Qarabağ münaqişəsinin dönüş nöqtəsi- ÖZƏL
16 Oktyabr 2024 14:26 Siyasət"17 oktyabr 2020-ci il tarixi Azərbaycan xalqının şanlı qələbələrindən biri kimi yaddaşlara həkk olunub. Bu gün Qarabağ münaqişəsinin dönüş nöqtəsi, Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad etməsi yolunda qazandığı mühüm uğurlardan biri olan Füzuli şəhərinin azad edilməsi ilə əlaqədardır". "Olaylar" xəbər verir ki, bunu YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev deyib: "Füzuli, Qarabağın cənub-şərq hissəsində yerləşən və tarixi ilə dərin köklərə malik olan rayonlardan biridir. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində şəhər tamamilə dağıdılıb, sakinləri məcburi köçkün həyatı yaşamağa məcbur olublar. Lakin 2020-ci il Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu ərazilərin işğaldan azad edilməsi rayona yeni bir həyat və inkişaf dövrü gətirdi.
Füzuli şəhərinin strateji əhəmiyyəti böyükdür. Şəhərin coğrafi mövqeyi onu həm Qarabağ bölgəsi, həm də Azərbaycanın digər bölgələri üçün vacib nəqliyyat və iqtisadi mərkəzə çevirir. Füzulinin azad olunması Azərbaycan Ordusunun irəliləyişini sürətləndirən vacib addımlardan biri oldu. Şəhərin azad edilməsi ilə yanaşı, ətraf kəndlər də düşməndən təmizləndi və bu, Azərbaycan ordusunun Zəngilan, Qubadlı və nəhayət Şuşa istiqamətində uğurlu əməliyyatlar aparmasına zəmin yaratdı".