Siyasi mədəniyyət nümayişi
Sərdar Cəlaloğludan seçkilərdə məğlub olan siyasilərə mesaj
11 Oktyabr 2013 16:40 SiyasətOktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri bir sıra müsbət məqamları ilə yadda qaldı. Beynəlxalq müşahidəçilərin seçkinin nəticələrinə verdiyi qiymətdən tutmuş, seçkidə mübarizə aparan namizədlərin əksəriyyətinin İlham Əliyevi qələbə münasibətilə təbrik etməsinə qədər bütün məqamlar Azərbaycan seçicisi üçün bir yenilik oldu. Ona görə ki, indiyə qədər bütün məsələlərdə rəsmi Bakıya qarşı ikili standart nümayiş etdirən beynəlxalq təşkilat və qurumlar hər keçirilən seçkidən sonra eyni mövqedən çıxış edərək seçkilərin nəticələrini şübhə altına almaq istəyirdilər. Ancaq bu dəfəki seçkilərdə bu mənfi tendensiya müşahidə edilmədi. Belə ki, oktaybrən 9-da səsvermə prosesini izləyən, eləcə də ondan əvvəl Azərbaycanda uzunmüddətli missiya keçirən müşahidəçilərin əksəriyyəti 9 oktyabr seçkilərini azad və demokratik adlandırdı.
İkinci müsbət məqam, seçki mübarizəsinı qoşulan namizədlərin məğlubiyyəti etiraf edərək səslərin 84,55 faizini toplamış İlham Əliyevi təbrik etməsi oldu. Zahid Oruc, Qüdrət Həsənquliyev, Araz Əlizadə, Hafiz Hacıyev İlham Əliyevi qələbə münasibətilə təbrik edən namizədlər sırasında oldu. Sərdar Cəlaloğlu, İqbal Ağazadə isə seçkidə məğlub olduqlarını etiraf etdilər. Əgər əvvəlki seçkilərdə yalnız bir-iki namizəd belə bir etirafla çıxış edirdisə, bu dəfəki seçkilərdə İlham Əliyevlə mübarizə aparan namizədlərin böyük əksəriyyəti məğlub olduğunu söylədi. Bu öz-özlüyündə ölkədə siyasi mədəniyyətin formalaşması prosesinin intensiv xarakter aldığının göstərisi idi.
Oktyabrın 9-da keçirilən prezident seçkilərindən sonra müşahidə edilən daha bir yenilik isə seçkidə məğlubiyyətlə üzləşən siyasi liderin öz postundan istefa verməsi oldu. Bu Azərbaycanın siyasi tarixində qeydə alınan ən ciddi siyasi mədəniyyət idi ki, həmin addımı da məhz seçki mübarizəsində İlham Əliyevə məğlub olan, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu atdı. Mətbuatın da yaydığı xəbərə görə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu tutduğu postdan istefa verib. O, istefası ilə bağlı ərizəni partiyanın İcra Aparatına təqdim edib. Ərizədə bildirilir ki, 2005-ci ildə irəli sürdüyü konstruktiv müxalifətçilik kursu ölkə və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyinə görə özünü iflasa uğramış hesab edir: "2013-cü il prezident seçkilərindəki məğlubiyyətin bütün məsuliyyətini öz üzərimə götürürəm. Bunları nəzərə alaraq, ADP-nin üzv və tərəfdarlarının apardığı mübarizəyə kölgə salmamaq məqsədilə partiyanın sədri vəzifəsindən istefa vermək qərarına gəlmişəm. Xahiş edirəm ki, istefamı partiyanın nizamnaməsinə uyğun olaraq baxıb müvafiq qərar verəsiniz". Sərdar Cəlaloğlunun istefa ərizəsinə yaxın günlərdə ADP-nin İdarə Heyətinin növbəti iclasında baxılacaq və müvafiq qərar veriləcək. Burada bir məqamı da qeyd etmək yerinə düşər ki, ADP sədrinin atmış olduğu addım eyni zamanda bu və ya digər seçkilərdə iştirak edib uduzan digər müxalifət liderlərinə ünvanlanmış bir mesajdır.
