“Azərbaycan ATƏT-dən tamamilə imtina etməlidir” - AÇIQLAMA
Cümşüd Nuriyev: “Qurum Dağlıq Qarabağ faktorundan istifadə edərək Azərbaycandan maddi qazanclar əldə etməyə çalışır”
11 Oktyabr 2013 16:28 Siyasət"ATƏT həmişə istənilən halda Azərbaycana qarşı ikili mövqe tutub. Təşkilat rəsmiləri Bakıya gələndə bir söz deyib, İrəvada olarkən isə Azərbaycanda dediklərini təkzib edirlər. Çünki ATƏT "Xristian klubu"dur, həmin birlikdəki həmsədrlərin hamısı xristiandır". Politoloq Cümşüd Nuriyev "OLAYLAR"a açıqlamasında belə deyib. C.Nuriyev qeyd etdi ki, bir müddət əvvəl də parlament, prezident və digər səviyyələrdə Azərbaycanın ATƏT-in həmsədrliyindən imtina etməsi məsələsi gündəmə gəldi: "ATƏT də bunu nəzərə alaraq Azərbaycanda keçirilmiş demokratik seçkilərə böhtan atmağa çalışdı. Lakin təşkilatın Azərbaycana etdiyi həmlələr çox uğursuzdur. ATƏT öz iddiasını sübut etməlidir. Xalq təşkilatın iddialarını o zaman qəbul edərdi ki, ATƏT Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş, BMT-nin münaqişə ilə bağlı 4 qətnaməsinin icra olunmasını tələb etmiş olaydı. Sadəcə olaraq qurum Azərbaycan kimi "yağlı tikə"ni əldən vermək istəmir. Onlar elə başa düşürlər ki, onlar gəlib burada istədiklərini edəcəklər, başımıza oyun açmağa çalışacaq və millət də buna göz yumacaq. Millət göz yummadığı üçün çaşıblar. Buna qədər ATƏT Azərbaycanı Afrika ölkələri səviyyəsində görürdü, lakin birdən-birə xalqda böyük intellekti müşahidə etdilər. Həmin intellekt onları qorxudur. ATƏT buna görə də indən sonra da Dağlıq Qarabağ münaqişəsinin həll ilə məşğul olmayacaq, problemin həll olunmamış qalması onun maraqlarını tam qane edir. Əvvəlcədən də bilindiyi kimi Dağlıq Qarabağ probleminin açarı Moskvanın əlindədir, ortada Qərblik heç nə yoxdur. ATƏT sadəcə bundan istifadə edərək Azərbaycandan maddi qazanclar əldə etməyə çalışırlar. Bu mənada ATƏT-in Azərbaycandakı fəaliyyəti heç bir işə yaramır". ("OLAYLAR" İA)