Azərbaycanın dəvəti qəbul edilsə, Bakıda çox böyük tarixi hadisənin şahidi ola bilərik - ÖZƏL
17 Oktyabr 2024 16:00 Siyasət"Ermənistanda hər zaman belə xəbərlər olub. Ermənistan tam mərkəzləşmiş bir ölkə deyil. Yəni burada siyasi institutlar arasında rəqabət var, ölkə daxilində fərqli maraq qrupları və onları dəstəkləyən böyük güclər var".
Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Adi baxdıqda, Ermənistanda Paşinyan hakimiyyəti ilə lobbi və diasporanın dedikləri kəskin şəkildə fərqlənir. Bu bəzən onlar arasındakı razılıqdan olsa da, bəzən də narazılıqlardan qaynaqlanan məsələdir. Sülh müqaviləsi COP29-a qədər imzalana bilərmi, bu istiqamətdə işlər gedir. Yəni, Azərbaycan tərəfi də Ermənistanı COP29-a dəvət edib. Bu dəvət qəbul edilsə, Bakıda çox böyük tarixi hadisənin şahidi ola bilərik. Edilməyəcəyi təqdirdə göründüyü kimi saziş imzalanmaya da bilər. Bu belə olduqca ciddi bir məsələdir.
O ki qaldı Ermənistanın ritorikasına, rəsmi İrəvan regionda reallıqları dəyişməyə çalışır. Mövcud reallıqlar Ermənistanın əleyhinədir, ən azından bunu onlar belə görürlər. Azərbaycan tərəfi isə mövcud reallıqlarda sülh müqaviləsinin imzalanmasını israr və təkid edir. Ermənistan prosesi uzatmaq məqsədilə və regionda gücləri cəlb etmək üçün bu tipli manipulyasiya cəhdləri edir, edəcəkdir, hətta təxribat ehtimalları da var. Hesab edirəm ki, bu rəsmi Bakını narahat etmir. Biz sülh müqaviləsinin imzalanması istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik. Ermənistanın prosesdən yayınma cəhdləri, prosesdəki reallıqları dəyişmə cəhdləri bizim üçün əhəmiyyət kəsb etmir. Azərbaycan doğru bildiyi yoldan geri dönüş etməyəcək".