Formatın effektivliyi üçün regional dövlətlərin səmimiyyəti və ciddi təşəbbüsləri vacibdir- ÖZƏL

"Qlobal güclərin mövqe mübarizəsi dünyanın bütün bölgələrini əhatə etdiyi kimi, Qafqaz regionunda da iddialı oyunçuların maraqlarının toqquşmasına səbəb olub. Bu baxımdan da regiona daxil olmayan dövlətlər Cənubi Qafqaza müdaxilə cəhdləri edərək, təsir mexanizmlərini işə salıblar".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib:

"Qeyri-regional ölkələrin öz maraqları kontekstində irəli sürdüyü siyasət xətti sabitliyə və sülhə ən böyük təhdid kimi mənfi nəticələrini göstərir. Ona görə də bölgəyə nüfuz etmək istəyən qüvvələrin qarşısını almaq, regional əməkdaşlığı, təhlükəsizliyi qoruyub saxlamaq dövlətlər üçün həyatı əhəmiyyət kəsb edir. 
İkinci Qarabağ müharibəsindən sonra əsası qoyulan region dövlətləri arasındakı məsələlərin müzakirə edilməsi üçün əsas platforma olan "3+3" formatı da bölgədəki dövlətlərin koordinasiyalı əməkdaşlığına, xarici təhdidlərin aradan qaldırılmasına böyük töhfə ola bilər. Lakin indiyədək keçirilən 2 görüşdə Gürcüstanın iştirak etməməsi, Ermənistanın Qərbi bölgəyə gətirmək səyləri, İranın Zəngəzur dəhlizi barədə mənfi baxışları bu formatın tam potensialını ortaya qoymağa imkan vermir, görüşləri formallaşdırır. Buna baxmayaraq, Gürcüstanda keçiriləcək parlament seçkilərində "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının qələbə qazanmasından sonra Tbilisi bu formatda iştirak edə bilər. Ermənistanda isə vəziyyət fərqlidir, belə ki, İrəvan öz təhlükəsizliyini ABŞ-a, Fransaya etibar etməklə, regiondakı Rusiya-Qərb qarşıdurması üçün məkana çevrilir. Halbuki, "3+3" formatı kənar güclərin deyil, region ölkələrinin məsələlərin həllində effektiv rol oynayacağı bir məkanıdır. Ona görə də formatın effektivliyi üçün regional dövlətlərin səmimiyyəti və ciddi təşəbbüsləri vacibdir. İstənilən halda keçirilən görüşlərdə müsbət nəticələrin əldə ediləcəyinə ümidlər var. 
Bundan əlavə, Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistan arasında arasında güclü şəkildə iqtisadiyyat, nəqliyyat-logistika və enerji sahələrində tərəfdaşlıq  perspektivləri mövcuddur. Ümumilikdə isə Qafqazdakı sülh və sabitlik strateji tərəfdaşlıq, yaxın qonşuluq və dostluq münasibətlərinin davamlı olması ilə birbaşa əlaqəlidir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31