Qarabağda müharibə başlana bilərmi?

Elxan Şahinoğlu: “Soçi olimpiadası ərəfəsində Ermənistan-Azərbaycan müharibəsinin başlanması mümkün deyil”

Vəfa Quluzadə: "Dağlıq Qarabağ münaqişəsinin həlli KTMT-ni maraqlandırmır"

2014-cü ilin fevral ayında - Soçi olimpiadası zamanı Qarabağda müharibə başlaya bilər. Bu iddia ilə Rusiyanın tanınmış politoloqu, Hərbi Politoloqlar Assosasiyasının eksperti Aleksandr Perençiyev çıxış edib. O, Qarabağda müharibəni real hesab etdiyini söyləyib: "Azərbaycan ordusu ermənilərlə müqayisədə qış hərbi kampaniyası zamanı özünü daha inamlı hiss edir. Əsas məqamlardan biri isə fevral ayında Rusiyanın əsas güc və vasitələri Soçi Olimpiadası iştirakçılarının təhlükəsizliyini təmin eləməyə yönələcəyidir. Bu isə Rusiya Silahlı Qüvvələrinə, Ermənistan-Azərbaycan hərbi konfliktinə operativ müdaxiləsini əngəlləyə bilər". Perençiyev hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli müharibəsiz mümkün olmayacaq.

Atlas Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu isə hesab edir ki, Pereniçyevin fikirləri tamamilə absurddur, çünki Soçidə olimpiadanın keçirilməsi vaxtı Qafqazda müharibənin başlaması Rusiyanı çox çətin vəziyyətdə qoya bilər. E.Şahinoğlu qeyd etdi ki, Azərbaycan tərəfi Rusiya ilə strateji tərəfdaşlığını gücləndirməyə çalışır: "Düzdür, Azərbaycan dəfələrlə bəyan edib ki, danışıqlar prosesi nəticə verməsə Azərbaycan güc yoluna üstünlük verəcək. Lakin bunun Soçi olimpiadası vaxtı baş verməsi inandırıcı deyil. Gürcüstanla Rusiya arasındakı müharibə Pekin olimpiadası vaxtı baş vermişdi və bu, Kremli ciddi şəkildə qıcıqlandırmışdı. Lakin Gürcüstandan fərqli olaraq Azərbaycan hakimiyyəti Rusiya rəhbərliyilə isti əlaqələrə sahibdir. Bu Perençiyevin təxribat xarakterli açıqlamasıdır. Digər tərəfdən Ermənistan da həmin ərəfədə heç vaxt başlamaz. Çünki Ermənistan Rusiyanın for-postudur, həmin vaxt regionda sabitliyin saxlanılmasına çalışacaq". Politoloq onu da bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bir qədər uzanır. Artıq nə hegemon dövlətlər, nə də ki, ATƏT bu istiqamətdə Ermənistana təzyiq etmək istəmirlər. E.Şahinoğlu regionda ikinci Ermənistan-Azərbaycan müharibəsinin başlanması ehtimalını aşağı qiymətləndirdi və qeyd etdi ki, Azərbaycan iqtisadi və siyasi potensialını daha da gücləndirməlidir ki, gələckdə öz şərtlərimizi Ermənistana diktə edə bilək.

***

Ermənistan Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan isə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli sülh yolu ilə mümkündür. İskəndəryana görə, problemin həlli tədircən mümkün olacaq. Erməni politoloq iddia edib ki, regionda ikinci Ermənistan-Azərbaycan müharibəsinin başlanacağı inandırıcı deyil: "Münaqişənin sülh yolu ilə həlli Gömrük Birliyindən yox, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) asılıdır. Həll prosesinin KTMT-ya yönəldilməsi ortaya müsbət nəticələr qoya bilər".

Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadə hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini öz öhdəliyinə götürməsi mümkün deyil. V.Quluzadə qeyd etdi ki, Aleksandr İskəndəryanın irəli sürdüyü təklifinin heç bir məntiqi əsası yoxdur: "Erməni politoloqlar boş-boş danışmaqdan, absurd təkliflər irəli sürməkdən başqa heç nə bilmirlər. Dağlıq Qarabağ münaqişəsinin həllini KTMT-yə vermək qeyri-mümkündür. KTMT də bu istiqamətdə heç bir nəticə ortaya qoya bilməz, ümumiyyətlə Dağlıq Qarabağ probleminin həll olunması bu təşkilatı maraqlandırmır. Öhtəliyi öz üzərinə götürsə belə problemin həlli ilə məşğul olmayacaq və olmaz. KTMT Rusiya deməkdir. Ona görə də İskəndəryanın açıqlması boş söz yığınından başqa heç nə deyil".

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00