“ATƏT-in DTİH Bürosunun missiyası Azərbaycandakı seçkilərin nəticələrini tanıyır”

ATƏT-in qısamüddətli missiyasının rəhbəri Mişel Vuazen: “Nəticələr arasındakı fərq 4 faizdən çox ola bilməz. Bu, siyasi yox, texniki qeyddir”

"Seçicilərin fəallığı yüksək oldu"

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə ATƏT Parlament Assambleyası Azərbaycandakı seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Bununla bağlı keçirilən mətbuat konfransında ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen dedi ki, seçki yarışında 10 partiyanın iştirakı plüralizm nöqteyi-nəzərindən müsbət məqamdır: "Seçicilərin fəallığı da digər Avropa ölkələrində olduğu kimi yüksək idi. Bu, onu göstərir ki, insanlar nəticədə maraqlıdır".ATƏT PA-nın müşahidə missiyasının rəhbəri Doris Barnett isə ziyarət etdiyi 7 məntəqədəki pozitiv atmosferi və seçicilərin fəallığını qeyd etdi.ATƏT DTİHB-in uzunmüddətli müşahidə missiyasının Tana de Zulueta bəyan etdi ki, seçki təkcə səsvermə günündən ibarət deyil, ona görə də missiya 6 həftə ərzində seçkiqabağı vəziyyətin və seçki kampaniyasının gedişinin monitorinqini aparıb. Onun sözlərinə görə, seçkidən əvvəl baş verənlər seçkilərin atmosferinə ciddi təsir göstərir. O, ATƏT DTİHB-nin uzunmüddətli müşahidəçilərindən neqativ məqamlar eşitdiyini və bunun şəxsən öz təəssüratları ilə ziddiyyət təşkil etdiyini vurğuladı.  

ATƏT-in ilkin rəyində o da bildirilir ki, Mərkəzi Seçki Komissiyası (MSK) seçkilər üçün texniki hazırlıq işlərinin səmərəli şəkildə idarə olunmasını təşkil edib. MSK müşahidəçilər və mətbuat üçün açıq olan müntəzəm iclaslar keçirib, qərarlarını vaxtı-vaxtında dərc edib. Bununla belə, seçki komissiyalarının təşkili prinsipi hökumətyönlü qüvvələrə qərarların qəbul olunmasında "de-fakto" üstünlük verib. 

Qeyd edək ki, Azərbaycanda seçkiləri ATƏT DTİHB-nin 350-dək qısamüddətli və uzunmüddətli müşahidəçiləri izləyib. Seçkilər üzrə yekun hesabat seçki prosesinin başa çatmasından təxminən səkkiz həftə sonra hazır olacaq. ATƏT PA öz hesabatını Daimi Komitənin oktyabrın 13-də Budva şəhərində keçirilən toplantısında təqdim edəcək. İlkin rəy açıqlandıqdan sonra ATƏT təmsilçiləri jurnalistlərin suallarını cavablandırdılar.  Bir sıra media nümayəndələri ATƏT müşahidəçilərinə qonşu dövlətlərdə keçirilən seçkilər zamanı baş verən qanun pozuntularını, Ermənistanda prezidentliyə namizədin küçədə güllələnməsi faktını xatırladıb ATƏT təmsilçilərini məsələyə ikili standartlarla yanaşmaqda suçlandırdılar. 

"Nida"çılar mətbuat konfransında dava saldı

ATƏT-in rəyindən, müşahidə missiyasının üzvlərinin suallara verdikləri cavablardan narazı qalan bir sıra müxalif qəzet müxbirləri, müxalifətyönlü gənclər təşkilatlarının fəalları səs-küy salaraq mətbuat konfransını pozmağa cəhd etdilər. Müxalifətçilər rəyin və cavabların daha radikal olmasını gözləyirdilər. Moderatorun, mətbuat konfransına nəzarət edən əməkdaşların əsasən xarici radiostansiyaların, o cümlədən, "Azadlıq" radiosu, "Röyter" agentliyinin müxbirlərinə sual vermək üçün şərait yaratmaları da narazılıq doğurdu. Mətbuat konfransının pozulmasında "Nida" Gənclər Hərəkatının fəalları daha fəallıq göstərdilər.  Qeyd edək ki, "Nida"çılar arasında Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər də vardı. "Nida"çıların yaratdığı səs-küy ATƏT təmsilçilərini tədbiri yarımçıq qoymağa vadar etdi. Qonaqlar bir neçə dəfə xəbərdarlıq etsələr də, gənclər, müxalifətçi fəallar sakit olmadılar. ATƏT rəsmiləri mətbuat konfransının bağlamağa vadar oldular. Lakin təxminən 30 dəqiqəlik fasilədən sonra mətbuat konfransı davam etdi.

Mətbuat konfransının davamında ATƏT-in qısamüddətli missiyasının rəhbəri Mişel Vuazen bidlridi ki, təmsil etdiyi qurum seçkilərin nəticilərini tanıyır: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası Azərbaycandakı seçkilərin nəticələrini tanıyır. Başqa cür ola da bilməz, çünki bu, ölkənin suverenliyinə müdaxilə olardı". O, bildirdi ki, Azərbaycanda bir çox "exit-poll" keçirilib və onların hamısı demək olar ki, eyni nəticəni göstərib, ona görə də müşahidəçilərin bir sıra məntəqələrdə səslərin sayılması zamanı qeydə aldıqları pozuntulara baxmayaraq, nəticələr arasındakı fərq 4 faizdən çox ola bilməz. M. Vuazenin sözlərinə görə, bu, siyasi yox, texniki qeyddir.  Xatırladaq ki, ATƏT-in müşahidə missiyasının bəyanatında məntəqələrin 11%-də səsvermə zamanı pozuntular müşahidə olunduğu bildirilib.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00