Qərb bəhanələrlə Gürcüstana təzyiq etmək istəyir- ÖZƏL
16 Oktyabr 2024 11:29 Siyasət"Gürcüstanda keçirilən parlament seçkilərində Qərbin və bütün dünyanın marağı kifayət qədər böyükdür. Faktiki olaraq Güney Qafqazda Rusiya və Qərb arasında gedən nüfuz savaşında hal-hazırda iki ölkə xüsusi diqqət cəlb edir".
Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Bunlardan birincisi Ermənistan, ikincisi Gürcüstandır. Faktiki olaraq Qərb Güney Qafqaza Ermənistan üzərindən yerləşməyə çalışır. O cümlədən vaxtilə ciddi mövqelərə malik olduğu Gürcüstanda da öz mövqeyini qorumaq istəyir. Bu baxımdan hazırki Gürcüstan hökuməti ilə Qərb arasındakı münasibətlərdə kifayət qədər ciddi gərginliklər mövcuddur və Qərb bir çox məsələləri bəhanə edərək Gürcüstana təzyiq etmək istəyir. Gürcüstan dövləti də bu təzyiqlərin qarşısında hələlik müqavimət göstərir. 26-na qədər də çox müxtəlif ssenarilərin ola biləcəyi qeyd olunur. Gürcüstan hökuməti də hansısa seçkidən sonra küçə etirazları, yaxud meydan hərəkatı kimi məsələlərə də, yəni rəngli inqilaba da öz hazırlığını görməkdədir. Bu baxımdan Gürcüstandakı seçkilər Güney Qafqaz üçün kifayət qədər kritik önəm daşıyır".
Zeynəb Rzayeva