Xankəndidə bayrağımızın ucaldılması Ermənistan və onun havadarlarına mesajdır- ÖZƏL
15 Oktyabr 2024 13:55 Siyasət"Son dörd il ölkəmizin həyatında mühüm tarixi məqamlarla zəngindir. Ötən ilin sentyabr ayının 19-da cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənən əzəli torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajdır ki, bu torpaqların sahibi Azərbaycan xalqıdır". "Olaylar" xəbər verir ki, bunu YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov deyib: "Xalqımız burada əbədi olacaq. Bu reallıqları dövlət başçısı İlham Əliyev Xənkəndidən xalqa müraciətində qeyd edərək belə bir çağırışı da səsləndirdi: "Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın."
Cənab İlham Əliyevin vurğuladığı kimi, təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, dövlətimizlə haqlı olaraq fəxr edir. Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, övladıdır. Elə bir gənc nəsil yetişdirildi ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı şəhidlərimizə əbədi borcludur".