Parlament seçkiləri Gürcüstana nə vəd edir?
18 Oktyabr 2024 10:30 SiyasətQərb Gürcüstanda hakimiyyət dəyişikliyinə çalışır
Gürcüstanda keçiriləcək parlament seçkilərinə sayılı günlər qalıb. Lakin seçkilər yaxınlaşdıqca ölkədə siyasi vəziyyətin gərginləşməsi müşahidə olunur. Hazırda istər region dövlətlər, istərsə də kollektiv Qərb və ABŞ bu seçkilərdən yararlanmaq niyyətindədir. Qərb dairələri hesab edirlər ki, Gürcüstanda onlara xidmət edəcək hakimiyyəin formalaşdırılmasına nail olsalar Cənubi Qafqazda hökmranlıq edə biləcəklər. Bundan əndişələnən region dövlətlər isə Qərbdən edilən təzyiq və təhdidi zərərsizləşdirməyə çalışırlar. Hazırda Cənubi Qafqazda Rusiya və Qərb arasında gedən nüfuz savaşı dramatik həddə çatıb. Gürcüstanın daxilində isə siyasi qarşıdurma pik həddədir, qanunverici və icra hakimiyyətləri arasında uçurum yaranıb. Qərbin ortalığa atdığı "Xarici agentlər haqqında" qanun layihəsi sözün əsil mənasında Gürcüstan hakimiyyətini iki hissəyə parçalayıb. Məhz bu kimi səbəblərdən Gürcüstanda keçirilən parlament seçkiləri Qərbin və bütün dünyanın maraq dairəsindədir. Belə halda sual yaranır, Gürcüstanda keçiriləcək parlament seçkilərinin Azərbaycana təsiri nə ola bilər?
Əvvala qeyd edək ki, bu gün Cənubi Qafqazın taleyi Gürcüstan və Azərbaycandan asılıdır. Nəzərə alaq ki, Cənubi Qafqazın üçüncü dövləti olan Ermənistan yürütdüyü işğalçılıq siyasətinə görə bütün regional və beynəlxalq layihələrdən kənarda qalıb. Bu ölkənin iqtisadiyyatı tənəzzülə uğradığndan heç bir dövlətin maraq dairəsində deyil. Üstəlik Ermənistanın müstəqil siyasəti olmadığından ondan siyasi məqsədlər üçün istifadə elə də çətin məsələ deyil. Nəzərə alaq ki, Ermənistan 44 günlük Vətən müharibəsindən sonra düşdüyü ağır vəziyyətdən çıxmaq üçün himayədar axtarışındadır. Deməli, regionda Azərbaycan və Gürcüstan əsas güc mərkəz kimi çıxış edir ki, Qərb bununla razılaşmaq niyyətindən uzaqdır. Xüsusilə qeyd edək ki, kollektiv Qərb və ABŞ Azərbaycana "diş vurdu." Lakin onun müstəqil siyasət yürütmək niyyətinin qəti olduğuna əmin olaraq bütün gücü Gürcüstana səfərbər etmək məcburiyyətində qaldı. Hazırda isə bu ölkədə hakimiyyətin dəyişdirilməsi məqsədilə ən müxtəlif layihələr həyata keçirməkdədir.
