Beynəlxalq müşahidəçilər: “Seçkilər azad, ədalətli və rəqabətli olub”
10 Oktyabr 2013 20:42 SiyasətAzərbaycanda 9 oktyabr tarixdə keçirilən prezident seçkilərini dünyanın bir sıra ölkələrinin nümayəndələri ilə yanaşı beynəlxalq təşkilatların müşahidəçiləri də izləyib. Məlumat üçün qeyd edək ki, beynəlxalq müşahidəçilər qısa və uzunmüddətli mexanizm əsasında fəaliyyət göstəriblər. Yəni, Azərbaycan hökumətinin dəvəti ilə təşrif buyurmuş beynəlxalq müşahidəçilər həm seçkiyə hazırlıq vəziyyətini, həm də biləvasitə seçki prosesini izləmək imkanı əldə ediblər. Nəhayət, seçkidən sonra yaranan təəssürat ondan ibarətdir ki, seçki prosesini izləyən beynəlxalq müşahidəçilər birmənalı olaraq Azərbaycanda həyata keçirilən seçki prosesindən çox şey öyrəndiklərini etiraf etmək məcburiyyətində qalıblar. Həmçinin Azərbaycanda keçirilən prezident seçkilərinin azad, ədalətli və demokratik şəraitdə başa çatdığını dilə gətiriblər. Azərbaycan vətəndaşı üçün maraqlı məqam ondan ibarətdir ki, eyni fikirləri həm MDB, həm Avropa, həm də beynəlxalq təşkilatların müşahidəçiləri bölüşüblər. Fikrimizi oxuculara faktlarla çatdırmaq məqsədilə müşahidəçilərin rəsmi açıqlamalarından statlar gətirmək yerinə düşərdi. Belə ki, Ukrayna Ali Radasının (parlament) müşahidə missiyasının Azərbaycanda keçirilmiş seçkilər zamanı müşahidələrin nəticələri üzrə bəyanatında deyilir ki, Azərbaycanda prezident seçkiləri azad, açıq, rəqabətli olub və hamı tərəfindən tanınan beynəlxalq normalara uyğun keçirilib. Bəyanatda bildirilir ki, seçkilər Azərbaycan Konstitusiyasına və ölkənin seçki qanunvericiliyinə uyğun keçirilib. Qeyd olunur ki, aparılan monitorinq zamanı səsvermənin nəticəsinə təsir gösətərə biləcək nöqsan aşkar edilməyib. Missiya seçki məntəqələrinin seçkilərin keçirilməsi və hazırlıq üzrə məqsədli və səmərəli işini qeyd edir və təsdiq edir ki, seçkilərin legitimliyini şübhə altına alacaq hər hansı fakt aşkarlanmayıb. Prezident seçkilərini izləmiş Baltik Assambleyasının nümayəndələri də oxşar bəyənatla çıxış ediblər. Baltik Assambleyasının rəhbəri, Latviya Seyminin deputatı Raymonds Veyonis keçirdiyi mətbuat konfransında bəyan edib ki, seçki məntəqələri Mərkəzi Seçki Komissiyasının tələbləri və beynəlxalq standartlara uyğun olaraq təchiz edilib, komissiyalar çox peşəkar işləyib. Bu da o deməkdir ki, onlar demokratik seçki prosesini təmin ediblər. O bildirib ki, məntəqələrdə bir sıra təşkilatların nümayəndələri - müstəqil müşahidəçilər, Azərbaycanın müxtəlif siyasi partiyalarından müşahidəçilər, həmçinin xarici müşahidəçilər olublar: "Müşahidələr zamanı hər hansı qeyri-qanuni təşviqat, seçicilərə təzyiq olmayıb, pozuntu qeydə alınmayıb. Azərbaycanda prezident seçkilərinin azad və müsbət keçdiyini hesab etmək olar".
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasından (QDİƏT PA) olan müşahidə missiyasının rəyi seçkilərin yüksək səviyyədə keçirilməsinə olan şübhələri aradan qaldırır. Belə ki, QDİƏT PA-dan olan müşahidə missiyasının Rusiya Dövlət Dumasından olan üzvü Saliya Murzabaliyeva bildirib ki, seçkilərdə yüksək seçici fəallığı Azərbaycanda yüksək vətəndaş aktivliyindən, vətənpərvərlik hisslərindən və vətənə sevgidən xəbər verir. Onun sözlərinə görə, ölkənin bütün əhalisinin bu gün aparılan siyasi kursu və ölkənin sonrakı inkişafını dəstəklədiyi aydınlaşır. Missiyanın Gürcüstan Parlamentindən olan üzvü Mixail Mançvariani bildirib ki, seçkilər yüksək səviyyədə təşkil edilib: "Bütün partiyaların nümayəndələri missiya ilə söhbət zamanı təsdiqləyirdilər ki, heç bir pozuntu olmayıb. Missiya Sumqayıt və Bakıdakı məntəqələrdə olub və müşahidəçilərə də seçkilərin müşahidə olunması ilə bağlı heç bir maneə olmayıb". Mançvarianinin sözlərinə görə, səsvermə prosesi zamanı pozuntular olmayıb və seçkilər yüksək səviyyədə keçirilib. Qeyd edək ki, çoxsaylı müşahidə missiyasının böyük əksəriyyəti öz açıqlamaları ilə Azərbaycanda keçirilən president seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyini təsdiq ediblər.
Alim