Ermənistan dövlətini yer üzündən yox etmək kimi bir iddiamız yoxdur - ÖZƏL
17 Oktyabr 2024 15:20 Siyasət"İrəvan həmişə Azərbaycanı ittiham edib, özü də özünün törətdiyi əməlləri görməzdən gəlib, bir kənara qoyub, həmin əməllərin Azərbaycan tərəfindən törədildiyini iddia edib. 10 İllərdir biz bunu müşahidə edirik".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Azərbaycan torpaqlarını işğal edən Ermənistan davamlı şəkildə Azərbaycana təcavüzkar kimi qələmə verməyə çalışıb və hətta indinin özündə belə Qarabağda keçirilmiş antiterror əməliyyatlarını və bütövlükdə Azərbaycanın öz torpaqlarını azad etməsini, Ermənistanda müəyyən dairələr Azərbaycanın Qarabağı işğal etməsi kimi dünyaya tirajlayır. Həyasızlığın həddinə, dərəcəsinə baxın ki, bir dövləti öz torpağını işğal etməkdə günahlandırırlar. Bunu ancaq ermənilər bacarır. İndinin özündə də Azərbaycanın guya hərbi planlar cızması, guya hücuma hazırlaşması, guya Ermənistanı yox etməyə hazırlaşması, bunlar hamısı cəfəng, nağıl söhbətlərdir. Əslinə qalanda, daha çox bir tərəfdən Ermənistan daxili ictimai rəyinə hesablanıb, digər tərəfdən də Ermənistanın arxasında duran hamilərinə hesablanıb. Yəni ermənilər, erməni hakimiyyəti bu yolla içəridə vətəndaşları qorxu altında saxlamaq və onların azadlıqlarını boğmağa çalışır, digər tərəfdən də hamilərinə, "böyük bacılarına" mesaj ötürür ki, bax, görürsünüz, biz çox çətin vəziyyətdəyik, Azərbaycan hücuma hazırlaşır, siz bizə yardımları çoxaldın. Yəni ənənəvi erməni məkridir. Əlbəttə ki, bunu anlayanlar da var, anlamayanlar da var, anlayıb, anlamadığı kimi özünü göstərənlər də var. Amma biz bütün bunları bilirik. Buna görə narahat deyilik. Azərbaycan dövlətinin heç bir dövlətin torpaqlarında gözü yoxdur. O cümlədən də, Ermənistan dövlətini yer üzündən yox etmək kimi bir iddiamız da yoxdur. Bu deyilənlər cəfəng iddialardan başqa bir şey deyil".