“3+3” regional əməkdaşlıq baxımından kifayət qədər uğurlu formatdır- ÖZƏL
17 Oktyabr 2024 14:47 Siyasət"Rusiya "3+3" formatının davam etdirilməsində maraqlıdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:
"Ümumilikdə rəsmi Moskva son zamanlar çalışır ki, Cənubi Qafqazda gedən danışıqları öz nəzarəti altına alsın və bunun üçün də müxtəlif platformalar təklif edir. Bu məsələ Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın dilindən daha çox səsləndirilir və həmçinin XİN rəhbəri Sergey Lavrov da bu məsələ ilə ciddi şəkildə məşğul olur. Rusiya Cənubi Qafqazda öz nəzarətini artırmağa qərar verib. Düzdür, Rusiya-Ukrayna müharibəsinin fonunda Rusiyanın regiondakı təsir dairəsi bir qədər zəifləmişdi. Ancaq görünür ki, müharibə nə qədər ağır formada getsə də, Moskva Cənubi Qafqazı əldən vermək istəmir. Cənubi Qafqazdakı proseslərə müdaxilə etmək, öz gücünü göstərmək və burada baş verənləri Qərbə güzəştə getmək istəmir. Bunun üçün də əlindən gələni etməyə çalışır.
"3+3" formatı əslində regional əməkdaşlıq baxımından kifayət qədər uğurlu formatdır. Çünki Cənubi Qafqazın üç ölkəsi, həmçinin digər regional əhəmiyyətli ölkələrin prosesə qoşulması, region ölkələrinin öz məsələlərini özləri həll etməsi kifayət qədər müsbət hadisədir. Ancaq "3+3" formatında iştirak edən dövlətlərin öz aralarında da müəyyən maraq toqquşmaları və ziddiyyətləri var. Bu baxımdan hesab edirəm ki, bütün bunların hansı formada cərəyan edəcəyi, yəni danışıqların necə bir uğura aparıb çıxaracağı bir qədər şübhəlidir. Bundan əvvəl də danışıqlar olub və həmin danışıqlar tamamilə formul icablı danışıqlar idi. "3+3" formatında bu günə qədər hansısa müsbət bir addım atılmayıb, buna rəğmən yenə də uğurlu bir platformadır. Dövlətlər burda qətiyyət göstərsələr, xüsusilə də prosesdə iştirak edən nisbətən böyük dövlətlərdən öz maraqları çərçivəsində yox, ümumi əməkdaşlıq çərçivəsindən baxsalar, bəli, "3+3" formatında istər ticarət-iqtisadi, istər nəqliyyat-logistika, istərsə də mədəni-humanitar sahəsində böyük uğurlar əldə etmək olar. Həmin dövlətlər öz maraqlarından yox, ümumi əməkdaşlıq kontekstindən danışıqlar prosesində iştirak etməlidirlər".
Qiymət Mahir