İşğaldan azad edilmiş rayonlarımız yeni inkişaf mərhələsinə qədəm qoyub- ÖZƏL
16 Oktyabr 2024 12:57 Siyasət"Füzulidə həyatın yenidən qurulması təkcə infrastruktur və iqtisadiyyatla məhdudlaşmır. Məcburi köçkünlərin doğma yurdlarına qayıtması, şəhərin və kəndlərin yenidən məskunlaşdırılması prosesinə start verilib. Bu da Füzulinin gələcəkdə həm sosial, həm də mədəni baxımdan yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaradır".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Azad olunmuş Füzuli rayonu həm də tarixi və təbiət turizmi üçün geniş potensiala malikdir. Qarabağın mədəniyyət irsi, o cümlədən qədim abidələr və təbii mənzərələr turistlər üçün cəlbedici olacaq. Füzulinin strateji mövqeyi, onu Qarabağın mərkəzi hissəsi üçün bir turizm qovşağına çevirmək potensialına sahibdir. Füzulinin yeni inkişaf dövrü Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bərpa prosesi ilə sıx bağlıdır. Bu rayon sosial-iqtisadi və strateji baxımdan ölkənin ərazi bütövlüyünün möhkəmləndirilməsi və bölgənin gələcək inkişafının əsas dayaqlarından biri kimi yüksəlişdədir".