Göründüyü kimi, 9 oktyabr seçkiləri Azərbaycan cəmiyyətinə daha bir yenilik nümayiş etdirdi. Əslində cəmiyyət belə bir siyasi mədəniyyəti çoxdan gözləyirdi. Son 20 ildə ölkədə keçirilən bu və ya digər seçkidə acı məğlubiyyətə düçar olan siyasi qüvvələr və onların liderlərini Azərbaycan cəmiyyəti hər zaman siyasi mədəniyyət nümayiş etdirib səhnədən çəkilməyə çağırsa da, xalqın istəyinə məhəl qoyulmurdu. Halbuki həmin liderlər hər addım başı xalqın adından danışmağa üstünlük verir, xalqdan alver predmeti kimi istifadə edirdi. Əslində bu dəfə də eyni proses təkrar olundu. Xalqın böyük əksəriyyətinin dəstəyinə malik olduqlarını iddia edən siyasilər bu dəfıki uğursuzluqdan da nəicə çıxarmayıb siyasi səhnəni tərk etmədilər. Bunun əvəzində isə analoji addımı ADP sədri Sərdar Cəlaloğlu atdı. Baxmayaraq ki, Sərdar Cəlaloğlu həmin siyasilər kimi dəfələrlə seçki mübarizəsinə qoşulub bu mübarizədən məğlub ayrılmayıb. Yalnız bir dəfə prezidentlik postu uğrunda mübarizəyə qoşulmuş Sərdar Cəlaloğlu buna baxmayaraq məğlubiyyət acısı ilə barışa bilmədi. Səmimi şəkildə uduzduğunu etiraf edən ADP sədri tutduğu postdan istefa verdiyini açıqladı. Əslində ADP sədri bu addımı atmaqla müxalifət düşərgəsində təmsil olunan digər partiyalar və onların liderlərinə bir nümunə göstərmiş oldu. Yəni, seçkidə hansısa uğur qazana bilməyən lider könüllü şəkildə bir kənara çəkilməli, yerini yeni simalar, gənclərə verməlidir. Qeyd etmək yerinə düşər ki, hər cümlənin əvvəlində beynəlxalq təcrübələrə istinad edən müxalifət liderləri nədənsə həmin təcrübəni öz üzərilərində təbiq etməyə həvəsli görünmürlər. Halbuki istənilən ölkədə seçkidə məğlub olan partiya lideri öz postunu təhvil verərək məğlubiyyətini etiraf edir. Necə ki, belə bir siyasi mədəniyyət ADP sədrinin timsalında digər partiyalara nümayiş etdirildi. Bəs görəsən Sərdar Cəlaloğlunun bu addımı müxalifət düşərgəsində necə qarşılanır və partiyaların bu məsələyə mövqeyi necədir?
Vətəndaş və İnkişaf Paryiyasının sədr müavini Ramil Hüseynov deyib ki, ADP sədrinin bu addımını musbət qiymətləndirmək lazımdı: "Neçə illərdir ki, bəzi siyasi liderlər müxalifəti monopoliyaya alıblar. Bu monopoliyanın isə millətə, dövlətə, eyni zamanda həmin partiyanın öz tərəfdarlarına heç bir xeyri olmayıb. Ancaq muəyyən dar çevrə bu monopoliyadan istifadə edib". VİP rəsmisi qeyd edib ki, analoji addımı digər muxalifət liderləri də atmalıdır: "Bu vəziyyətdən cixiş yollarindan biridir. Çünki o insanlar xalqın etimadını itiriblər". Ramil Hüseynovun sözlərinə görə, siyasi səhnəyə yeni nəsil gəlməlidir: "Həmin liderlər də yeni nəsilə dəstək verməlidir. Əgər həqiqətən bəyan etdikləri kimi dövlətimizin inkşafını istəyirlərsə bu addımı atmalıdırlar".
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev deyib ki, seçkilərdə məğlub olan liderin istefa verməsi siyasi praktikada normal addım sayılır: "Dünyanın bir çox ölkələrində seçkinin nəticələrinə görə məğlubiyyətə uğramış partiyanın rəhbəri istefaya gedir və ortaya yeni güc, qüvvə gəlir. Demokratik cəhətdən inkişaf etmiş ölkələrdə bu proses baş verir. Ancaq Azərbaycanda seçkinin nəticələrinə uyğun olaraq hansısa partiya sədrinin istefa verdiyini görməmişəm. Halbuki partiya sədrlərinin istefa verməsinə kifayət qədər səbəblər var". AMİP rəsmisinin sözlərinə görə, hansısa siyasi partiya illərlə zəif gücə malik olursa, ölkədəki siyasi proseslərdə fəallıq göstərmirsə və onun fəaliyyəti diqqət çəkmirsə həmin partiyanın nəinki sədri istefa verməli, hətta həmin siyasi qüvvə özünü buraxmalıdır: "Ümumiyyətlə, partiya sədrinin istefa verməsi normal hal sayılmalıdır".
Süleyman İsmayılbəyli