Gəncəyə atılan raket Ermənistanın mənəvi iflasının göstəricisi idi- ÖZƏL

"Bu gün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından dörd il keçir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "17 oktyabr 2020-ci il tarixində Ermənistanın dinc sakinlərə qarşı törətdiyi amansız hücum, insanlıq adına ləkə olan bir hərbi cinayət idi. Bu hücum, Ermənistanın Cenevrə Konvensiyasını və beynəlxalq hüququ açıq şəkildə pozaraq, azərbaycanlıların iradəsini qırmaq cəhdinin sonuncu nümunəsi idi. Lakin düşmənin bu məkrli planı bir daha sübut etdi ki, Ermənistanın cinayətkar rəhbərliyi müharibə meydanında deyil, yalnız günahsız insanların qanını tökməklə var gücünü göstərir.
Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qaldı. Raket zərbələri nəticəsində 26 dinc sakin həlak oldu, 175 nəfər yaralandı, evlər və mülki obyektlər dağıldı. Lakin bu itkilər xalqımızın ruhunu sarsıda bilmədi. Azərbaycan xalqı bu çətin anlarda daha da birləşdi, yüksək vətənpərvərlik, qətiyyət və mübarizə əzmi nümayiş etdirərək, ordumuza dəstəyini əsirgəmədi. Biz heç vaxt düşmənin hərbi cinayətlərinə cavab olaraq eyni yolla getmədik - biz müharibəni ləyaqətlə, döyüş meydanında apardıq və ədalətli qələbəmizi təmin etdik. Gəncəyə atılan hər bir raket Ermənistanın məğlubiyyətini, mənəvi iflasını simvolizə edirdi.
Ermənistanın bu vəhşiliklərinə göz yuman beynəlxalq ictimaiyyət bu cinayətlərə görə Ermənistanı məsuliyyətə cəlb etməlidir. Vəhşət və zorakılığa səssiz qalmaq ədalətin susdurulması deməkdir.Terror qurbanlarının ruhu qarşısında baş əyirik. Onlar həmişə bizim ürəklərimizdə yaşayacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31