Bü gün Azərbaycan erməni işğalının izlərini silir
17 Oktyabr 2024 11:17 Siyasət"Qarabağın hava qapısı" sayılan Füzuliyə həyat qayıdır
Azərbaycan otuz il düşmən işğalına dözmək məcburiyyətində qaldı. Amma işğal və onun nəticələri ilə, o cümlədən erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktları, yüz minlərlə soydaşımızın öz doğma yurd-yuvalarından didərgin salınması, ziyarətgahlarımızın dağıdılması, şəhər və kəndlərimizin talan edilməsi ilə barışmadı. 44 günlük müharibədə Azərbaycan erməni silahlı qüvvələrini şəhər və rayonlarımızdan təmizlədi. Vətən savaşında qalib Azərbaycan ordusunun tək uğuruna yox, həm də cəsarət və qəhrəmanlığına görə əvəzolunmaz əməliyyatlarından biri də Füzuli şəhərinin işğaldan azad olunması idi. Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov qeyd edib ki, erməni qəsbkarlarının zülmü altında xarabaya çevrilən Füzuli şəhərinin azad olunması strateji əhəmiyyət daşıyırdı. Çünki əsası 1827-ci ildə qoyulan Füzuli şəhəri Qarabağın qapısı hesab edilirdi. Belə mühüm coğrafi mövqeyə malik şəhərin azad olunmasının böyük strateji əhəmiyyəti var idi. Buna görə də Füzuli uğrunda çox şiddətli döyüşlələrdə düşmən güclü müqavimət göstərsə belə, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını uğurla yerinə yetirdi. Deputat bildirib ki, Füzuli şəhəri uğrunda gedən döyüşlər ordumuzun Vətən müharibəsinin cənub-şərq cəbhəsində ən uğurlu və mühüm döyüşlərindən biri kimi yadda qaldı: "Füzuli əməliyyatı ordumuzun hərbi qüdrətini, peşəkarlığını bir daha təsdiqlədi və bütün dünyaya sübut etdi ki, heç bir qüvvə hərbçilərimizin işğalçılara qarşı yönəlmiş qələbə əzmini sarsıda bilməz. Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi Ordumuz yüksək peşəkarlıq, məharət, cəsarət, fədakarlıq göstərərək, otuz il ərzində yaradılan və bir çoxlarının "keçilməz" saydıqları istehkamları aşaraq qısa müddət ərzində rayonun əksər kəndlərini və Füzuli şəhərini düşməndən azad etdi. Şərəfli ordumuz Füzuli şəhərini azad etməklə Qarabağın incisi Şuşa şəhərinə doğru irəliləmək imkanı qazandı və bu uğurlu hərbi əməliyyat erməni qəsbkarlarının müqavimət əzmini, iradəsini qırdı. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək qaçmağa məcbur oldu. Beləliklə, Füzuli qəsbkarlardan təmizləndi. 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli rayonuna səfər etdilər. Dövlət başçımız tərəfindən bayrağımızın Füzulidə qaldırılması müasir tariximizin şanlı səhifələrindən biri kimi yadda qaldı. İşğal illərində düşmən vandalizminə məruz qalan Füzuli rayonunun şəhər və kəndləri, infrastrukturu, tarix-mədəniyyət abidələri düşmən tərəfindən amansızcasına talan olunaraq dağıdılıb. Ancaq bu gün Azərbaycan erməni işğalının izlərini silir, Füzuliyə həyat qayıdır, yol, energetika, su, nəqliyyat infrastrukturunun tikintisi işləri sürətlə davam edir. Prezident İlham Əliyevin bildirdiyi kimi, "Qarabağın hava qapısı" sayılan Füzuli Beynəlxalq Hava Limanı bu gün böyük təyyarələri qəbul edir. Füzuli şəhəri işğaldan azad edilmiş bütün ərazilər kimi dirçəlir, inkişaf edir, əsl sahiblərinə qucaq açıb. Deputat yekunda qeyd edib ki, bu gün şəhər gününü təntənəli şəkildə qeyd etdiyimiz Füzulidə xarabalıqlar yerində yeni həyat alovlanır və füzulililər bu əlamətdar günü el-obalarında firavan və xoşbəxt həyat yaşamaqla qeyd edirlər. Bu, tək füzulililərin yox, bütün Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan və qurucu Prezident İlham Əliyevə əbədi minnətdarlıq hissidir".
