Fransa bu ölkəni güc, zorakılıq vasitəsilə idarə etməkdədir- ÖZƏL

"Fransanın Karib hövzəsində yerləşən müstəmləkəsi Martinik adasında artıq sentyabr ayından etibarən ciddi etiraz aksiyaları baş verməkdədir. Təxminən 350 minlik əhaliyə malik olan adada insanlar küçələrə çıxmış, hava limanı, biznes infrastrukturları, dükanlar və digər qurumlara hücumlar həyata keçirərək onlarla dükanı yandırmış və bunun nəticəsində Martinikin bir neçə iri şəhərində həyat iflic vəziyyətinə düşmüşdür". 



Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Qeyd etmək lazımdır ki, bu etiraz aksiyalarının əsas səbəblərindən biri də Martinikdə tüğyan edən yüksək ərzaq qiymətləridir. Oradakı qiymətlər Fransa ilə müqayisədə 40 faiz daha artıqdır və bundan da yerli insanlar əziyyət çəkməkdədir. Martinikdə insanların sosial, iqtisadi vəziyyəti, onların rifahı çox ağır vəziyyətdədir. İşsizlik, inflyasiya və eyni zamanda da adanın demokratik idarə institutlarından məhrum olması əvvəl-axır ada əhalisini etiraz aksiyası qaldırmağa və Fransaya qarşı çıxmağa vadar etdi. Bu, Fransaya tabe olan ilk ada üsyanı deyildir. Bundan əvvəl biz bilirik ki, Yeni Kaledoniyada da oxşar etiraz aksiyaları baş vermişdi. Bunların da əsas səbəbi, Fransanın Yeni Kaledoniyaya qarşı müstəmləkə siyasəti yürütməsi, orada demokratik idarənin olmaması, insanların, ölkə iqtisadiyyatının istismar olunmasıdır. Eyni səbəbi Martiniklə bağlı dilə gətirə bilərik. Yəni həqiqətən də Martinikdə artıq uzun illərdir ki, Fransa hökuməti sözün əsl mənasında kolonializasiya siyasəti həyata keçirməkdədir. Ölkənin ticari gəlirlərinin böyük hissəsi Fransa dövlətinə getməyə davam edir və son nəticədə də xalq bundan əziyyət çəkir. Xalqa çatan isə cəmi qəpik-quruş olur. Eyni zamanda, Martinikdə demokratik idarədən əsər-əlamət qalmayıb. Fransa bu ölkəni güc, zorakılıq vasitəsilə idarə etməkdədir və sözsüz ki, yerli xalq da bundan narazıdır. Birmənalı şəkildə bu da insanların ayağa qalxmasına, Martinik xalqının öz haqlarını qorumasına və dekolonizasiya strategiyasının başlanmasını tələb etməsinə vadar etməkdədir. Bütün bunların fonunda xalqda günü-gündən azadlıq, Fransadan müstəqillik istəkləri artmaqdadır. Çünki insanlar özü də Fransa dövlətinin bu xalqı, dövləti istismar etdiyini, özünün neokolonial məqsədləri naminə bu adadan istifadə etdiyini anlamaqdadır. Bu, bir daha onu göstərir ki, Fransanın hazırkı daxili və xarici siyasətində ciddi dəyişikliklər həyata keçirilməlidir. Bu gün Fransa artıq beynəlxalq ictimaiyyətin nüfuza və müəyyən statusa malik olan ölkələr sırasında deyildir. Dünyanın müxtəlif regionlarında bir zamanlar malik olduğu təsir dairəsini itirməkdədir. İstər Afrikada, istər Cənub, Şərqi Asiyada və Karib hövzəsində Fransa artıq əvvəlki söz sahibi deyildir. Bu da ilk növbədə Fransanın neokolonial siyasəti, məkrli planları və yalnız müəyyən hakimiyyətin maraqlarına xidmət edən ambisiyalarından irəli gəlməkdədir". 

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31