Lakin, Gürcüstandakı seçkilərdə hazırkı hakim partiya olan "Gürcü Arzusu - Demokratik Gürcüstan"ın qələbəsi Azərbaycanın maraqlarına uyğundur. Çünki, Gürcüstanla Azərbaycan bir sıra layihələrin reallaşdırılmasında müştərək fəaliyyət göstərirlər, ikitərəfli əməkdaşlıq sazişləri imzalayıblar, beynəlxalq tədbirlərdə bir-birlərinə dəstək verirlər və ən nəhayət gələcək layihələrin baş tutmasında qarant rolunu oynayırlar. Azərbaycanla Gürcüstanın iştirak etdiyi regional layihələr-Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum və s. İki ölkə arasında dostluq münasibətlərinin birgə layihələrin reallaşması və ümumilikdə regionun inkişafına töhfəsi danılmazdır. Üstəlik, Prezident İlham Əliyevlə Gürcüstanın baş naziri İrakli Kobaxidze arasında şəxsi təmaslar, dövlət başçılarının qarşılıqlı səfərləri, ikitərəfli görüşlər iki ölkə arasında münasibətlərin inkişafını ən yüksək səviyyəyə qaldırıb. İki ölkə arasında münasibətiərin yüksək səviyyədə olmasının daha bir göstəricisi Gürcüstanda yaşayan azərbaycanlılara və Azərbaycanda yaşayan gürcülərə dövlət tərəfindən diqqət və qayğının yüksək səviyyədə göstərilməsidir. Məhz bu davranış hər iki ölkədə etnik problemləri sıfıra endirir.
Bütün sadalananlara baxmayaraq, Qərbdə bəzi dövlət və dairələr Gürcüstanın daxili işlərinə müdaxilə etməyə çalışırlar. Maraqlıdır ki, bunu Azərbaycana olduğu kimi təzyiq və təhdid yolu ilə həyata keçirmək istəyirlər. Faktiki olaraq Qərb vaxtilə ciddi mövqelərə malik olduğu Gürcüstanda öz mövqeyini bərpa etməyə cəhd göstərir. Bu baxımdan hazırki Gürcüstan hökuməti ilə Qərb arasındakı münasibətlərdə kifayət qədər ciddi gərginliklər mövcuddur və Qərb bir çox məsələləri bəhanə edərək Gürcüstana təzyiq etmək istəyir. Gürcüstan dövləti də bu təzyiqlərin qarşısında hələlik müqavimət göstərir. Üstəlik, seçkidən sonra mümkün ola biləcək rəngli inqlabların qarşısını almaq istiqamətində təhlükəsizlik tədbirləri görür. Təsadüfi deyil ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) seçkilər ərəfəsində planlaşdırılan mümkün təxribatlar barədə xalqa xəbərdarlıq edib. Qurumun məlumatında deyilir ki, siyasi dairələrlə əlaqəli qruplar Gürcüstan hökumətinin nümayəndələrinin səslərindən və videogörüntülərindən istifadə edilərək, saxta video və audioyazılarını yaymağı planlaşdırırlar. Saxtalaşdırılmış audioyazılar Dövlət Təhlükəsizlik Xidmətindən sızdırılmış məlumatlar kimi təqdim ediləcək. Bu saxta məlumatın yayılmasının məqsədi hakimiyyət qolları arasında qarşıdurma, hökumətlə Pravoslav Kilsəsi arasında düşmənçilik yaratmaq və hökumətlə Qərb tərəfdaşları arasında münasibətləri pisləşdirməkdir. Göründüyü kimi Cənubi Qafqazı "qan çanağına" cevirmək istəyində olan məkrli düşmənlər fəaliyyətdədirlər. Qərb həmçinin Ermənistanla Azərbaycan arasında müharibənin reallaşmasında da maraqlıdır. Məqsəd bununla Rusiyanı ikinci müharibəyə cəlb edərək zəiflətməkdir. Analitiklərin qənaətinə görə, Cənubi Qafqazın taleyi birinci növbədə birmənalı şəkildə Azərbaycandan asılıdır. Fakt odur ki, Azərbaycan Cənubi Qafqazın ən güclü ölkəsi və real güc mərkəzidir. Azərbaycanın bu gün Cənubi Qafqazda real gücə çevrilməsi, öz liderlik mövqelərini gücləndirməsi beynəlxalq aləm tərəfindən də qəbul edilən və həmçinin hesablaşılan bir situasiyadır. Bu isə o deməkdir ki, Azərbaycan Cənubi Qafqazın təhlükəsizliyini təmin etmək iqtidarındadır. Yalnız Azərbaycanın təşəbbüsləri və reallaşdırdığı layihələr qəbul edildiyi halda regionda sülh və davamlı inkişaf təmin oluna bilər.
Alim Hüseynli