Pezeşkianın Azərbaycanla münasibətlərə redaktələr gətirəcəyi gözlənilən idi- ÖZƏL

"İranda mərhum prezident İbrahim Rəisinin həlak olmasının ardınca seçilmiş Məsud Pezeşkian türk milli kimliyinin daşıyıcısı olduğundan dolayı, o, elə hakimiyyətə gəlməzdən öncə də verdiyi bəyanatlar etibarilə türk dünyası, özəlliklə Azərbaycanla münasibətlərə müəyyən redaktələr gətirəcəyi bizə məlum idi. Bilirsiniz ki, o, hətta millət vəkili olduğu dönəmdə də parlamentdə olduqca odlu-alovlu çıxışları ilə yadda qalıb". 

Bu fikirləri siyasi şərhçi Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında bildirib:

"İranın türk dövlətləri-Türkiyə ilə, Azərbaycanla siyasətinin olduqca yanlış aparılması ilə bağlı fikirlər səsləndirib və həmçinin də təbliğat-təşviqat kampaniyası zamanı, seçki öncəsi dönəmdə də biz Məsud Pezeşkianın dilindən də müvafiq istiqamətdə əlaqələrin inkişaf etdiriləcəyinə dair proqnozlar müşahidə olunmuşuq. Təbiidir ki, hakimiyyətə gəldikdən sonra da müxtəlif məqamlarda atdığı addımlar, türk, Azərbaycan dilində verdiyi müsahibələr, türk dilinə verdiyi önəmi büruzə verməsi, ifadə etməsi, bunların hər biri bizdə müvafiq istiqamətdə ümidlərimizin daha da artmasına səbəb olmuşdu. Elə ən son İran prezidenti Məsud Pezeşkianın Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Tehrandakı görüşündə də səsləndirdiyi maraqlı fikirlər yenə də eyni məzmunda dəyərləndirəcəyimiz ifadələrdir. Pezeşkian ifadə edir ki, Azərbaycanla bizi ortaq tarix, mədəniyyət birləşdirir və biz Azərbaycanla mütləq daha yaxın olmalıyıq. Təbiidir ki, bu ifadə doğru bir ifadədir və ən azından qonşu dövlətlərin normal sülh şəraitində münasibətlər qurmasını, əlaqələrin inkişaf etdirilməsinin nəinki o iki ölkəyə, bütövlükdə regiona fayda verəcəyini düşünməliyik. Və nəzərə almaq lazımdır ki, İranda bizim milyonlar yaşıyır və o soydaşlarımızın da sosial rifahları, digər məsələlər naminə bu əlaqələrin inkişafında elə Azərbaycan da hər zaman maraqlı olub. Amma təəssüflər olsun ki, biz hər zaman xarici əlaqələrdə tarazlaşdırılmış prinsiplərə önəm versək də və bu prinsipləri eyni zamanda, İrana yönəlik şamil etsək də, qarşı tərəfdən adekvat siyasətin yürüdülməsini bu günə qədər görə bilməmişik. Ancaq bu gün Pezeşkianın timsalında bu ümid çırağının yanması, düşünmək olar ki, əlaqələrin gələcək inkişafı naminə pozitivdir. Məsələnin bir digər tərəfi də ondan ibarətdir ki, Pezeşkianın dilindən müvafiq görüşdə bu əlaqələrin indiyə kimi normal səviyyədə olmamasının üçüncü tərəfə bağlanmasının şahidi ola bilirik. Ancaq burada bir yanlış məqam var. Çünki İranın indiyə qədər mövcud olan Azərbaycana yönəlik siyasətinin səbəbkarı heç də hansısa üçüncü bir qüvvə yox, məhz elə İranın daxilində olan antimilli, antitürk qüvvələri olub. Onların hansı güclər olduğu bizlər üçün məlumdur. Düşünürəm ki, elə ilk növbədə daxildən olan həmin qüvvələrə qarşı mübarizə aparılmalıdır ki, iki dövlət arasında münasibətlər də normal səviyyəyə keçid edə bilsin".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31