Üç Güney Qafqaz dövləti anlaşa bilərsə... - ÖZƏL
17 Oktyabr 2024 15:31 Siyasət"3+3 formatı əlbəttə ki, Güney Qafqaza sülh və dayanıqlı sabitlik gətirə bilər. Amma burada gərəkdir ki, sözügedən hər iki tərəfin üçlüyü bir araya gəlmiş olsun".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Burada söhbət əlbəttə, üç Güney Qafqaz dövlətindən gedir: Azərbaycan, Gürcüstan və Ermənistandan. Eyni zamanda Güney Qafqaza birbaşa dəxli olan üç qonşu dövlət: Rusiya, İran və qardaş Türkiyə. Bütün bunların fonunda 6 dövlət bir masa arxasında oturub, həqiqətən də müzakirə aça bilərsə, bəli, Güney Qafqaz sabitliyini, inkişafını davam etdirə biləcək. Yox, əgər bu ölkələrdən hər hansı biri kənarda qalacaqsa, o zaman 3+3 formatı işləməyəcək. İndiki şəraitdə 3+3 formatında hələ ki, Gürcüstan iştirak eləmir. Gürcüstan dövləti Rusiyanı işğalçı hesab edir haqlı olaraq, Abxaziya və Güney Osetiyadan Rusiyanın çıxmasını tələb edir. Ondan sonra bəli, Rusiya ilə masa arxasında otura biləcəklərini deyirlər. Biz isə dəfələrlə təkrarlamışıq ki, belə bir şəraitdə 3+3 hələ ki, yetərincə effektiv deyil, daha effektiv bir model, mexanizm 3+1 ola bilər. Bu nədir? Bu üç Güney Qafqaz ölkəsi - Azərbaycan, Gürcüstan, Ermənistan və +1 də qardaş Türkiyə. Türkiyə ilə Azərbaycanın münasibətlərini xüsusi vurğulamağa ehtiyac yoxdur. O cümlədən Gürcüstanla Türkiyə arasında münasibətlər çox yüksək səviyyədədir. Ermənistan da Türkiyə ilə çox yaxınlaşmağa, sərhədi açmağa can atır. Yəni Ermənistan da bu formata uyğundur. Qardaş Türkiyə burada ağsaqqallıq edə bilər, prosesin önünü çəkə bilər və bu üç dövləti bir araya gətirib, birlikdə Güney Qafqaz üçün böyük işlər görə bilər. Deyə bilərsiniz ki, İran və Rusiya kənarda qalsa, bu sabitlik, sakitlik inkişafının təminatı tam olacaqmı, mənə görə olacaq. Bəli, üç Güney Qafqaz dövləti anlaşa bilərsə və burada təminatçı rolunu qardaş Türkiyə oynayarsa digər iki dövlət - İran və Rusiya bizim bölgəmizdə elə də söz sahibi ola bilməyəcək. Bax, biz bu formatın tərəfdarıyıq. Üstəlik də qardaş Türkiyə, İran və Rusiyadan fərqli olaraq təcavüzkar deyil. Hətta Ermənistana münasibətdə belə çox yumşaq davranır və davranmağa həmişə hazırdır. Ona görə də düşünürəm ki, 3+1 formatı daha uyğun olardı. İran bilirsiniz ki, İranın hətta rəsmiləri bəzən Azərbaycan Respublikasını Şimali İran adlandırır. Rusiya açıq- açığına təcavüzkar bir ölkədir, dövlətdir və Ukraynada baş verənlər bunun sübutlarından biridir. Bundan əlavə, Gürcüstanın Abxaziya və Güney Osetiya bölgələrini işğal altında tutur, onları dırnaqarası müstəqil dövlətlər elan edib. Bunun fonunda əlbəttə ki, Gürcüstan gedib onlarla işbirliyi edə bilməyəcək. Elə bizim də Rusiya ilə bu formatda işbirliyi etməyimiz elə də asan görünmür, yaxud da elə də məqbul görünmür. O baxımdan düşünürəm ki, 3+1 formatı daha işlək, daha effektiv ola bilər".