“DTİHB-in təklikdə qalması və onun mövqeyinin ATƏT-in sədri və ATƏT-in seçki müşahidə missiyasının rəhbəri tərəfindən qəbul edilməməsi..”
Azay Quliyev: “Cənab Lenarçiçi ciddi şəkildə düşündürəcək”
11 Oktyabr 2013 13:29 Siyasət"Artıq bütün beynəlxalq təşkilatlar oktyabrın 9-da keçirilən president seçkilərinin yekunları ilə əlaqədar öz rəylərini açıqladılar. Təqdirəlayiq haldır ki, dünyanın bir çox ölkələrindən gələn qurumlar, xüsusilə AŞPA və Avropa Parlamenti seçkilərin azad, ədalətli və şəffaf şəkildə keçirildiyini və demokratik prinsiplərə cavab verdiyini bəyan etdilər". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Azay Quliyev bildirib ki, lakin ATƏT/DTIHB və ATƏT PA-nın adından açıqlanan ilkin rəy kifayət qədər mübahisəli və reallığı tam olaraq əks etdirmədiyindən ciddi narazılığa səbəb oldu: "Bu hesabata ilk etiraz edən ATƏT-in müşahidə missiyasının koordinatoru, ATƏT PA -nın üzvü cənab Mişel Vauzen oldu. Faktiki olaraq ATƏT/DTIHB və ATƏT PA fəaliyyətini əlaqələndirən şəxsin bu hesabatla razılaşmaması və seçkilərin şəffaf, azad və ədalətli keçməsini təsdiqləməsi, Avropa Parlamentinin və Avropa Şurasının seçki ilə bağlı qərarlarına qoşulması bir çox qaranlıq məsələlərə aydınlıq gətirdi. Bunun ardınca ATƏT-in fəaliyyətdə olan hazırkı sədri cənab Leonid Kojaranın da seçkilərin ATƏT-in və Avropa Şurasının tələblərinə uyğun keçirildiyini və bu istiqamətdə tərəqqinin əldə olunduğunu bildirməklə ATƏT/DTIHB mövqeyi ilə həmrəy olmadığını nümayiş etdirdi". Millət vəkilinin sözlərinə görə, bu siyahıya digər beynəlxalq təşkilatların da rəyini əlavə etsək, görərik ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun açıqladığı ilkin rəy hamı tərəfindən bir mənalı şəkildə rədd edilmiş oldu: "Güman edirəm ki, DTİHB-in təklikdə qalması və onun mövqeyinin yerli və beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in sədri və ATƏT-in seçki müşahidə missiyasının rəhbəri tərəfindən qəbul edilməməsi onun direktoru cənab Lenarçiçi ciddi şəkildə düşündürəcək.
Ümidvaram ki, ATƏT PA-nın oktyabrın 12-də Montenoqrada keçiriləcək büro iclasında və sonrakı günlərdə baş tutacaq payız sessiyasında büronun ünvanına deyilən iradlara əsaslandırılmış və məntiqi bir cavab almaq mümkün olacaq". OLAYLAR