“Müxalifət liderləri istefa verməlidir” - Cümşüd Nuriyev
"Seçkidə iştirak edən müxaliflərin topladığı səs cəmisi 10% eləmir”
11 Oktyabr 2013 16:13 Siyasət"İlk növbədə Azərbaycan xalqını təbrik edirəm, İlham Əliyevi prezident seçkməklə insanlar düzgün seçim etdilər. Çünki İlham Əliyevin son 10 illik hakimiyyəti dövrü ərzində yürütdüyü siyasətə əsasən Azərbaycan dünya standartlarına uyğun dövlət olmaq üzrədir". Politoloq Cümşüd Nuriyev "OLAYLAR"a açıqlamasında belə deyib. C.Nuriyev hesab edir ki, BMT-nin 1992-ci ildə qəbul etdiyi "Dövlətin davamlı inkişaf indeksi" prinsipinə görə, Azərbaycan artıq iqtisadi dövlətdir, sosial və ekoloji dövlət olmaq üzrədir. Məhz həmin istiqamətdə prezident İlham Əliyev paralel islahatlar modelini tətbiq etməyə başlayıb. Bu model dünyada yeni praktika kimi qəbul edilir və dəstəklənir. Politoloqun sözlərinə görə, Azərbaycan xalqının intellekt səviyyəsi o qədər aşağı deyil ki, cümləsinin əvvəli və axırını bilməyən Cəmil Həsənlini prezident seçsin: "Müxalifət birinci dəfə xalqı 1992-ci ildə aldatdı. Müxalifət elə fikirləşirdi ki, insanlar yenə də həmin səviyyədədir. Cəmil Həsənli indən sonra 100 il yaşasa da Əbülfəz Elçibəyin imicinə düşə bilməyəcək. Digər tərəfdən Milli Şura namizədinin xarizması da yoxdur. Cəmil Həsənlinin prezident olması Azərbaycan xalqına edilmiş ən böyük təhqir olardı. Lakin xalq İlham Əliyevi prezident seçməklə nə qədər böyük olduğunu bir daha göstərdi. ATƏT isə verdiyi qərəzli bəyanatla Azərbaycanı cəzalandırmağa çalışır. Çünki İlham Əliyev ATƏT-in fəaliyyətinin yarıtmaz olduğunu gündəmə gətirdi. Şəhərin ən gözəl yerində ofisi olan və işçiləri böyük məbləğdə maaş alan ATƏT bu cür imtiyazlardan məhrum olmaq istəmir, ona görə də bu cür sərsəm bəyanat verir. Azərbaycana başqa cür təzyiq edə bilməyən ATƏT bu cür yolla dövlətə zərbə vurmaq istəyir. Təşkilatın gündəmində seçkiyə qarışmaq məsələsi yoxdur. ATƏT bu günədək ən elementar bir problemi belə həll edə bilməyib. Təşkilat yalnız müxalifətin dediyini təkrarlayır, lakin ATƏT bununla hər hansı bir uğur əldə edə bilməyəcək. Çünki artıq dünyanın aparıcı dövlətləri hələlik ilkin nəticələrə görə İlham Əliyevi təbrik ediblər və təbriklərin gəlməsi davam edir. Ona görə də ATƏT-in hansı bəyanatı səsləndirməsi əhəmiyyətli deyil. Əsas odur ki, xalq ona lazım olan insana səs verib, prezident seçdi. Müxalifəti debatlarda da başa salmaq olar. Sərdar Cəlaloğlu kimi digər müxalifət liderləri istefa verməlidirlər. Çünki seçkidə iştirak edən müxaliflərin topladığı səs cəmisi 10% eləmir. Demək ki, ölkə əhalisinin 10% müxalifətdədir. 85% (təxminən 3 milyon) İlham Əliyevə səs verirsə, demək ki, onun hakimiyyətdə qalması daha məqsədəuyğundur". ("OLAYLAR" İA)