. Azərbaycanın Qarabağda zəfər əldə etməsindən və suverenliyini bərpa etməsindən sonra regionumuz Qərbin əlindən çıxdı desək, yanılmarıq". 

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq 
Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Bir digər məsələ də o oldu ki, regional inteqrasiya və Gürcüstan-Azərbaycan əlaqələrinin dərinləşməsi fonunda Gürcüstan da Qərbin simasını tanıdı. Bu baxımdandır ki, Qərbin Gürcüstan cəmiyyətinə otuzdurduğu agentura şəbəkəsi ifşa olundu, xalq isə seçiminin yanlışlığını müəyyən etməyə müvəffəq oldu. Bu gün Gürcüstan çox tarixi prosesin, seçimin astanasındadır. Dövlət, ölkə və xalq olaraq seçimlərində olduqca sərrast, dəqiq qərar verməli, bu seçimin sadəcə Gürcüstan üçün deyil, region üçün əhəmiyyət kəsb etdiyini dərk etməlidirlər. Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev hər uğurlu addımı kimi hazırkı Gürcüstan hakimiyyəti ilə də uğurlu əməkdaşlığa nail olub. Bu əməkdaşlıq iki dövlət arasında fərqli bir səhifə olmaqla yanaşı, həm də fərqli perspektivlərdən xəbər verir. Gürcüstandakı seçkilərdə hazırkı hakim partiyanın qələbəsi həm Azərbaycanın maraqlarına uyğundur, həm də regionun stabilliyi və tərəqqisi üçün mühüm amildir. İnkarolunmaz faktdır ki, bu gün Cənubi Qafqazın taleyi Gürcüstan və Azərbaycandan asılıdır. Buna görədir ki, Qərbin bəzi təsisatları, strukturları həm Gürcüstana, həm də Azərbaycana davamlı təzyiqlər edir, daxili işlərə müdaxilələr edirlər. Bütün bunların fövqündə dayanan amil odur ki, cənab Prezident İlham Əliyevlə Gürcüstanın baş naziri İrakli Kobaxidze  arasında şəxsi təmaslar üst səviyyədədir. Reallaşdırılan qarşılıqlı səfərlər, baş tutan görüşlər iki ölkə arasında münasibətlərin ruhunu müəyyən edir.  Azərbaycanla Gürcüstanın birgə iştirak etdiyi regional layihələr nəinki regiona stabillik gətirir, eyni zamanda region xalqlarının rifahına təsir etməklə yanaşı, mübadilənin arealının genişlənməsinə təkan verir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum və sairə kimi böyük layihələr və bu istiqamətdə görülən işlər iki ölkə arasında dostluq münasibətlərindən xəbər verir. Cənubi Qafqaz regionunun bir digər spesifikası ondadır ki, regionumuz multikultural dəyərlərlə zəngindir. Tarix boyu bu regionda xalqlar qarşılıqlı hörmət əsasında yaşayıb, yaradıblar. Bu baxımdandır ki, Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülərə dövlət tərəfindən diqqət və qayğı mövcuddur. Qərb cəmiyyətlərində ahəngin, təbii dövrənin pozulduğu üçün həzm edə bilmədikləri məsələ həm də bu ahəngdir, məqsəd onun pozulmasıdır. Daxili işlərə müdaxilənin səbəblərindən də biri budur. Ona görə region dövlətləri və xalqları arasında mövcud olan və perspektivdə dayanan sülhə hər vəchlə mane olmağa çalışılır. 
    Gürcüstandakı seçkilər Cənubi Qafqazın ənənəvi dəyərlərinə və ənənəvi ailə dəyərlərinə xas münasibətlərlə Qərbin bu regiona da sırımağa çalışdığı, bizə isə son dərəcə yad olan meyillər arasında bir növ mübarizəni xatırladır. Buna görədir ki, Gürcüstandakı seçkilər olduqca taleyüklü məsələdir. Siyasi nəzəriyyələrdən və təcrübədən yuxarıda dayanan dəyişməz bir reallıq var ki, bu da yerləşdiyimiz, dəyişməsi, dəyişilməsi mümkünsüz olan coğrafi mövqeyimizdir. Bu baxımdan dağıdıcı qüvvələrin qarşısında bütün region ölkələri dayanmalıdır. İqtisadi mübadilə, inteqrasiyaya açıq olmaqla, qlobal layihələri icra etməklə regonu böyük bir iqtisadi dəhlizə çevirmək son dərəcə mümkün və realdır. Bu uzaqgörən siyasətin memarı Azərbaycanın dövlət başçısının yanaşması isə ən düzgün yanaşmadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31