Milli Məclisin deputatı Bədəl Bədəlov qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsinin ən qanlı döyüşlərindən biri Füzuli şəhərinin azad olunması uğrunda gedib. Müzəffər Ali Baş Komandanın mükəmməl hərbi taktikası, qəhrəman ordumuzun şücaəti nəticəsində düşmənin onilliklərlə qurulan və "məğlubedilməzliyi" iddia olunan müdafiə səddi məhz bu döyüşlərdə yarıldı. Azərbaycan Ordusu düşmənin Füzulidə yüksək istehkam qurduğu mövqeləri darmadağın edərək peşəkarlığını nümayiş etdirdi: "Prezident İlham Əliyev 2023-cü il oktyabrın 17-də Füzuli Şəhəri Günündə bu şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə şəhidlərimizə dərin ehtiramını bir daha ifadə edib: "Bu gün bu bayram gününü qeyd edərkən, təbii ki, əziz şəhidlərimizin xatirəsinə hamımız bir daha öz dərin ehtiramımızı ifadə edirik. Mən iki gün əvvəl Xankəndinin əsas, mərkəzi meydanında xalqa müraciət edərkən demişdim ki, bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, insanlar doğma yurd-yuvalarına dönürlər. Azərbaycan dövlətinin heç bir kənar yardım olmadan, öz gücünə gördüyü işlərin miqyası həqiqətən də heyrət doğurmaya bilməz.
Böyük Qayıdış Proqramı çərçivəsində Füzulidə də yenidənqurma işləri sürətlə davam etdirilir. Şəhər ərazisində infrastruktur bərpa olunur, yaşayış binaları tikilir, kəndlər yenidən qurulur, həmçinin beynəlxalq hava limanı açılıb. Artıq Füzuli şəhər sakinlərinin bir qrupunun qayıdışı təmin edilib. Bundan sonra füzulililərin mərhələli şəkildə doğma yurda qayıdışı davam edəcək. Keçmiş köçkünlər böyük qürur və fəxarət hissi ilə şəhər günlərini dədə-baba torpaqlarında qeyd edəcəklər. Füzuli Şəhəri Günü onlara Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu tərəfindən verilən ən böyük hədiyyə olaraq qalacaq".
Onun sözlərinə görə, Qarabağda başlamış genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Füzuli şəhərində ilk beynəlxalq hava limanı tikilmişdir: "Dövlət başçısı Füzuli rayonunda 2026-cı ilin sonunadək 22 min insanın, bütövlükdə isə azad edilmiş ərazilərimizdə 140 min sakinin yaşayacağını söyləməklə, əslində, Azərbaycan dövlətinin qüdrətini bir daha ifadə etmiş oldu. Füzulinin, həmçinin digər tarixi torpaqlarımızın işğaldan azad olunmasında qətiyyət göstərən və buna nail olan cənab İlham Əliyev heç bir dövlətdən yardım almadan Qarabağ və Şərqi Zəngəzuru dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarına uyğun olaraq ən müasir yaşayış məskəninə çevirmək əzmindədir. Düşmənin xaraba qoyduğu bütün şəhər, qəsəbə və kəndlərimizin tezliklə nümunəvi abad yaşayış məskəninə çevrilməsi heç kimdə şübhə doğurmur.
Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa işlərinə bu ilin sonunadək 19 milyard manat vəsait ayırıb. Bu vəsait müxtəlif infrastrukturun bərpası, dağ-mədən sənayesinin inkişafı və digər sahələr üzrə layihələrə yönəldilib. İşğaldan azad edilmiş ərazilərdə şəhərlərin bərpası zamanı enerji səmərəliliyi məsələlərinə böyük diqqət yetirilir. Bu ərazilərdəki yeni yaşayış və inzibati binalar ən yüksək "yaşıl tikinti" standartlarına cavab verəcək. Günəş panelləri, intellektual enerji təchizatı sistemləri sıfırdan tətbiq olunacaq. Azad edilmiş ərazilər müasir, dayanıqlı və sabit şəhər mühitinin yaradılması üçün böyük potensiala malikdir. Bu, Azərbaycanın COP29-da sədrliyinin çoxsahəli fəaliyyət planının dayanıqlı və sağlam şəhərlərin yaradılması üzrə məqsədlərinə uyğundur".
Alim Hüseynli