MDB ölkələri ilə Azərbaycanın əlaqələrinin məzmunu xeyli zənginləşib- ÖZƏL

"Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaratdığı əlverişli və fayda verməyə yönəlmiş addımları Rusiya və digər MDB ölkələri ilə münasibətlərdə yeni keyfiyyət dəyişikliklərinə səbəb olub. Şimal-Cənub nəqliyyat dəhlizinin yeni potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən siyasət isə birbaşa rifah və iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edir. Həmin nəqliyyat arteriyasının bir hissəsinə çevrilə biləcək Zəngəzur dəhlizi isə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, eləcə də qardaş Türkiyə və türk dünyası üçün də yeni imkanlar aça bilər. Bu kontekstdə adıçəkilən layihələrin uğurla həyata keçirilməsi digər MDB ölkələri üçün də əlavə stimullar deməkdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov deyib: "Son dövrlərdə MDB ölkələri ilə Azərbaycanın əlaqələrinin məzmununu xeyli zənginləşib, əmtəə dövriyyələrinin həcmi və strukturu daha da genişlənib. Həmçinin birlik ölkələri ilə humanitar-mədəni əməkdaşlıq da keyfiyyətcə yeni səciyyə qazanmışdır. Bu humanitar platformanın qürurverici tablosu isə MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə Şərqi Zəngəzur iqtisadi rayonun və eləcə də regionun trans-kommunikası mərkəzlərindən biri olan Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsidir. Bu qərarın verilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqında böyük fərəh və qürur hissi doğurdu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31