ATƏT/DTİHB-nin qərəzli mövqeyi haradan qaynaqlanır?
Müşahidə missiyası neqativ hal axtarışına çıxıb
11 Oktyabr 2013 15:14 SiyasətATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb. Təəssüf ki, yenə də bu qurum öz ampulasından çıxış edərək heç bir həqiqətə sığışmayan ürəkbulandırıcı məqamları gündəmə gətirib. Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycanda keçirilən prezident seçkilərini 40 mindən çox müşahidəçi, o cümlədən 1400-dən artıq beynəlxalq müşahidəçi izləyib. Şübhəsiz ki, həmin müşahidəçilərin bir çoxu eyni seçki məntəqəsində missiyalarını yerinə yetiriblər. Belə məlum olur ki, digər müşahidəçilərdən fərqli olaraq yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyası qanunsuzluqlar aşkar edib. Məsələ orasındadır ki, bu qurumun irad tutduqları nöqsanlar konkret faktlara deyil, müxalifətin bəyanatlarına əsaslanır. Təbii ki, belə halda yoxlanılmamış, seçki prosesi zamanı aşkar edilməmiş məlumatların hesabata salınması qərəzli mövqe kimi qiymətləndirilməlidir. Məlumat üçün qeyd edək ki, sözügedən qurumun Azərbaycanla bağlı qərəzli hesabat yayması birinci dəfə deyil. Qurum hələ prezident seçkisi öncəsi 1 nömrəli aralıq hesabat yaymışdı və həmin hesabatda seçkilərə hazırlığın gedişatına dair bir sıra qərəzli fikirlər səsləndirilmişdi. Həmin hesabatda Azərbaycanda keçiriləcək prezident seçkilərində qadın namizədlərin irəli sürülməməsi irad tutulurdu. Ancaq nədənsə, Azərbaycanda qadınların parlament, hökumət və məhkəmə sistemində geniş təmsilçiliyindən söz açılmırdı. Digər tərəfdən, sual olunur, Avropa ölkələrinin hansında qadınların prezident seçkilərində mübarizəsinin şahidi olmuşuq? Təkcə bu fakt ATƏT/DTİHB-nin Azərbaycana qarşı daim qərəzli mövqedə olduğunu deməyə əsas verir. Baxmayaraq ki, Azərbaycan 2010-cu ildən bəri qurumun 17 tövsiyəsindən 12-ni qəbul edib. Azərbaycanda hələ 2000-ci ildə ATƏT/DTİHB-nin tövsiyələrinə tam uyğun olaraq parlamentdə təmsil olunan müxalifət və iqtidar partiyalarının paritet təmsilçiliyi əsasları ilə seçki komissiyaları formalaşıb. Lakin qurum bu kimi addımları təqdir etmək əvəzinə əsassız ittihamlar irəli sürməkdə davam edir. Etiraf edilməlidir ki, Azərbaycanın seçki sistemi, seçki qanunvericiliyi, seçki təcrübəsi artmaqda davam edir. Elə son prezident seçkilərində tətbiq edilən yeniliklər bunu bir daha təsdiq edir. QHT-lərin seçki prosesini izləməsinə şəraitin yaradılması, seçicilərin səsvermə hüquqlarının təminatı məqsədilə seçki prosesində qeydiyyatdan çıxma vərəqinin verilməsi, minə qədər seçki məntəqəsində veb-kameraların qurulması dünya ölkələri üçün bir nümunə hesab olunur. ATƏT/DTİHB bunu tədqir etmək, ən azından Azərbaycanda keçirilən prezident seçkilərini demokratiyaya doğru növbəti addım kimi qiymətləndirmək əvəzinə, öz ənənəsinə sadiq qalaraq neqativ hal axtarışına çıxıb.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı vurğulayıb ki, ATƏT-in seçkilərlə bağlı açıqlamaları obyektivlikdən uzaqdır: "ATƏT-in səsləndirdiyi fikirlər qərəzli, tamamilə həqiqətə uyğun deyil. Azərbaycanda 9 oktyabr normal seçki olub və şəffaflığın təmin olunması üçün seçicilərə, müşahidəçilərə, o cümlədən yerli və xarici KİV-lərə bütün şərait yaradılıb. Hər bir namizəd üçün bərabərhüquqlu prezident seçkilərində iştirakı təmin edilib və bütün şərait yaradılıb". Deputat söyləyib ki, ayrı-ayrı xarici müşahidəçi qruplarının seçkilərlə bağlı açıqlamalarında, 9 oktyabr prezident seçkilərində demokratik mühitin olduğu qeyd olunur: "Çox təəssüf edirəm, həm də təəccüblənirəm ki, bir tərəfdən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bu cür qərəzli yanaşmasına Azərbaycan vətəndaşı olaraq hiddətlənirəm. Onların konkret faktı olamadan Azərbaycan üzrə məntəqələri bölərək qanun pozuntusunun olmasının söyləməsi heç bir məntiqə uyğun deyil. Hesab edirik ki, tam məlumatlandıqdan sonra ATƏT-in müşahidə missiyasının seçkilərlə bağlı hər söylənilən bəndinə ayrıca fikrimizi bildirəcəyik. Ümumilikdə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının rəhbəri Michel Vousin açıqlaması ilə razı deyiləm. Bunu qərəzli sayıram, onlar Azərbaycandakı seçkilərə obyektiv yanaşmayıblar."
Sirr deyil ki, uzun əsrlərdən bəri böyük dövlətlərin nəzarətində olan qurumlar inkişaf etməkdə olan dövlətləri öz təsirləri altına salmaqda ötrü dəridən, qabıqdan çıxırlar. Çox təəssüf ki, müasir qlobal dünyada bu tendensiya daha da intensivləşib. Ancaq zaman onu diktə edir ki, beynəlxalq təşkilatlar ayrı-ayrı ölkələrə qarşı əsassız ittihamlar irəli sürməkdənsə, ədalətli mövqe tutsalar müşahidə missiyanın fəaliyyətinə ictimai etimadın artırılması baxımından faydalı olardı. Lakin görünən ondan ibarətdir ki, dünyanı idarəetmə iddiasında olan dövlətlərin təsiri altında olan beynəlxalq təşkilatlar müxtəlif dövlətləri hədəfə alaraq təxribat xarakterli layihələri reallaşdırır. Görünür, Azərbaycanın müstəqillik əldə etdikdən sonra sürətli inkişafı, ölkədə bərqərar olmuş ictimai-siyasi sabitlik, xalqın hakimiyyətə birmənalı dəstəyi bu araqarışdıran qüvvələrin nəzər diqqətindən qaçmayıb. Çünki mövcud vəziyyət ölkəmizdə öz siyasi və iqtisadi maraqlarını reallaşdırmaq istəyən xarici dairələri narahat edir. Birinci, onlar Azərbaycan kimi müsəlman bir dövlətin dünyada söz sahibi olmasından əndişələnir, ikincisi, belə iqtisadi potensiala malik ölkədə öz maraqlarını təmin etmək istəyini reallaşdırmağa çalışırlar.
Alim